Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

Azərbaycan və Pakistanın iqtisadi əlaqələri necə gəlişir?


Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış edirlər. 15 iyun 2023
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış edirlər. 15 iyun 2023

Son illər Pakistan və Azərbaycan arasındakı siyasi əlaqələr inkişaf edir. Ölkələr tez-tez bir-birini dəstəkləyən açıqlamalar verir, qarşılıqlı rəsmi səfərlər baş tutur. Bəs iki ölkə arasındakı iqtisadi əlaqələr də siyasi əlaqələr qədər gəlişirmi?

Artıq Pakistandan Azərbaycana gələnlərin sayında artım gözə çarpır. Rəsmi rəqəmlərə görə, bu il Pakistandan Azərbaycana 27 min nəfərə yaxın şəxs gəlib. Bu göstərici ilə Pakistan vətəndaşları Azərbaycana səfər edən ölkələr arasında 7-cidir. İlboyu Pakistana gedən azərbaycanlıların sayı isə cəmi 111 nəfərdir. Bu da var ki heç də bütün Pakistan vətəndaşları Azərbaycana səyahət üçün səfər etmir.

Pakistandan Azərbaycana səfərlərin artması AZAL-ı da hərəkətə keçirib. Şirkət 16 avqusta açıqlama yayıb ki, sentyabrın 20-dən başlayaraq Pakistana müntəzəm uçuşlar gerçəkləşəcək. Özü də hər biri həftədə iki dəfə olmaqla, Pakistanın üç şəhərinə birdən uçuşlar olacaq. Arzulayanlar və iş adamları Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçi şəhərlərinə gedə biləcək. İndiyədək Azərbaycana səfərləri Pakistan aviaşirkətləri təşkil edib. Bu ilin ilk 7 ayında Pakistandan Azərbaycana 58 reys gerçəkləşib.

Ticarət dövriyyəsi aşağıdır

Dövlətlər arasında iqtisadi əlaqələrin durumunu göstərən əsas göstərici ticarət dövriyyəsidir. Bu baxımdan bəlli olur ki, hazırda Azərbaycan və Pakistan arasında ticarət əlaqələri o qədər də gəlişməyib. Dövlət Gömrük Komitəsinin rəqəmlərinə görə, ilk yarımildə Azərbaycan və Pakistanın ticarət dövriyyəsi cəmi 13 milyon dollar olub. Bunun da əsas hissəsi Pakistanın payına düşüb. Belə ki, ilin ilk altı ayında Pakistan Azərbaycana 12 milyon dollarlıq, Azərbaycansa Pakistana cəmi 1 milyon dollarlıq məhsul göndərib. Müqayisə üçün: Pakistanla qonşuluqda yerləşən və münasibətlərin rəvan olmadığı, son dövrlərdə Ermənistana silah satması ilə də Azərbaycan rəsmilərinin tənqid hədəfinə tuş gələn Hindistanla Azərbaycanın ticarət dövriyyəsi 700 milyon dolları aşır. Bunun əsas səbəbi Hindistanın Azərbaycandan enerji məhsulları idxal etməsidir. Digər tərəfdən, Azərbaycan da Hindistandan ilk yarımildə 100 milyon dollardan çox dəyərdə məhsullar idxal edib. Hindistan Azərbaycanın ən çox ticarət etdiyi yeddinci ölkədir.

Azərbaycanın Pakistandan idxal etdiyi əsas məhsul kartofdur. İlin ilk yarısında Azərbaycan Pakistandan 3 milyon dollarlıq kartof gətirib. Bu, Azərbaycanın Pakistandan toplam idxalının 25 faizi deməkdir.

Azərbaycan Pakistandan təxminən 1 milyon dollar dəyərində də düyü idxal edib. Düyünün Pakistanın Azərbaycana ixracında böyük yer tutması səbəbsiz deyil, axı ötən ilin noyabrında Azərbaycanın Nazirlər Kabineti Pakistandan Azərbaycana düyü idxalını gömrük rüsumlarından azad etməklə bağlı qərar çıxarmışdı. Gömrük rüsumlarından azad olması Pakistan düyüsünun Azərbaycan bazarında rəqabət imkanlarını artırır.

Azərbaycanın Pakistana ixracı isə, demək olar, yalnız iki məhsuldan ibarətdir. Bu ilin altı ayında Azərbaycan Pakistana 567 min dollarlıq azot gübrələri, 382 min dollarlıq kerosin yanacağı ixrac edə bilib.

Ticarət əlaqələrinin artması üçün potensial varmı?

Bu ilin iyununda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfər etmişdi. Həmin səfər zamanı verilən açıqlamalarda iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı ilə də bağlı məqamlar gözə çarpır. Pakistanın hökumət başçısının açıqlamalarından bəlli olur ki, ölkə Azərbaycanla enerji sahəsindəki əməkdaşlığı artırmaq niyyətindədir. Bu baxımdan, Məhəmməd Şahbaz Şərif öz açıqlamasında bildirib ki, "Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizə çox baha başa gəlir. Ötən il bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Yəni əziz Qardaşım (Azərbaycanın dövlət başçısına üz tutur – red.), biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik".

Sözügedən səfərdən bir müddət sonra - iyulun 24-də Azərbaycan və Pakistan arasında LNG (maye qaz) tədarükünə dair saziş imzalanıb. Pakistanın Lahor şəhərində imzalanan saziş LNG-nin tədarükü ilə məşğul olan dövlət qurumu "Pakistan LNG Limited" (PLL) ilə Azərbaycanın SOCAR şirkəti arasında Baş nazir Şahbaz Şərifin iştirakı ilə imzalanıb. Sənədə əsasən, Azərbaycan Pakistana ildə 12 LNG tankeri tədarük edəcək. Bu müqavilənin müddəti bir ildir və onu daha bir il müddətinə uzatmaq olar.

Son illər hər iki ölkə biznesmenlərinin ölkələrə qarşılıqlı səfərləri və biznes forumlara qatılması da təşkil edilib. Bu səfərlərin əsas məqsədi biznesmenləri potensial investisiya imkanları ilə tanış etməkdir. Açıqlanan bilgilərdən pakistanlı sahibkarların Azərbaycanda əczaçılıq və bərpaolunan enerji sektoruna daha çox maraq göstərdiyi bilinib. Bu baxımdan ayın olur ki, hazırda Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi çox kiçik olsa da, qarşıdakı illərdə ciddi artımın baş vermək ehtimalı yüksəkdir.

XS
SM
MD
LG