Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 21:48

Evlərin təzəklə, yulğunla qızdırıldığı Dəllər kəndində zinə suları...


Saatlı rayonunun Dəllər kəndi, qrunt suları
Saatlı rayonunun Dəllər kəndi, qrunt suları

“Qışda sobada yanan təzəyin, yayda nohurda yığılıb qalan qrunt sularının iyinə dözmək olmur. Ağacımız quruyur, əknimiz məhsul vermir. Qaz biz tərəfə gəlib çıxmayıb, işıq da sönmək üçün bir mehin “him”inə bənddir. Telefon dirəkləri bir ucdan aşıb gedir. Hansını deyəsən?...”

Ağaclar kökdən yanır...

Saatlının Dəllər kəndinin sakini Əzizağa Cahangirov yaşayış məntəqələrinin bitib-tükənməyən problemləri barədə qısa xülasə verir. O, bizi əvvəlcə şəxsi təsərrüfatında saldığı bağ sahəsinə aparır. Burada tək-tək iri ağaclar gözə dəyir, qalanları təzə əkilib. Deyir nə qədər əlləşsə də, zəhməti hədər gedir:

Əzizağa Cahangirov, Saatlı rayonu Dəllər kəndi, 5 may 2018
Əzizağa Cahangirov, Saatlı rayonu Dəllər kəndi, 5 may 2018

“Qrunt sularının səviyyəsi o qədər yüksəlib ki, az qalır yerin üst qatına çıxa. Ağac bir az böyüyür, kökü gedib ona dəyəndə yanır. Hələ, bu bağda bir ağac yetişdirib barını yeməmişəm.”

Kənd adamlarının qulağı səsdə olur, burada xəbər tez yayılır. Çəkiliş apardığımızı görüb başımıza xeyli adam yığılır. Demə zinə suyu təkcə Əzizağa Cahangirovun qayğısı deyilmiş, onun həmkəndliləri də bundan əziyyət çəkdiklərini söyləyirlər. Onlar da xahiş edirlər ki, kəndin arxa hisəsindən axan şor kollektora baxaq. Yol boyu kənd sakinlərindən Zaur Qasımov bizə “sinəsi” quruyub ovulan söyüd ağacını göstərir:

“Baxın, yazıq ağac bitmək istəyir, budaqları yaşıldır. Amma şor su onun gövdəsini qurudub. Kənddəki çoxillik ağacların hamısı bu vəziyyətdədir.”

Gövdəsi quruyan Söyüd ağacı
Gövdəsi quruyan Söyüd ağacı

Şor sular yenidən əkin sahəsinə qayıdır

İçərisindən qamış boy verən kollektora çatırıq. Oradan belə isə kəndin pay torpaqları başlayır. Sakinlər deyirlər ki, bu kollektor şor suyun kənddən kənara çıxarılmasından ötrü çəkilib.

“Sovet hakimiyyəti illərində kollektor bu funksiyanı yerinə yetirə bilib. Amma indi tərsinə proses gedir- şor su kanalda yığılıb qaldığından onun zinəsi əkin sahələrini basır”- sakinlərdən Tofiq Cavadov bildirir.

Zaur Qasımov deyir ki, əvvəllər torpaqları münbit, əkinlərin məhsuldarlığı yüksək olub:

“Aqrar islahat aparılarkən (ötən əsrin 90-cı illəri-R) bu torpaqlar yüksək kateqoriya- 5 balla qiymətləndirilib. Mütəxəssislər, hökumət adamları gəlib baxsınlar, görsünlər indi bu yerlərdə vəziyyət necədir. Biz hər il sahəmizi əkirik. Amma özümüzü aldadırıq. Camaat torpaqan məhsul götürə bilmir. Təcili olaraq bizi bu çirkabdan qurtarmaq lazımdır.”

Əzizağa Cahangirov da problemlə bağlı aidiyyatı orqanlara etdiyi müraciətlərinin cavabsız, nəticəsiz qalmağından gileylənir:

“Dəfələrlə müraciət etmişik, çox yerə yazmışıq. Amma gəlib baxan, buna bir əncam çəkən yoxdur. Başqa ölkələr Marsla, Yupiterlə maraqlanır, bizim hökumət adi bir problemi həll edə bilmir.”

“Arpa səpmişəm, pişikquyruğu çıxıb”

Yavər Əmiraslanov, Saatlı rayonu, Dəllər kəndi, Azərbaycan, 5 may 2018
Yavər Əmiraslanov, Saatlı rayonu, Dəllər kəndi, Azərbaycan, 5 may 2018

​Yavər Əmiraslanovun 1 hektar 10 sot yerində dizədək yaşıl ot çıxıb. O, bu sahəyə payızda yonca və arpa toxumu səpdiyini, yaz girəndə isə torpaqdan başqa bitkilər çıxdığını deyir:

“Hamısı gərəksiz olan yabanı otlardı, onları heç mal-qara da yemir: pişpişə, pişikquyruğu, tikanlı qanqal... Bu il nə heyvanlarımızın quru otu, nə də toyuq-cücəmizin dəni olacaq.”

Kənd sakinlərindən Üzeyir Əvəzovun arpa səpdiyi sahə isə düzəngahdı. Şoran torpaqdan heç yabanı bitkilər də çıxmayıb. Tərəvəz sahəsində isə soğan və sarımsaqların “qulaqları” saralıb, kartof kollarının inkişafı dayanıb. 22 yaşlı gənc çəkdiyi zəhmət və xərcə heyfslənir:

“Toxum da batıb, əkin xərci də. Əkdiklərimizin heç birindən məhsul götürə bilməyəcəyik.”

Bəzi kəndlilər isə zinə sularına görə əkin sahələrinə texnika girə bilmədiyini deyir. Onların sözlərinə görə, yerin quruması üçün bir müddət kəndə suvarma suyunun verilməsi dayandırılır və yalvarırlar ki, yağış da yağmasın...

Qaz yox, işıq, su, telefon problemli...

Bu yerlərə hələ də təbii qaz gəlib çıxmayıb. Adamlar təzək, ən yaxşı halda isə yulğun ağacı yandırmaqla qışdan çıxdıqlarını deyirlər. Sakin Ağarza Rzayev kəndə elektrik enerjisinin verilməsində də tez-tez fasilələr yarandığını söyləyir:

Ağarza Rzayev, Saatlı rayonu Dəllər kəndi, 5 may 2018
Ağarza Rzayev, Saatlı rayonu Dəllər kəndi, 5 may 2018

“Naqillər ötən əsrin 60-cı illərində basdırılmış şalbanlara bağlanılıb, bəziləri isə adi ağac budaqlarına. Azacıq meh əsən kimi işığı söndürürlər. Bilirlər ki, dirəklər qəza vəziyyətindədir, naqillər dolaşıb yanacaq.”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə 2009-cu ildə Saatlının Dəllər kəndində sutəmizləyici qurğu quraşdırılıb və 11 bulaq yaradılıb. Bunun hesabına içməli su ilə bağlı problem qismən həll olunub. Amma bəzi sakinlər gileylənir ki, bulaqlar evlərindən az qala bir kilometr uzaq olduğundan bu sudan istifadə edə bilmirlər.

Sakin Sakit Əvəzov əhalinin təxminən yarısının kabel telefon və internetdən istifadə edə bilmədiyini söyləyir. Onun sözlərinə görə, yerli telekommunikasiya qovşağının işçiləri gəlib kənddə aşan dirəkləri və qırılmış xətləri də maşınlara yığıb aparıblar.

Şor su bəndə dirənib

Mil-Muğan Meşə Meliorasiya İdarəsinin rəisi Xanhüseyn Əhmədov Dəllər kəndində meliorasiya ilə bağlı ciddi problemin mövcudluğunu təsdiqləyir:

“Dəllər kəndi Kür-Araz ovalığının ən çökək yeridir. 2010-cu ildə Kür çayı daşanda orada 6 metr yarım hündürlükdə su dayanmışdı. Torpaqların münbitliyinin itirməsinin bir səbəbi elə budur. Burada toplanan qrunt suları kollektorla axıdılır. Şor suyun çaya axıdılması üçün əvvəllər boru olub. Fövqəladə Hallar Nazirliyi il yarım əvvəl bəndbərkitmə işləri görəndə, bu boruları ləğv etdi. İndi su nasoslarla çəkilib bəndin üstündən axıdılır. Hazırda orada cəmi 2 nasos işləyir, onlar da təlabatı tam ödəyə bilmir. İcra başçısı da, biz də müraciət etmişik ki, əlavə iki nasos verilsin. Yaxın zamanlarda bu problem öz həllini tapacaq.”

Dəllər bələdiyyəsinin sədri Ağabala Əvəzov isə mətbuat nümayəndəsi olduğumuzu bilən kimi danışa bilməyəcəyini söylədi.

XS
SM
MD
LG