Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 22:34

Ekspert: Quraqlıqda su ilk növbədə məmur təsərrüfatlarına verilir


26 iyun - Günün əsas xəbərləri
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

26 iyun - Günün əsas xəbərləri

2019-cu ilin iyununda son 20 ilin rekord istiləri müşahidə olunur. Bir yandan da havaların quraq keçməsinə görə, fermerlər əkin sahələrinin yanıb, məhv olmasından dad edirlər.

Onlardan biri, İmişlinin Yalavac kənd sakini, fermer Rafiq Behtullayev cadar olmuş torpaqlarını göstərib deyir ki, 2 hektar ərazidə əkdiyi taxıl, yonca susuzluq ucbatından məhv olub, gedib:

“Baxın, torpaqlarda görün necə çatlar əmələ gəlib, əl girir. Bütün məhsul yanıb gedib. Su üstdə davadır. O deyir mən suvarmalıyam, o biri deyir mən. 50 hektar əraziyə verilən su bax budur. Görün bununla 50 hektar ərazini suvarmaq olar? Bu su ilə ancaq bir-iki heyvan su içər, bir də əl yumaq olar. Hələ təsəvvür edin bu suyun ən yaxşı verilən vaxtıdır”.

Rafiq Behtullayev deyir ki, 3 hektar 75 sot pay toprağı var, su ilə bağlı son 3 ildə durum çox pisləşib. Onun sözlərinə görə, yuxarı kəndlərdə suyun qabağını kəsib, böyük təsərrüfatlara yönəldirlər. Aşağıda onun kimi adi fermerlərin də məhsulu susuzluq ucbatından gözlərinin önündəcə, məhv olur.

Rafiq Behtullayev deyir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət edib, dərdinə əlac aramağa çalışıb. Amma səsinə hay verən olmayıb.

Əhmədzadə məqalə yazıb

Meliorasiya və Su Təsərrüfatı Cəmiyyəti isə suvarma probleminin həlli ilə bağlı ciddi işlər gördüyünü bəyan edir. Bu qurumun sədri Əhməd Əhmədzadənin mayın 9-da Milli Məclisin rəsmi “Azərbaycan qəzeti”ndə suvarma ilə bağlı geniş məqaləsi dərc olunub. O yazır:

“2017-ci ildə aparılan yenidənqurma və tikinti işlərindən sonra 103 min hektar əraziyə suvarma suyu çatıdırılıb. Araz çayının 54,2 km uzunluğunda yeni qol-kanalının beton üzlüyə alınması işləri 2018-ci ildə tamamlanıb. Əlavə olaraq 13 min 145 hektar yeni əraziyə suvarma suyu çatdırılıb”.

Əhməd Əhmədzadə deyib ki, İmişli və Biləsuvarda əkin sahələrinin su təminatını yaxşılaşdırmaq üçün 37 km uzunluğunda paylacı kanalların tikintisi davam edir. Ümumilikdə 2017-ci ildə yenidənqurma və tikinti işləri hesabına hardasa 103 min hektar sahədə torpaqlara suvarma suyu çatdırılıb.

Meliorasiya və Su Təsərrüfatı Cəmiyyəti isə öz məlumatlarında bildirir ki, bütün fermerlər bərabər şərtlər alında suvarma suyu ilə təmin olunur. Su çatışmazlığı olan ərazilərdə işlər aparılır.

Su məsələsində ayrı-seçkiçilik var

İqtisadi Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı üzrə eksperti Vahid Məhərrəmov deyir ki, onların araşdırmasına görə suvarma üçün su qıtlığı əsasən Aran rayonlarında, yay aylarında isə dağlıq rayonlarda da yaşanır. Onun fikrincə, problem suvarma suyu üçün ayrılan pulların mənimsənilməsindən qaynaqlanır. Bundan başqa su ədalətli paylanmır:

“Daha çox su məmurların böyük fermer təsərüfatlarına verilir. Adi fermer isə vaxtlı-vaxtında su ilə təmin olunmur. Əslində bu problemini çözmək elə də böyük maliyyə vəsaiti, elə də böyük iş tələb etmir. Ölkənin su ehtiyatlarından vahid suvarma sistemi yaratmaqla idarə etmək mümkündür. Daha sonra su düzgün idarə oluna, bütün təsərrüfatlara ədalətli çatdırılarsa, problem qısa zamanda çözülər”.

Vahid Məhərrəmov deyir ki, Azərbaycanda kifayət qədər su ehtiyatı var. Amma hələ də sovetdənqalma sistemdən istifadə olunur, su nasosları sıradan çıxıb, kanallarda sızmalar var.

Suvarma problemini tək fermerlər və ekspertlər deyil rəsmilərin özləri də dilə gətirirlər.

Su olmayandan sonra...

Mayın 20-də Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev kənd təsərrüfatı naziri İnam Kərimovun qəbulunda deyib ki, rayonun əsas problemi suvarma suyunun çatışmazlığıdır.

Həmin görüşdə mineral gübrə, dərman, texnika təminatı və aqrar sahənin kreditləşdirilməsi ilə bağlı problemlərə toxunulub.

Problemləri dinləyən nazir İnam Kərimov deyib ki, bu cür görüşlərin keçirilməsindən məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir. O bildirib ki, qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlər barədə fermerlərin məlumatlandırılacaq.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin fikirlərini də öyrənib:

Sizcə, hökumətin kənd təsərrüfatı siyasəti nə dərəcədə uğurludur?
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Prezident İlham Əliyev iki il öncə, 2017-ci ildə Nazirlər Kabinetinin iclasında istifadəsiz torpaqların geri alınacağı haqda xəbərdarlıq etmişdi.

Şəmkirdən olan fermer Şahin Nəcəfov isə sual edir ki, indi o torpaqda əkin aparıb, digəl susuzluq ucbatından məshulu yanıb. Bəs, bunun cəriməsini kim ödəyəcək?

O, öz Facebook hesabında yazır ki, su olmayandan sonra yeni sort toxumun, yeni texnikanın, yeni texnologiyanın tətbiqi, gübrəyə və yanaçağa dövlətin etdiyi güzəştin heç bir faydası da olmur.

Müstəqil ekspertlər isə bildirirlər ki, hökumət bu problemi vaxtında çözməsə, kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıya qoyduğu hədəfə çata bilməyəcək.

XS
SM
MD
LG