Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:01

Bakı 'Zəngəzur dəhlizi' məsələsində mövqeyini yumşaldır?


Ermənistandan Naxçıvana gedən dəmir yolu hazırda
Ermənistandan Naxçıvana gedən dəmir yolu hazırda

Azərbaycanın Ermənistanın cənubunda dəhliz açmaq üçün hərbi gücə əl atmaq niyyəti yoxdur.

Reuters agentliyi yazır ki, bunu Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev deyib.

Xəbərdə deyilir ki, Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan sonra Ermənistan tərəfində Bakının Naxçıvan və Azərbaycan arasında dəhlizi də hərbi yolla aça biləcəyinə dair narahatlıqlar yaranıb.

Lakin Hikmət Hacıyev Brüsseldə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşündən sonra Reuters-ə deyib ki, Bakı yalnız Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılmasını istəyir. Onun sözlərinə görə bu həm Azərbaycanın, həm də Ermənistanın, həm də bütün regionun maraqlarına cavab verərdi:

"Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisində heç bir məqsəd və planları yoxdur...Bu məsələ Azərbaycanın gündəliyində qətiyyən yoxdur. Bizim Ermənistana təklifimiz tamamilə dinc bir şəkildə birləşdirici xətlərin, nəqliyyat xətlərinin qurulması barədədir”.

Ərdoğan da İran alternativindən danışmışdı

Bundan bir gün əvvəl Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvanda keçirilən görüşündə Rəcəb Tayyib Ərdoğan belə bir dəhlizin yaradılması zərurətinə işarə etmişdi.

Lakin Ərdoğan da vurğulamışdı ki, əgər Yerevan belə bir dəhlizin yaradılmasına razılaşmazsa, dəhliz İran ərazisindən də keçə bilər.

O qeyd etmişdi ki, İran bu ideyaya müsbət yanaşır.

Reuters yazır ki, Qarabağ ermənilərinə bağlı "Re:public of Artsakh" teleqram kanalı Azərbaycan və Türkiyə rəsmilərinin sözlərinə şübhə ilə yanaşdığını bildirib:

"Azərbaycanın və Türkiyənin növbəti hədəfi Syunikdir. Müharibəyə aktiv hazırlıq işləri görülür”.

Yerevan qəti şəkildə bildirir ki, onun ərazisi ilə keçəcək hər hansı yollara ölkənin öz sərhədçiləri nəzarət etməlidirlər.

2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları bəyanata görə Naxçıvan və Azərbaycan arasında yolların Ermənistandan keçən hissəsinə Rusiya sərhədçiləri nəzarət etməlidirlər.

"Bakı Paşinyanın vəziyyətini çətinləşdirmək istəmir"

AzadlıqRadiosunun müxbiri Coşua Kuçeranın yazdığına görə, onunla adının çəkilməsini istəmədən danışan Azərbaycan XİN nümayəndəsi deyib ki, İran marşrutu Bakı üçün məqbuldur:

"İndi top Ermənistan tərəfdədir. Əgər bu ölkə son 30 ildə özünü saldığı izolyasiyadan çıxmaq istəyirsə, kənar dünya ilə kommunikasiya qurmaq istəyirsə, Zəngəzur dəhlizi üzrə öhdəliklərinə əməl etməlidir. Əgər olmasa, bu kommunikasiya bütün hallarda qurulacaq, amma bu halda Ermənistandan yan keçəcək”.

Həmin rəsmi AzadlıqRadiosu müxbirinə deyib ki, sözü gedən dəhlizə kimin nəzarət etməsi ikinci dərəcəli məsələdir və danışıqlar yolu ilə həll oluna bilər.

Bakıda mənzillənmiş siyasi şərhçi Fuad Şahbaz deyir ki, Bakı Qarabağ ermənilərinə görə onsuz da təzyiq altında olan Nikol Paşinyanın üzərinə əlavə təzyiq göstərmək istəmir.

Şahbaz deyib ki, Azərbaycan rəsmiləri Ermənistandakı etirazların revanşistləri hakimiyyətə gətirə biləcəyindən narahatdır. Politoloqun sözlərinə görə “Əliyev Ermənistandakı təlatümün yatmasına bir qədər imkan verəcək”.

Politoloqun fikrincə, bu səbədən Bakı dəhliz məsələsinin sülh müqaviləsinə daxil edilməsində israr etməyə bilər:

“Azərbaycan bu məsələyə Ermənistan üçün daha əlverişli şəraitdə qayıda bilər və indilik Yerevandakı etirazları qızışdırmaz”.

70-yaşlı Vera Petrosyan Qarabağdakı evin qayıdacağına inanmır
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Qranada görüşünə ümidlər

Lakin bir gün əvvəl Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Siyasi İcmasının oktyabrın 5-də Qranadada keçiriləcək üçüncü sammitinin əsnasında mümkün görüşü məsələsini müzakirə ediblər.

Aİ ümid etdiyini bildirib ki, Bakı və Yerevan Qranada görüşündən Praqa və Brüssel razılaşmalarına uyğun olaraq bir-birlərinin ərazi bütövlükülərini və suverenliklərini bir daha təsdiq etmək üçün istifadə edəcəklər.

Rusiyada çıxan “Nezavisimaya qazeta” qəzeti də Zəngəzur dəhlizi məsələsi ilə bağlı məqalə dərc edib.

Bu məqalədə məsələ barəsində müxtəlif ekspertlərin rəyləri yer alıb.

Türkiyədəki UNEC Universiteti Türk dünyası iqtisadiyyatı fakültəsinin dekanı professor Uludağ Mehmet Yüce Ərdoğan-Əliyev görüşünü şərh edərkən deyib:

“Azərbaycan-Türkiyə ittifaqı ilə Cənubi Qafqazda yeni reallıq yaranıb. Regionda bu reallığı nəzərə almayan heç bir qüvvə uğur qazana bilməz”.

ABŞ-ın Qarabağla bağlı təşəbbüsü: Azərbaycan razı olacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

“Ağ Ev Ermənistanı ciddi şəkildə müdafiə etmək istəyirsə...”

Lakin ABŞ-ın tanınmış iş adamlarından milyarder Maykl Rubin deyib ki, ABŞ Azərbaycan və Türkiyəyə dəhliz verilməməsi məsələsində Ermənistanı dəstəkləməlidir.

O AEIdeas saytında yazdığı məqalədə qeyd edir ki, bu dəhlizin verilməsi Ermənistanın “milli intiharı” olardı.

Rubin USAID təşkilatının rəhbəri Samanta Pauerin və dövlət katibinin köməkçisi Yuri Kimin Ermənistana səfərini şərh edərkən yazır ki, “Bakı nə Paueri, nə də Kimi ciddi qəbul etmir”:

“Əgər Ağ Ev Ermənistanı ciddi şəkildə müdafiə etmək istəyirsə, öz qüvvələrinin ən azı müvəqqəti əsasda Ermənistanın cənubunda yerləşdirilməsi imkanını nəzərdən keçirməlidir”.

O əlavə edib ki, Ermənistan Müdafiə Nazirliyinin Kanzas ştatının Milli Qvardiyası ilə çoxillik əməkdaşlıq təcrübəsi var.

Ermənistanda fikir ayrılığı

Qəzet yazır ki, Ermənistanın özünə gəlincə, burada Rusiya və Qərbin Qarabağda yaranmış situasiyadakı rolunu fərqli qiymətləndirirlər.

Baş nazir Nikol Paşinyanın son bəyanatları nəzərə alınarsa, o daha çox regiondakı Rusiya sülhməramlı missiyasının Qərb missiyası ilə əvəzlənməsinə meyllidir.

Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan isə sosial şəbəkədə belə yazıb:

“Biz bəyan edirik ki, Aİ, ABŞ və başqa beynəlxalq subyektlər çoxsaylı bəyanatlarına baxmayaraq Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edə bilməyiblər”.

Rəsmi Moskva isə iddia edir ki, Qərb son hadisələrdən Rusiyanın regiondan sıxışdırılaraq çıxarılması üçün istifadə etməyə çalışır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər. Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG