Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:58

Baş redaktor saxlanıb


P.Aslanov
P.Aslanov

Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov saxlanıb.

Bu barədə bu gün, iyunun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, baş redaktor dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanıb.

«Müəyyən edilmişdir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirmiş, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib», - açıqlamada yazılıb.

DTX-nın iddiasına görə, o, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb. «Onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılmışdır», - DTX iddia edir.

Qurum habelə vurğulayıb ki, P.Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib: «İstintaq zamanı Polad Aslanovun Azərbaycan dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilmiş, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar vermişdir».

DTX
DTX

DTX bildirir ki, P.Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib: «Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir».

Qeyd edilən ittiham üzrə şəxsə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası verilə bilər.

Bu açıqlamaya, hələlik, P.Aslanovdan, onun vəkili və ya yaxınlarından münasibət almaq mümkün olmayıb.

Amma dünən, iyunun 12-də hüquq müdafiəçisi Oqtay Gülalıyev də belə bir açıqlama yaymışdı ki, xeberman.com saytının baş redaktoru P.Aslanov ölkədən çıxarkən sərhəddə saxlanılıb: «Evində axtarış aparılıb, telefon və kompüteri müsadirə olunub. Hazırda onunla və ailəsi ilə əlaqə saxlaya bilmirik».

«Hətta qayınanamgilin evində də axtarış apardılar»

P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova da AzadlıqRadiosuna açıqlamasında ərinin saxlandığını təsdiq edib. Onun bildirdiyinə görə, iyunun 12-də səhər saat 11:00 radələrində Biləsuvar sərhəd-buraxılış məntəqəsində saxlanıblar. G.Aslanova vurğulayıb ki, həmin vaxt azyaşlı qızları da onların yanında olub: «Pasport yoxlanışında bizə sistemdə problem olduğunu bildirdilər. Bir neçə dəqiqə sonra bizi təkrar yoxlama otağına saldılar. Telefonlarımızı zorla əlimizdən aldılar. Səbəbi soruşduq, zorla məni otaqdan çıxartdılar, Poladı saxladılar. Təxminən saat yarım sonra DTX-nın Biləsuvar şöbəsindən üç nəfər əməkdaş gəldi. Sonra bizi həmin şöbəyə apardılar».

G.Aslanovanın sözlərinə görə, orada onlara bildirilib ki, Bakıya aparılacaqlar, amma ayrı-ayrı maşınlarda. Onun sözlərinə görə, bununla razılaşmayıb, deyib ki, intihar edəcək. G.Aslanova əlavə edib ki, Bakıya – DTX-nın inzibati binasına gətirildikdən sonra təxminən iki saat sonra uşaqla birlikdə evlərinə çatdırılıb. Üstəlik, onun qeyd etməsinə görə, məhkəmə qərarı əsasında evdə axtarış da aparılıb: «Polad Aslanovun kompüteri, data-kart, nömrə, sənədlər, fotoaparat, videokamera və bir çox avadanlıqları apardılar. Hətta qayınanamgilin evində də axtarış apardılar. Həmin evdən Polada aid olmayan bir kitab, bir yararsız telefon kartı, anasına məxsus telefonu da götürdülər. Bizi yenidən DTX-ya apardılar. Məni 4-5 saat sorğuya çəkəndən sonra gecə 1-in yarısında buraxdılar».

Xatırlatma

P.Aslanov 2018-ci il aprelin 19-da - 29 yaşında hərbi xidmətə aparılmışdı.

O zaman ailəsi bildirirdi ki, P.Aslanov səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona «sülh şəraitində hərbi xidmətə yararsız» olması barədə hərbi bilet verilib. Həyat yoldaşı iddia edirdi ki, onu jurnalist fəaliyyətinə görə cəzalandırmaqdan ötrü bu addımı atıblar: «Yoxsa ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?».

Amma həmin vaxt ailəsinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

P.Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub.

XS
SM
MD
LG