Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 14:38

Azərbaycanda məzhəb savaşı körüklənə bilər?


Hacı Cavad məscidi
Hacı Cavad məscidi

«Lobelog» saytında təhlilçi Eldar Məmmədov bu suala cavab axtarır.

Müəllif iyulun əvvəlində iki azərbaycanlı deputatın – Qüdrət HəsənquliyevFazil Qəzənfəroğlunun İrana söz savaşı açmasından yazır. Onlar Tehranı Azərbaycanın daxili işlərinə qarışmaqda, Ermənistanı dəstəkləməkdə ittiham ediblər. Parlamentin İsraillə dostluq qrupunun rəhbəri Yevda Abramovsa deyib ki, İranın Azərbaycanı İsrailə sıx münasibətlərə görə tənqid etmək hüququ yoxdur, çünki özü Ermənistana iqtisadi yardım göstərir.

İrandan bu bəyanatlara cavab gecikməyib. Ərdəbil şəhərində ayətulla Seyed Hassan Ameli cümə moizəsində azərbaycanlı deputatları «İran xalqı və onun liderlərini» təhqir etmələrinə görə bərk tənqid edib. O, İranın Azərbaycanın Naxçıvan regionun təhlükəsizliyindəki rolundan danışıb.

***Buna da bax-Azərbaycan sünni ölkəsinəmi çevrilir?

«Azərbaycandakı kimi sərt idarə olunan siyasi sistemdə deputatların yuxarının, azından, səssiz razılığı olmadan İranla münasibətlər kimi mürəkkəb xarici siyasət məsələlərini körükləndirməsi heç inandırıcı görünmür», – müəllif yazır.

İKİBAŞLI ADDIMLAR

Eldar Məmmədov İrana qarşı belə sərt bəyanatların səbəbini hakim isteblişmentin yerli şiə oyunçuların güclənməsi sarıdan narahatlığında görür. Ölkə əhalisinin 70%-ni şiələrin təşkil etməsinə baxmayaraq, hökumət şiəliyi İranın idxalı sayır. Təhlilçinin fikrincə, dindarların sayı sürətlə artdığından, hakim elitanın əndişələnməyə əsası da var.

«Dünyəvi türk millətçiliyini önə çəkməklə siyasi müxalifəti uğurla zəiflədib… Bəzən liberal, qərbyönlü leksikona da əl atır. Ancaq İran sisteminin hər iki qanadı – respublikaçılıq və islamçılıq prezident İlham Əliyev administrasiyasının dünyəvi avtokratik idarəçiliyinə ziddir», – məqalədə deyilir.

Müəllif yazır ki, hökumət ikibaşlı yanaşmadan istifadə edir. Bir tərəfdən, Taleh Bağırov kimi «radikal ruhanilər»i təcrid edir. Digər tərəfdən, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli kimi populyar ruhaniləri önə çəkir, belələri yalnız ruhani boşluğu doldurmağa diqqət ayırırlar.

Taleh Bağırov
Taleh Bağırov

Ancaq bütün bu addımlar elə də uğurlu olmayıb. Məsələn, hökumət xaricdə təhsil almış imamların məscidlərdə moizə oxuması yasaqlayıb. Di gəl, özəlliklə də regionlarda bu qadağa gözardı olunur. «Qeyri-rəsmi» imamların populyarlığından narahat olan hökumət artıq birini, Cəlilabadda Hacı Sərdar Hacıhəsənlini həbs də etdirib. Amma ümumilikdə, təhlilçinin fikrincə, şiələrlə açıq qarşıdurmaya getməmək üçün buna göz yumulur.

***Buna da bax-QMİ: 'Mən müstəqil dövlətəm öz təqvimim var, özüm bilərəm'

İRAN MƏDƏNİYYƏT MƏRKƏZİ

«Bakıdakı İran Mədəniyyət Mərkəzi hökuməti daha bir rahatsız dilemmayla üz-üzə qoyub. İran səfirliyinin bir hissəsi olan bu mərkəzin diplomatik toxunulmazlığı var, İslam Respublikasının dini-ideoloji mesajını yayır. Əsas mövzuları anti-amerikanizm və Qərbin demokratiya ideyasına ümumi skeptik yanaşmadır. Mərkəzin xarizmatik azərbaycandilli ruhanisi Seyed Ali Akbar Ojaghnejad-ın xütbələri Bakıdakı şiə gənclər arasında getdikcə populyarlaşır. Amma hökumət bu fəaliyyətə görə Tehranı qarşısına almağa meylli deyil, hərdənbir, ikitərəfli münasibətlər soyuyanda Tehrana mesajını çatdırmaqdan ötrü Ojaghnejad-dan istifadə edir. O, İranda sərt xətt tərəfdarı olan ayətulla Mesbah-Yazdi-nin kürəkənidir», – məqalədə deyilir.

Yazıda hökumətin kadr qıtlığı yaşaması da vurğulanır. Sovet erasından qalmış ideoloji aparatçiklər sadə, emosional dildə danışan ruhanilərlə ayaqlaşa bilmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş başçısı Elşad İsgəndərov istisnaydı. Lakin dini qurumlar arasında inama əsaslanan münasibətlər qurmasına baxmayaraq, sonucda vəzifədən çıxarıldı. Dövlət mediası onu gah xomeyniçi, gah da Gülen-çi adlandırırdı.

Əbu-Bəkr məscidi
Əbu-Bəkr məscidi

PARÇALA VƏ HÖKM SÜR?

Təhlilçi qeyd edir ki, hökumətin tarixən sınanmış «parçala və hökm sür» siyasətinə əl atacağı, yəni məzhəb ayrılığı yarada biləcəyi riski var. Belə bir siyasət 1990-cı illərdə aparılıb. O zaman sünnilər, hətta sələfilər belə şiələrdən üstün tutulub. Ancaq o vaxtdan hakimiyyət balansı şiələrin xeyrinə dəyişib.

***Buna da bax-Sabir Həsənli: 'Heydər məscidində biz vəhdət namazına nail olmuşuq'

«İndi şiələrə balans yaratmaq üçün Əbu-Bəkr məscidinin yenidən açılması söhbəti var. Bir neçə il öncə bağlanmış məscid sələfilərin əsas ocağıydı. Bu məscidin imamı, Səudiyyədə təhsil almış Qamət Süleymanov bir neçə dəfə prezident İlham Əliyevin hakimiyyətini tanıdığını bəyan edəndən sonra hökumətin onunla işi olmadı.

Bakıdakı bəzi müşahidəçilər hətta narahatdırlar ki, hökumət Suriya və İraqda «İslam Dövləti» qruplaşmasının məğlubiyyətindən sonra ölkəyə qayıdan sələfiləri şiələrə qarşı qaldıra bilər», – yazan müəllif bunun ölkədən ötrü fəlakətli nəticələr gətirə biləcəyini vurğulayır.

TƏHLÜKƏ

İslam üzrə aparıcı ekspert olan Altay Göyüşov xəbərdarlıq edir ki, hazırda Azərbaycanda həm sünni, həm də şiə məzhəb siyasi islamçıların sayı əhalinin 20%-ni aşmır. Ancaq mümkün qarşıdurma daha çox adamın öz məzhəbinə uyğun olaraq onlara qoşulması, irimiqyaslı məzhəb savaşıyla sonuclanar ki, bu da proqnozlaşdırılmayan, sabitsizlik yaradacaq fəsadlar törədər.

Eldar Məmmədov Avropa Parlamentinin xarici işlər komitəsində sosial-demokratların siyasi müşaviridir. Ancaq məqalədə deyilənlərin Avropa Parlamentinin deyil, onun şəxsi fikirləri olduğu vurğulanır.

Hakimiyyət təmsilçilərindən məqalədə deyilənlərə, hələlik, münasibət açıqlanmayıb. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, eləcə də digər rəsmilər indiyədək mediaya müsahibələrində ölkədə məzhəb probleminin olmadığını, hansısa məzhəbin digərindən üstün tutulmadığını qabardıblar. Onlar məsələn, Heydər Məscidində sünni və şiələrin birgə namaz qılmasına – vəhdət namazına nail olduqlarını vurğulayırlar.

XS
SM
MD
LG