Gədəbəy rayonunun Qasımlı kənd sakini Babək Məmmədov beş il öncə həmkəndlisi olan qadının qətlində şübhəli şəxs kimi tutulub. 2017-ci ildə baş vermiş bu hadisə zamanı ondan etiraf ifadəsi də alınıb. Şübhəli şəxs qismində dindirmə protokoluna imza atıb ki, "Səmayə Məmmədovanı mən öldürmüşəm".
İşgəncə məsələsinin təsdiqini tapmadığı deyilib
Məmmədov bu ifadədən sonra müvəqqəti saxlama təcridxanasına köçürüləndə orada özünə qəsd edib. Lakin onun həyatını xilas etmək mümkün olub. Prokurorluq əməkdaşları onu dindirib, intihara əl atmasının səbəblərini soruşanda isə deyib ki, törətmədiyi cinayəti üzərinə götürməsindən ötrü günlərdir ona verilən işgəncələrə dözə bilmir. O vurğulayıb ki, ümumiyyətlə, xəbəri olmadığı qətl hadisəsi ilə bağlı etiraf ifadəsi də işgəncənin nəticəsidir.
Bundan bir müddət sonra prokurorluq Məmmədovun sözügedən ölüm hadisəsi üzrə şübhəli şəxs statusuna xitam verilməsi haqda qərar qəbul edib. Qərarda da yazılıb ki, "Bəbək Məmmədovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsaslar yoxdur, barəsindəki şübhələr təsdiqlənmədi".
Amma prokurorluq 23-yaşlı Babəkin hansı səbəbdən cinayəti üzərinə götürməsi, bu haqda etiraf ifadəsi verməsi məsələsinə aydınlıq gətirməyib. Əksinə, onun işgəncəyə görə şikayətçi olduğu hüquq-mühafizə orqanlarının əməkdaşları haqqında cinayət işi başlamaqdan imtina edib. Baş Prokurorluğun bununla bağlı rədd qərarında yazılıb ki, Məmmədovun işgəncəyə məruz qalması ilə bağlı dedikləri təsdiqini tapmayıb.
Ölüm işinə xitam verilsə də, həbsdədir
Babək Məmmədov 2017-ci ildən həbsdədir. O, CM-in 181-ci (quldurluq) maddəsi ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda da həmin cəzanı çəkir.
Atası Faiq Məmmədov AzadlıqRadiosuna danışır ki, həmin ilin avqustunda ölümlə bağlı məsələyə xitam veriləndən sonra oğlunu azadlığa buraxmayıblar. Gədəbəy rayonunun İnəkboğan kəndindəki evlərdən birinə basqına görə onu ittiham ediblər. Həmin ittihamla da məhkəmə onun haqqında 8 il 6 aylıq cəza hökmünü çıxarıb: "O vaxt verməyə pulum olmadı, kasıb adamam, uşağımı buraxmadılar. Hələ başqa bir oğurluğu da qoymuşdular, sonra onu götürdülər. Mənimlə görüşəndə dedi ki, "ata, başqa çarəm yox idi, o işgəncələrə dözmək mümkün deyildi". Yenə əl çəkmirlər. Mən elə bilirəm ki, cəzaçəkmə müəssisəsindədir. Sonradan məlum olur ki, Kürdəxanıya (Bakı İstintaq Təcridxanası-red.) aparıblar. Soruşuram niyə? Cavab verən yoxdur...".
"Elə günə qoyublar, sözlə deyiləsi deyil"
Atası deyir ki, üstündən beş il keçəndən sonra oğlu yenə sözügedən ölüm işinə görə işgəncəyə məruz qalır. Onun sözlərinə görə, oktyabrda oğlunu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb təxminən 10 gün orada saxlayıblar: "Üç həftəyə yaxın onun yeri, vəziyyəti barədə mənə heç bir məlumat vermirdilər. Bilirdim ki, saxlandığı cəzaçəkmə müəssisəsindən Kürdəxanıya köçürüblər. Oradan nə zəng eləyirdi, nə xəbər vardı. Nigarançılıqdan ölürdüm. Nəhayət, bir 10 gün olar, Kürdəxanıda şüşə dalından da olsa, onu gördüm. Məlum oldu ki, həmin ölüm işini boynuna götürməsi üçün "banditizm" deyilən yerdə onu elə günə qoyublar, sözlə deyiləsi deyil...".
Xəsarət izləri ilə maraqlanan olmayıb
Faiq Məmmədovun sözlərinə görə, oktyabrda oğlundan heç bir xəbər ala bilmədiyi vaxtlarda baş verənlərlə bağlı müxtəlif dövlət strukturlarına şikayət edib. Bir müddət əvvəl ona zəng gəlib, məsələnin araşdırılacağı bildirilib. Deyir ki, oktyabrın 28-də istintaq təcridxanasında oğlu ilə görüşəndə Babək ona həmin günə qədər kiminsə baş çəkmədiyini, üstündəki xəsarət izləri ilə maraqlanmadığını bildirib.
"Başına o qədər vurublar, sözün birini deyir, ikincisini gətirə bilmir. Deyir, əllərimi bağlamışdılar, biri saçımı yolurdu, biri üzümə tüpürürdü, biri bədənimi dubinka-təpiklə vururdu. Bunu Allah götürər? Siz bilirsiz ki, mən o uşağı nə zülmlə, kasıblıqla böyütmüşəm? "Cinayəti açdıq" görüntüsü yaratmaq üçün məzlumu bu hala qoymaq olar?!", – 58-yaşlı Faiq Məmmədovun sözləridir.
Vəkil hələ görüşməyib
Ata əlavə edib ki, vəkil də tutublar, amma onun da Babəklə görüşməsinə uzun müddət icazə verilməyib. Vəkil Eldar Əliyev oktyabrın 27-də Baş Prokurorluğa - Səmayə Məmmədovanın qətli ilə bağlı istintaqı aparan müstəntiq Elvin Şahmirzəliyə vəsatət göndərib ki, Məmmədovla görüşünə şərait yaradılsın, onunla bağlı aparılan bütün istintaq hərəkətlərində müdafiəçi kimi iştirakı təmin edilsin: "Vəkilə noyabrın 5-də saat 4-də cavab gəlib. Ondan sonra Kürdəxanıya getməyi çatdırmaq olmazdı. Sonra da iş günü deyil deyə, bayramdan sonraya qalıb görüşməyi...".
DİN "araşdırılacaq" deyir
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında saxlanılan şəxslərin harasa köçürülməsi, yerdəyişməsi haqda məlumatlar ictimaiyyət üçün açıq deyil. Bu haqda məlumatlar yalnız onların ailə üzvlərinə verilə bilər.
Faiq Məmmədovun işgəncə iddialarına gəlincə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzadlıqRadiosunun bu barədə sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılacaq və məlumat veriləcək.
DİN indiyədək saxlananlara işgəncə verilməsi haqda iddiaları rədd edib.