Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 12:42

'Azərbaycanda küçədən keçən özünə sayt aça bilər, amma…'


İnternet senzura
İnternet senzura

«APA-nın 5-6 saytının nəyə görə bağlanmasının səbəbini tapa bilsəniz, onda «Freedom House»un Azərbaycanı «qismən azad» ölkələr sırasına salmasını şübhə altına salmaq olar. Buna cavab yoxdursa, onda nəyi şübhə altına salırıq? Təbii ki, Azərbaycanda internet, rəqəmsal media azad deyil», – Azərbaycan İnternet Forumunun üzvü Vahid Qasımov deyir.

Birləşmiş Ştatlarda mənzillənən «Freedom House» insan haqları təşkilatı «İnternetdə Azadlıq» hesabatını açıqlayıb. Hesabat 65 ölkədə internet və rəqəmsal media azadlığının dərəcəsini ölçüb. Azərbaycan bu qiymətləndirmədə 60-cı pilləni tutmaqla «azad olmayan» ölkələrlə «qismən azad» ölkələrin sərhədinə düşüb, hərçənd «qismən azad» ölkə hesab edilib.

V.Qasımov
V.Qasımov

Hesabat haqda danışan V.Qasımov təkcə son bir ildə ölkədə bir neçə resursa girişin məhdudlaşdırıldığını yada salır: «Bəzilərinə qoyulan məhdudiyyət götürülsə də, bəzilərində qalmaqdadır. Məsələn, MeydanTV-yə giriş hələ də mümkün deyil, «APA Holdinq»i bütünlükdə bağlayıblar. Aydın məsələdir ki, burda azadlıqdan söhbət gedə bilməz. Əlbəttə, bu, dövlət səviyyəsində atılan addımdır».

APA informasiya agentliyi bu ilin yayında prezident İlham Əliyevin çıxışında yanlışa yol verdiyinə görə üzrxahlıq etdikdən az sonra eyniadlı holdinqə daxil olan bir neçə sayt bağlanıb. Bir müddət sonra holdinq ona bağlı saytların və xəbər agentliyinin fəaliyyətini dayandırdığını bəyan edib. Bununla əlaqədar əlavə izahat verməyib. MeydanTV-nin, AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin və daha bir neçə informasiya orqanının saytına giriş isə ötən ildən qapadılıb. Baş Prokurorluq bu saytların dövlət təhlükəsizliyinə hədə yaratdığını iddia etsə də, məhkəmədə həmin arqumentlər əsaslandırılmayıb.

Bu cür hallara istinad edən V.Qasımov Azərbaycanın «nisbətən azad ölkə» sayılmasında təəccüblü nəsə görmür: «Nəyə görə pis gündə olan ölkələrlə bir sırada deyilik» deyə soruşsanız cavab verim ki, ölkədə ən azı, elektron resursların sayı 100-ü aşmaqdadır. Küçədən keçən özünə sayt aça bilər, amma belə deyək, orda səhv buraxmasa, onun işinə qarışan da olmayacaq».

Ə.Zeynallı
Ə.Zeynallı

Əvəz Zeynallı: «Kimsə deyəndə «internetin sürətini azaldın», dərhal azaldırlar»

«Xural» qəzetinin redaktoru Əvəz Zeynallı isə deyir ki, beynəlxalq qurum Azərbaycanı çox yaxşı qiymətləndirib. O iddia edir ki, internet və rəqəmsal medianın azadlığına görə Azərbaycan «qeyri-azad» ölkələr sırasında olmalıdır, nəinki «qismən azad». Redaktor fikrini bu sahədə «son dərəcə böyük» problemlər olması ilə əsaslandırır: «Biz bir media olaraq işləyə bilmirik, canlı yayımlarda problem var, istənilən an efiri, canlı yayımı vura bilirlər. İnternetin sürətinin aşağı olması da ayrıca problemdir».

Redaktor Ə.Zeynallı Azərbaycanda internetə nəzarət olunduğunu bildirir: «Bəzən Azərbaycanda ciddi hadisələr, çox önəmli tədbirlər olanda 3-4 gün internetin sürəti çox aşağı düşür. Sürət o qədər enir ki, biz hətta həmin hadisəylə bağlı çəkdiklərimizi internetə yükləmək problemi ilə qarşılaşırıq. Söhbət hətta internetin sürətinin çox yüksək olduğu yerlərdən gedir. Araşdırmalardan bəlli olur ki, bu, Azərbaycan hakimiyyətinin ölkədən informasiya çıxışının qarşısını almaq üçün gördüyü tədbirdir. İnternet tək əldən idarə olunur, yəni kimsə deyəndə ki, «internetin sürətini azaldın», dərhal azaldırlar, «artır» deyəndə artırırlar».

İnternetin sürəti sizi nə qədər qane edir?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

«Məhdudiyyət daha çoxdur»

Bu il iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında yaşanan qəzadan sonra ölkə saatlarla işıqsız qalmışdı. Bunun ardınca həmin sahədə daha bir qəza baş vermişdi. Eyni vaxtda Gəncənin icra hakimiyyətinin başçısı Elmir Vəliyevə silahlı hücum edilmiş, nəticədə o və polis əməkdaşı yaralanmışdı. Bu hadisənin ardınca hüquq-mühafizə orqanları ölkədə radikal qrupların dövlət çevrilişi hazırlaması haqda bəyanatlarla çıxış etdi, çoxsaylı həbslər aparıldı. O zaman bəzi saytlar və sosial şəbəkə istifadəçiləri rəsmi məlumatları şübhə altına aldılar, tənqidi fikir və iradlarını bölüşdülər. Az sonra bunun nəticəsi olaraq həmin saytlardan bir neçəsinə giriş bloklandı, bəzilərinə xəbərdarlıq edildi. Hətta onlarla sosial şəbəkə istifadəçisi ya həbs edildi, ya xəbərdarlıq olunaraq azad buraxıldı, hətta barəsində cinayət işi açılan da tapıldı.

V.Qasımovun sözlərinə görə, ölkədə bu cür fövqəladə hallarda saytların azad fəaliyyət göstərməsi mümkün deyil. Buna görə də beynəlxalq qurumun Azərbaycana verdiyi qiyməti düzgün qiymətləndirmə hesab edir.

«Bizim 60-cı pillədə olmağımız onu göstərir ki, məhdudiyyət daha çoxdur, nəinki azadlığımız», – deyə fikrini tamamlayır.

A.Quliyev
A.Quliyev

Mətbuat Şurasının üzvü: «Bu qiymətləndirmə şübhəylə qarşılanacaq»

Mətbuat Şurasının üzvü, «Bakı xəbər» qəzetinin redaktoru Aydın Quliyevsə deyilənlərlə razılaşmır. O, sözə ölkə əhalisinin 80 faizinin internet istifadəçisi olduğunu söyləməklə başlayır: «Gündəlik 3 milyondan çox adam sosial şəbəkədə fəal olur. Belə şəraitdə Azərbaycanın «qismən azad» ölkələr sırasına salınması, hətta 60-cı yerə qoyulması çox təəccüblüdür. «Freedom House»un bu qiymətləndirməsi mübahisə doğuracaq və şübhəylə qarşılanacaq. Təkrar deyirəm, 3 milyon adamın sosial şəbəkə, internet istifadəçisi olduğu ölkədə internet resurslarından, rəqəmsal mediadan istifadə imkanlarına görə «qismən azad» elan edilməsi olduqca mübahisəli və qeyri-real məsələdir».

Redaktorun fikrincə, bir neçə fakta görə bütün mənzərəyə «kəskin» qiymət vermək düz deyil. A.Quliyev APA-nın bağlanması haqda qərarı kollektivin və rəhbərliyin özünün verdiyini vurğulayır. O ki qaldı önəmli hadisələr zamanı internet mediaya xəbərdarlıqlar edilməsinə, o deyir: «Təkcə Gəncə hadisələri vaxtı yox, bir neçə il öncə Azərbaycan Ermənistan sərhədində baş verən hadisələrə görə də ölkənin milli təhlükəsizliyinə aid, dövlət sirri sayılan xəbərləri bilərəkdən, ya bilməyərəkdən yayan bəzi sayt rəhbərlərinə xəbərdarlıq edilmişdi. Onlarla bağlı qərarlar verilmişdi. Bütün bunlar ölkənin təhlükəsizliyi baxımından atılan addımlardır və bu, heç vaxt ölkədə rəqəmsal informasiya orqanlarının sıxışdırılması kimi yozulmamalıdır».

Azərbaycan rəsmiləri hər zaman ölkədə söz və ifadə azadlığının təmin olunduğunu bəyan edirlər.

«Freedom House»un hesabatında Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan 25 və 27-ci yerləri tutmaqla «azad» ölkələr hesab olunub.

XS
SM
MD
LG