Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 18:09

Doğrudanmı Azərbaycan istəsə xarici borcunu bir həftəyə qaytarar? [video]


Azərbaycan xirtdəyə qədər borca girib?
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Azərbaycan xirtdəyə qədər borca girib? [A-Live]

Azərbaycanın xarici borcu gələcək nəsillər üçün problem yaradacaq həddədirmi?

Bu suala iqtidar bir, müxalifət başqa cavab verir. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycanın xarici borcunun səviyyəsi aşağıdır.

Hətta martın 16-da keçirilən qlobal Bakı forumunda prezident bildirib ki, Azərbaycan istəsə xarici borcunu bir həftəyə qaytarar:

“Xarici borcumuzun səviyyəsi olduqca aşağıdır – ümumi daxili məhsulun 20 faizi qədərdir. Bu da bugünkü dünya üçün bir az qeyri-adidir. Yəni, biz həmişə qazandığımızdan az xərcləməyə çalışmışıq və bizim xarici valyuta ehtiyatımız xarici borcumuzdan 5 dəfə artıqdır”.

Buna da bax:​ 'Son dövrlər hökumətin daxili borcları da sürətlə artır'

Maliyyə nazirliyinin məlumatına görə, Azərbaycanda xarici borcun həcmi təxminən 12 milyard manatdır.

Hərçənd, iqtisadçılar bir məqama diqqət çəkir – hökumət dövlət zəmanəti ilə alınmış şirkət kreditlərini bu siyahıya salmır. Məsələn, təkcə dövlət şirkəti SOCAR-ın borcu 8 milyard manata yaxındır. ReAl-ın icra katibi, iqtisadi təhlilçi ​ deyir ki, dövlət şirkətlərinin dövlət hesabına aldığı borcları da toplayanda Azərbaycanın xaricə qaytaracaqları ÜDM-in 60 faizi həcmindədir:

Natiq Cəfərli
Natiq Cəfərli

"Bu il büdcənin 12 faizi xarici borcların qaytarılmasına xərclənəcək. 700 milyon dollar əsas borc, 150 milyon dollar isə borclara hesablanan faizlərə görə ödənəcək. Digər tərəfdən, hökumət yenə sürətlə borclanır, cəmi 2 ildən sonra elə ÜDM qədər xarici borcumuz olacaq”.

Buna da bax:​ Azərbaycan 12 milyardlıq xarici borcun bir hissəsini bu il ödəyəcək

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyir ki, borcun təqribən 65 faizi ABŞ-ın nəzarətində olan beynəlxalq valyuta institutlarından alınıb.

Onun sözlərinə görə, ən çox borc enerji infrastrukturuna, xüsusilə də TAP və TANAP layihələri üçün alınır. Qubad İbadoğlu deyir ki, hazırda borclar minimal həddədir, amma getdikcə artacağı gözlənilir:

Qubad İbadoğlu
Qubad İbadoğlu

"Borclar ən azı 10 il müddətinə verilir və 10 ildən sonra onun qaytarılmasına başlanılır və belə olanda əlbəttə ki, gələcək nəsillər bu borcları qaytarmaq məcburiyyətində qalarsa, bu ciddi problemlər yarada bilər. Çünki gələcək nəsillər mən inanmıram ki, Dövlət Neft Fondunun ehtiyatlarından istifadə etsin. Yaxın 10 ildə Dövlət Neft Fondunun ehtiyatları tükənəcək və gələcək nəsillər borcları yalnız və yalnız əldə etdikləri xüsusi vəsait hesabına ödəyəcəklər".

Buna da bax:​ İqtisadçı: Ciddi islahatlar aparılmasa, 2-3 ilə Azərbaycan defolt ola bilər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli diqqəti bir məqamın üstünə çəkir, bildirir ki, “Cənub Qaz Dəhlizi”ni maliyyələşdirmək üçün dövlət 5,8 faizlə 1 milyard dollar borc alıb. Bundan əvvəl də 1 milyard dollar bahalı kredit almışdılar. İllik 7 faizlə, 10 il müddətinə.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli deyir ki, bu borcu beynəlxalq maliyyə institutlarından daha aşağı faizlə - təqribən 1 faizlə ala bilərdilər. Amma bu maliyyə institutları demokratikləşməni əsas tələb kimi qoyur deyə, hökumət yüksək faizlə borca girir:

“Hökumət islahat istəmir, şəffaflıq istəmir, vətəndaşları ilə öz kölələri kimi davranmaq istəyir və ona görə də ucuz kreditlər ala bilmir, bahalı kreditlərlə ölkəni daha ciddi böhrana aparır. İndi sual budur: nə qədər insan bilir ki, rejimin bizi daha sərbəst əzə bilməsi üçün də bu xalq milyardlarla dollar faiz ödəməli olacaq?”

Azərbaycan hakimiyyəti insan haqlarının pozulması ilə bağlı iddiaları əsasən rədd edirlər.

Buna da bax:​ 'İqtisadiyyat neft asılılığından azad olmadı'

Azərbaycan bu ay EITI – Mədən Sənayesində Beynəlxalq Şəffaflıq Təşəbbüsündən çıxdığını bildirib. Xarici maliyyə qurumları hansısa ölkəyə kredit verməyi nəzərdən keçirərkən bu təşkilatın rəyini də diqqətə alırlar. Müşahidəçilər bu qərarın nəticəsində ölkənin xaricdən kredit almasının daha da çətinləşdirəcəyini gözləyirlər.

XS
SM
MD
LG