Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

'Traktorların qarşısına atıldıq'


Söküntü
Söküntü

«İcra hakimiyyətinin və şirkətin nümayəndələri polis qüvvəsi ilə gəldi. Polislər insanları zorla ərazidən uzaqlaşdırmağa çalışırdılar. Traktorların qarşısına atılıb mane olmaq istəyirdik, polislər qollarımızı burub uzaqlaşdırmağa çalışırdı. Ancaq videolardan, fotolardan da gördüyünüz kimi, bildiklərini etdilər. Hara gedəcəyik, bundan sonrakı həyatımızı necə quracağıq? Ümumiyyətlə, bundan əvvəlki rahat həyatımızı bir də yaşaya biləcəyikmi? Bir evi qurmağa, düzəltməyə bir insan ömrü lazımdır. O evləri dişimizlə-dırnağımızla əldə etmişdik...».

ŞİKAYƏTƏ GETDİLƏR VƏ...

Bunu AzadlıqRadiosuna Bakının Mirqasımov küçəsindəki 8 saylı ünvanda yaşayan Gülfarə Əliyeva deyir.

Fevralın 22-dən başlayaraq Bakının Mirqasımov küçəsindəki 8 saylı ünvanındakı evləri sökməyə başlayıblar. Fevralın 13-də həmin ünvanda yaşayan ailələr kommunal xidmətlərin dayandırılmasına və evin söküntüsünə etiraz etmək üçün Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və başqa dövlət qurumlarının qarşısına getmişdilər.

Fevral ayının əvvəlindən binaya gələn qaz, işıq, su verilişi dayandırılıb. Müvafiq qurumlara müraciət edən sakinlərə bildirilib ki, kommunal xidmətlər Nəsimi rayon İcra Hakimiyyətinin göstərişinə əsasən dayandırılıb.

«BU VƏDLƏRƏ İNANMIRIQ»

Bu ünvanda həyətyanı sahə ümumidir və 12 ailənin ixtiyarındadır. Sakinlər məcburi köçkün sayılsalar da, 30 ilə yaxındır burada yaşayırlar və mənzillərə mülkiyyətçi sənədləri də düzəldiblər. Bir müddət əvvəl rayon icra hakimiyyətindən burada yaşayanlara bildiriş gəlib ki, bina qəzalı olduğundan plana düşüb.

Gülfarə Əliyeva: «Evlərimizi «Rifah Plaza» MMC sökür. Guya yerində bina tikib bizi də içərisinə köçürəcəklər. Ancaq biz bu vədlərə inanmırıq. İndi də bu yollarla evləri insanların əlindən almağa qalxıblar».

Sakinlərin deməsinə görə, onların yeni evlərə nə zaman köçürüləcəyi konkret deyilmir. Sakinlərə qaranlıq qalan məqamlara aydınlıq gətirilməsini icra hakimiyyəti şirkətin, şirkətsə icra hakimiyyətinin üzərinə atır.

1 İL 6 AYA BİNA TİKİLƏCƏK

Sakinlər onlarla bağlanması təklif olunan müqavilələrdə öz hüquqlarını qoruyan bəndlər tapmadıqda imzalamaqdan imtina ediblər.

Nəsimi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qeyd olunan ünvanda yerləşən və 12 ailənin yaşadığı bina qəzalı olduğundan fevralın 22-dən söküntüyə başlanıb. Sakinlər təklif olunan şərtlərlə razılaşmayıblar. Lakin bu söküntü Nazirlər Kabinetinin uyğun qərarıyla gerçəkləşdirilir. 1 il 6 ay ərzində sakinlərin həmin ünvanda inşa olunacaq yeni binadakı mənzillərinə köçürülməsi planlaşdırılıb. Sakinlərə həmin müddətdə kirayədə qalmaları üçün müəyyən məbləğ də təklif olunub.

İki gündür ki, sakinlər söküntünün dayandırılmasından ötrü məhkəməyə müraciət ediblər.

Hazırda söküntü işləri davam edir.

XS
SM
MD
LG