Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:57

Bağça müdiri məhkəmə zalından həbs olundu


Uşaq bağçası
Uşaq bağçası

Bakıda Yasamal rayonu, Əhməd Cəmil küçəsində çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən «Safay» uşaq bağçasının müdiri Tərlan Bağırova məhkəmə zalından həbs olunub. Bu, noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Bir aya yaxındır bu məhkəmədə T.Bağırovanın, onun müavini Aləmzar Əliyevanın və bağçanın daha bir işçisi Azər Əliyevin mühakiməsi başlayıb. Onlar dələduzluqda suçlanırlar. Təqsirləndirilən şəxslərdən yalnız A.Əliyeva həbsdəydi, digər ikisi haqqında isə ev dustaqlığı-qətimkan tədbiri seçilmişdi.

Cinayət işinin materiallarında yazılıb ki, onlar müxtəlif adamlardan işə düzəltmək adıyla pul alıblar, lakin nə işi düzəldiblər, nə də pulu qaytarıblar. İş yeri də uşaq bağçası olmalıymış. Adamlara söz verilib ki, Bakının «Şamaxinka» adlanan ərazisində yeni uşaq bağçası açılır, onlar da oranın işçisi olacaqlar.

«Geyinin, bağçanın açılışına gəlin...»

İttihama əsasən, T.Bağırova və A.Əliyeva işə düzəltmək vədiylə pul alınan qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini tapşırıb. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.

Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Cinayət işində 19 zərərçəkən var. İddiaya görə, onların hər birindən 2500-3500 manat pul alınıb.

İndi pullarını tələb edən zərərçəkənlər ziyanın ödənilməsi üçün məhkəmədə mülki iddialar da qaldırıblar. Onlar pulları əsasən müdir T.Bağırova və müavini A.Əliyevaya verdiklərini deyirlər.

Müdir müavini də zərərçəkənlərin bir neçəsindən pul aldığını təsdiqləyir. Həmin pulları da müdirə verdiyini söyləyir. A.Əliyeva zərərçəkmişlərin bəzilərindən isə ümumiyyətlə, pul almadığını deyir. O, əleyhinə olan ifadələrə görə də keçmiş müdirini günahlandırır. Bildirir ki, zərərçəkmişlər T.Bağırovanın istəyi ilə pulu ona vermələri barədə ifadə veriblər.

«Deyirdi, direktor heç kimdir, mənim sözüm keçir»

Zərərçəkmişlər isə bunu qəbul etmir. Deyirlər ki, bağçada A.Əliyeva özünü həmişə müdirdən üstün tuturdu: «Deyirdi ki, direktor heç kimdir, burada mənim sözüm keçir...».

Ötən məhkəmə iclasında təqsirləndirilən T.Bağırova prosesə gecikmişdi. Səbəb kimi isə məhkəmə iclasının vaxtını yaddan çıxarmasını göstərmişdi. Noyabrın 5-də hakim onun haqqında ev dustaqlığı-qətimkan tədbirini ləğv edib, həbs olunması barədə qərarı elan edərkən bunu T.Bağırovanın məhkəmədən yayınmasıyla əsaslandırıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) və 178.2.2 (təkrar dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Cinayət Məcəlləsində bir qrup şəxs tərəfindən təkrar dələduzluğa görə 5 ildən 10 ilə qədər, bir qrup şəxs tərəfindən rüşvət almaya görə isə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

XS
SM
MD
LG