Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:54

«AzTV işi» başlandı


Qulu Məhərrəmli
Qulu Məhərrəmli

-

AzTV-nin sədri Arif Alışanovla uzun illər bu telekanalda çalışmış telejurnalist Qulu Məhərrəmli arasında məhkəmə çəkişməsi başlayıb. Q.Məhərrəmlinin CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən Arif Alışanovun iddiası əsasında aprelin 1-də Yasamal Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Lakin A.Alışanov məhkəmədə özü iştirak etməyib, onu nümayəndəsi Zaur Abbasov təmsil edib.

Q.Məhərrəmli vəsatət qaldıraraq, Alışanovun özünün məhkəmədə iştirakını tələb edib: «Gəlsin, görək bu adam nədən zərər çəkib, məni nədə ittiham edir. Məni müsahibəyə görə məhkəməyə verib, mənim işim elə müsahibə verməkdir. Tələb edirəm, gəlib izah eləsin, görək mən onu necə təhqir eləmişəm, ümumiyyətlə, məni niyə məhkəməyə verib».

ÖZÜ GƏLMƏLİDİR...

Q.Məhərrəmlinin müdafiəçisi Cavid Rzazadə də Alışanovun iştirakının vacib olduğunu vurğulayıb: «Arif Alışanov şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edir. Şərəf və ləyaqət sırf şəxsin özünə aid məsələ olduğuna görə gəlib özü iştirak etməlidir».

AZTV rəhbərinin müdafiəçisi Zaur Abbasov bildirib ki, məhkəmə baxışında Alışanovun iştirakına zərurət yaranarsa, onu bu barədə məlumatlandıra bilər.

Hakim Azər Tağıyev Q.Məhərrəmlinin vəsatətinin əsaslı olduğu nəticəsinə gəlib. Hakim bildirib ki, şikayət fiziki şəxs tərəfindən verildiyinə görə özünün iştirakı zəruridir.

Növbəti məhkəmə iclasının vaxtı barədə tərəflərə məlumat veriləcək.

A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı bu ilin fevralında moderator.az-a verdiyi müsahibədən sonra yaranıb. «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədrini orada yer alan bəzi fikirlər narazı salıb.

XS
SM
MD
LG