Son vaxtlar Azərbaycan ərazisində satılan müxtəlif markalardan olan unun qiymətində bahalaşma müşahidə edilir.
Yerli medianın yazdığına görə, bu ilin əvvəlindən bir kisə unun qiymətində bir neçə manat bahalaşma var: «İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq «Mehriban» unu 27 manatdan 28.50 manata, «Sarı Sünbül» unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, «Karmen» unu isə 25 manatdan 27 manatadək bahalaşıb».
Kənd Təsərrüfatı Nazirliyindən modern.az-a bildiriblər ki, keçən il ölkədə 3.29 milyon ton taxıl istehsal olunub. Bu da 2017-ci illə müqayisədə 12.6 faiz çoxdur, odur ki, ölkədə qıtlıq yoxdur, qiymət siyasətinə isə nazirlik nəzarət etmir.
Müxalif Real Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna deyir ki, unun bahalaşmasına səbəb xaricdə taxılın bahalaşmasıdır:
“Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti yaxşı olmadığı üçün xaricdən gələn taxıl yerli taxıla qatılır. Rusiya, Qazaxıstan, Ukraynada taxılın qiymətində 5-10 faizədək artım müşahidə olunur. Bu da unun bahalaşmasına təsir edib”.
Bəzi bazarlarda ayın əvvəlindən qoyun ətinin də bahalaşması müşahidə olunur.
Rəsmi statistikaya görə isə bahalaşma 2-3 faiz arasındadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz bahalaşıb.
İqtisadçılar isə reallıqda bu rəqəmlərin daha böyük olduğunu deyirlər, bu il bahalaşmanın və inflyasının daha yüksək olacağını bildirilər.
Necə olur ki, adamların gördüyü bahalaşmanı iqtidar hiss etmir?
Demokratiya və Rifah hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu AzadlıqRadiosuna müsahibəsində deyib ki, o 2019-cu ildə, ötən ilə nisbətən həm rəsmi, həm də qeyri-rəsmi inflyasiyanın daha yüksək olacağını gözləyir.
Onun sözlərinə görə, buna səbəb olan bir sıra amillər var. Bunlar vergilərin artması, aksizlərin artması, istehlakçıların üzərinə 210 milyon manatdan çox büdcə öhdəliyinin qoyulmasıdır. İqtisadçı 2019-cu ildə daha çox bahalaşma gözləyir:
“Xüsusilə də aksizli malların qiymətində bahalaşma olacaq, xidmətlərdə bahalaşma olacaq, artıq bu başlayıb. Nəzərə alanda ki, tənzimlənən qiymətlərdə də Tarif Şurasının qərarı ilə artım olacaq, onda biz bu il inflyasiyanın keçən ildəkindən dəfələrlə çox olmasının şahidi olacağıq. Düzdür, keçən il inflyasiya 2,3 faiz elan olunub, guya ki, ərzaq malları cəmi 1,9 faiz bahalaşıb, əslində isə istehlakçılar artımı hər gün hər həftə hiss edirlər”.
Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin İqtisadiyyat Komitəsinin keçmiş sədr müavini Əli Əlirzayev isə deyir ki, o, hansısa qiymət artımı müşahidə etməyib, əgər qiymət artımı baş verərsə belə, hökumət bunu müşahidə edib, hansısa formada addımlar atır. Onun sözlərinə görə, qiymətlər bundan sonra artsa belə, əhalinin rifah halı ilə bağlı da tədbirlər görülür:
“Məsələn, pensiya islahatı həyata keçirilir, müəyyən mənada əmək haqqı sistemində islahatlar aparılır, minimum əmək haqqı və pensiya artacaq, amma qiymətin artmasının qarşısını inzibati yolla yox, istehsal olunan məhsulun həcminin artırılması, bəzi hallarda isə dövlət nəzarəti ilə həyata keçirilməlidir”.
Müstəqil iqtisadçılar isə hökumətə tövsiyə edirlər ki, bahalaşmanın qarşısını almaq üçün gömrük sistemi daha şəffaf olsun, azad və rəqabətli bazar mühiti təmin olunsun.