Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 11:31

Azərbaycan sahibkarlarının arzuları


Astara rayonunda çəltik sahəsi
Astara rayonunda çəltik sahəsi

Astara rayonunda sahibkar Nadir Şərbətov deyir ki, son illər problemləri artıb. Onun bildirməsinə görə, qazancı azalıb, istehsalı genişləndirməkdən ötrü imkanları tükənir:

“ Prezidentin sahibkarlıqla bağlı fərman və tapşırıqlarına baxmayaraq yerlərdə bunun əksini görürük. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun-a ( 2015-ci ildə qəbul edilib və müddəti 2021-ci ilə qədər uzadılıb.AR) baxmayaraq rayonda bütün şirkətlərdə yoxlamalar gedir. Halbuki, sahibkar bütün vergiləri ödəyib. Əlavə nə vergi verməlidir? İdxalla məşğul olan sahibkarlar üçün problemlər yaradırlar.”

“Yuxarıdan deyirlər, aşağıdakılar isə buna əməl etmirlər”

Azərbaycan manatı
Azərbaycan manatı

Nadir Şərbətov hesab edir ki, sahibkarlıq fəaliyyətindən ötrü əlverişli şərait yaradılmalıdır:

“İndiki şərait əl vermir, kölgədir. Yuxarıdan deyirlər, aşağıdakılar isə buna əməl etmirlər. Gömrükdə problem var, vergini qabaqcadan istəyirlər. Mal satılmalıdır, qazanc götürülməlidir, sonra vergi verilməlidir. Tutaq ki, Astara gömrüyündən mal daxil olur. Həmin mal getməlidir Bakıya, sənədləşdirləndən sonra geri qayıtmalıdır. Bunlar hamısı əlavə xərclərdir. Bu xərc malın üstünə gəlir. Sonda alıcıya zərbə dəyir. İşimizi çətinləşdirir. Nə fərqi var Astarada, ya da Qubada sənədləşdirilir. Sonda gömrük ödəmələri Azərbaycan büdcəsinə gedir.”

“Rayonlarda sahibkarlıq etmək çox çətindir”

Sahibkarın deməsinə görə, onun mal dövriyyəsi ildən-ilə azalır:

“Rayonlarda sahibkarlıq etmək çox çətindir. Bizim qazancımız adamların alıcılıq qabiliyyətinə bağlıdır. Alıcılıq qabiliyyəti ildən-ilə aşağı düşür. Sahibkarlığın inkişafı ilə bağlı çoxlu qanunlarımız var. Bu qanunların işləmə mexanizmi zəifdir.”

“ Qanun müsbət nəticə verdi”

Başqa bir sahibkar Barat Həsənov isə vəziyyəti bir qədər fərqli dəyərləndirir:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun qəbul edilib. Müsbət nəticə verdi. Qanunsuz yoxlamalar dayandırlıdı. Müdaxilə əvvəlki kimi deyil.Bir vergi işçisi var idi, o sahibkarları gözümçıxdıya salmışdı. Nazirliyə müraciət etdik.Yoxladılar və məlum oldu ki, bu adam qanunsuz işlərlə məşğul olub. Onu işdən kənarlaşdırdılar. Vergimizi veirirk. Nə iş görürük, onun 2 faizini vergi veririk.”

“Narazılığımız banklardandır”

O deyir ki, bölgədə fəaliyyət göstərən sahibkarların ən böyük problemləri banklarla bağlıdır:

“Narazılığımız banklardandır. Banklar yüksək faiz alırlar, 29-30 faiz. Haradan gətirim verim? Sahibkarlığa Kömək Fondu da bizə yaxın gəlmir. İmkan yaratsınlar, banklar 10 faizə qədər alsınlar, onunla razıyıq. Elə banklar var ki, bütün borclarını faizlə birlikdə ödəyirsən, sonra görürsən ki, sahibkarı məhkəməyə verir, güya borcu qalıb. Məhkəmələr də bankın tərəfini saxlayır. Bankın verdiyi sənədə əsasən bizimlə rəftar edirlər. Dövlət nəzarəti olmalıdır. Bankdan arayış alırsan öhdəliyin yerinə yetirilməsi barədə, məhkəmə yenə onların tərəfini saxlayır.”

Onun sözlərinə görə bankların və məhkəmələrin sahibkarlarla davranışları narahatlıq doğurur:

“Bunların fikrincə, sahibkardırsa pulu var və haq-nahaq pul verməlidir. Məhkəmə hakimləri gözlərini yumurlar, bankların xeyrinə qərar çıxardırlar. Sahibkarı bu yolla məhv edirlər. Maraqlanan varsa gəlsinlər, sənədləri göstərim...Biyabırçılıqdır. Kimsə bunun qarşısını almalıdır.”

“Monopoliya var”

Fayiq Cəfərzadə
Fayiq Cəfərzadə

​Əvvəllər sahibkarlıqla məşğul olan Fayıq Cəfərzadə isə artıq, fəaliyyətini dayandırdığını deyir:

“Mümkün deyil. Monopoliya var. Gördüm qazanc qalmır, hər şeyi dayandırdım. İndi azca çəltik əkirəm. Elə ki, görürlər əlində bir az vəsait var, nəyin bahasına olursa-olsun başına daş salırlar. Müstəqil Azərbaycanın yaranmasından görün neçə il keçir?... Pul gərək iş adamında, sahibkarda ola. Sahibkara nə lazımdır? Sərfəli bank, rəqabətli bazar, müstəqil məhkəmə. Bunlar olmasa sahibkarlığın inkişafından danışmaq yersizdir.Vergi və gömrük ödəmələri də çoxdur”

Rəsmilər nə deyir?

Nazirlər Kabinetinin iclası, 9 oktyabr 2017
Nazirlər Kabinetinin iclası, 9 oktyabr 2017

Rəsmilər isə Azərbaycanda sahibkarlığın inkişafından ötrü bütün lazımı şəraitin yaradıldığını bildirirlər.

Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında isə bunları deyib:

“Sahibkarlara bundan sonra da dövlət öz dəstəyini göstərəcək. Bu günə qədər Sahibkarlığın İnkişafı Fonduna 2,2 milyard manat vəsait ayrılıb. Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il də kreditləşmə uğurla gedir, tələbat çoxdur. Bu, çox sevindirici haldır. Əminəm ki, Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti nəticəsində gələn il də ölkəmizdə minlərlə iş yeri yaradılacaq...”

XS
SM
MD
LG