Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:11

'Azersun' şəkər bazarından sıxışdırılırmı?


Qənd
Qənd

Bu ilin altı ayında Azərbaycana ötən ildəkindən 18 dəfə çox şəkər gətirilib və bazarı «doydurub». Nəticədə yerli müəssisələr həm istehsalı azaldıblar, həm də ixracı. Amma ekspert Nazim Bəydəmirli bunu gömrük qapılarının açılması nəticəsində «inhisar qalasının çökdürülməsi» kimi qiymətləndirmir. Onun sözlərinə görə, bir çox məhsulların idxalı hələ də inhisarçıların nəzarətindədir və mal onların formal icazəsi olmadan ölkəyə buraxılmır.

MDB-DƏN MAL GƏTİRƏNLƏR RÜSUMDAN AZADDIR

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında Azərbaycana 34.5 milyon dollar dəyərində 67 min 775 ton şəkər gətirilib. 2016-cı ildə bu göstərici vur-tut 3 min 636 ton olub. İdxalın əsas hissəsi Rusiyanın (51 min 219 ton), Belarusun (8 min 262 ton) və Ukraynanın (7 min 382 ton) payına düşür. Ekspertlər şəkərin məhz MDB ölkələrindən gətirilməsini bu ölkələr arasında ticarətin gömrük rüsumundan azad olmasıyla izah edirlər.

***Buna da bax- Əkin çoxalıb, bəs su?

Bu dövrdə Azərbaycandan 40 min 284 ton – ötən ilin altı ayındakından 11 min ton az şəkər ixrac olunub. İxracatdan gələn vəsait 3.3 milyon dollar azalıb.

İLHAM ƏLİYEV: «BİZ 200 MİLYON DOLLARA QƏNAƏT EDƏCƏYİK»

Dövlət Statistika Komitəsi birinci yarım illikdə 110.2 min ton şəkər və qənd istehsal olunduğunu, istehsalın 35 faiz düşdüyünü bildirir.

Prezident İlham Əliyev ölkədə şəkər çuğunduru əkilən torpaq sahələrinin iki dəfə artmasını İmişlidəki şəkər emalı zavodunun istehsalına dəstək, ölkədən valyutanın axınını qarşısını alan amil kimi qiymətləndirdiyini deyirdi. Dövlət başçısı bunu bu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dilə gətirmişdi:

«Hər il ölkədən təqribən 200 milyon dollar valyuta gedir ki, xam şəkər gətirilsin. Biz ona qənaət edəcəyik. Beləliklə, idxalımız daha da azalacaq, ixrac isə artacaq. Bu sahənin çox böyük perspektivləri var. Mən bunu da tapşırıq kimi verirəm».

***Buna da bax-Devalvasiya şəkər zavodunu da 'vurub'?

Hələlik ortada olan budur ki, şəkər qamışı idxalı azalsa da, onun yerini hazır şəkər tutmağa başlayıb. Təkcə bu ilin altı ayında xam şəkər və ağ şəkər idxalına görə ölkədən 70.7 milyon dollar valyuta çıxıb.

«İNHİSARÇILIQLA MÜBARİZƏDƏ VƏZİYYƏT DƏYİŞMƏYİB»

İqtisadçı Nazim Bəydəmirli deyir ki, kənar şəxslər şəkər bazarına buraxıla bilməz:

«Biznesmen dostlarım var. Mal gətirirlər, gömrükdə onlara deyirlər ki, get filankəsdən razılığını al, malı buraxaq. Digər tərəfdən, inhisarçıların ətrafında olan şirkətlər və fiziki şəxslər yeni vergi ödəyicisi kimi bazara daxil olurlar və yenə də inhisarçıların marağına xidmət edirlər. Yəni, inhisarçılıqla mübarizə sahəsində vəziyyət elə də ciddi şəkildə dəyişməyib».

İllik istehsal gücü 700 min ton olan şəkər zavodunun sahibi «Azersun Holding» şirkəti şəkər idxalı ilə bağlı yaranmış durumu AzadlıqRadiosuna şərh etməyib. Dövlət Gömrük Komitəsi isə idxal-ixrac əməliyyatları sahəsində hər-hansı inhisarçılıq və belə bir meylin himayə olunması ilə bağlı iddiaları rədd edir.

Azərbaycanda şəkər istehsal etmək və qablaşdırmaq üçün «Azərbaycan Şəkər İstehsalat Birliyi» MMC, «Qafqaz Ticarət» MMC (hər ikisi «Azersun Holdinq» MMC-nin törəmə şirkətidir), «Benkons Suppliers» MMC («Gilan Holding» MMC-nin törəmə şirkətidir), «Chrome-NB» MMC-yə və iki fiziki şəxsə uyğunluq sertifikatı verilib. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir.

XS
SM
MD
LG