Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

Metropoliten: “Yol çökməsi metro tikintisi ilə bağlı deyil” (Yenilənir)


Bakıda yol çöküb 15 iyul 2018
Bakıda yol çöküb 15 iyul 2018

Bakıda Cəlil Məmmədquluzadə küçəsində yolun bir hissəsinin çökməsinə görə iki marşrutun istiqaməti dəyişdirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, 52 və 33 nömrəli marşrutların hərəkət istiqamətləri Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrindən təşkil edilib.

--

Metropoliten: “Yol çökməsi metro tikintisi ilə bağlı deyil”

“Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş vermiş çökmə metro tikintisi ilə bağlı deyil”.

“Bakı Metropoliteni” QSC-dənin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov belə deyir.

O hadisə ilə bağlı qurumun nümayəndələrinin də çökmə yerinə keçirilən baxış prosesində iştirak etdiklərini bildirir.

Eyni zamanda, mümkün nəzəri ehtimalları araşdırmaq məqsədilə “Bakı Metropoliteni” QSC-nin nümayəndələrinin ərazidə tikinti meydançasına və tunellərə təkrar baxış keçirdiklərini söyləyir.

“Məlumat üçün bildirək ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı “B-04” olan metro stansiyasını“B-03” stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb. Həmin ərazidə inşa olunan “B-04” stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz. Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alındığı, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb. Bütün bunları nəzərə alaraq, çökmə metro inşaatı ilə əlaqələndirilə bilməz”, - Bəxtiyar Məmmədov deyir.

--

“Cəlil Məmmədquluzadə küçəsində çökmə baş verən yol 7-8 il öncə Bakı Metropoliteni tərəfindən metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb”,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli belə deyir.

Onun sözlərinə görə, çökmənin səbəbi ərazidə ağır texnikalar qazıntı işləri apardıqdan sonra bəlli olacaq.

Hadisənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacağı bildirilir.

Bakının Cəlil Məmmədquluzadə küçəsində yol çöküb
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Bu gecə - iyulun 15-də Bakıda yol çöküb. Hadisə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində qeydə alınıb.

Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli belə deyir.

“İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir”, - Agentlik sözçüsü bildirir. Bununla belə, araşdırmların davam etdiyini qeyd edir:

“Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır. Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək".

Natiq Cəfərli: Hər hansı layihədə korrupsiya amili varsa...

İqtisadçı, REAL Partiyasının icraçı katibi Natiq Cəfərli AzadliqRadiosuna deyib ki, Azərbaycanda yolların çəkilməsi, ümumiyyətlə, infrastruktur layihələri, təmir-tikinti işləri korrupsiya mənbəyi sayılır və bunlar artıq şübhə də doğurmur.

“İctimai rəydə də deyilir ki, bunlar korrupsiyaya yol açan əməllərdir. Hər hansı layihədə korrupsiya amili varsa, o zaman keyfiyyət də aşağı düşür. Çünki keyfiyyəti aşağı salmadan büdcədən ayrılan vəsaitin böyük qismini mənimsəmək mümkün deyil. Beləliklə, korrupsiyaya yol açılanda sonradan bu problemlərə və fəsadlara yol açır. Bunu Bakı-Quba, Bakı-Sumqayıt beton yolunda da gördük, 30 illiyə tikilən yol, 10 il dayanıqlı olmadı. Hazırda həmin yolun alternativini çəkmək haqda düşünürlər”, - iqtisadçı söyləyib.

Bundan əvvəl çökən yollar

Azərbaycanda yeni təmir olunmuş yolların çökməsi birinci dəfə deyil baş verir.

Ötən iloktyabrın 4-də əsaslı təmir işi aparıdldığı deyilən Bakının Nizami rayonundakı Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində yolun bir hissəsi çökmüşdü.Yolun çökməsinə səbəb kimi onun altından keçən kanalizasiya kollektorunun istismar müddətinin bitməsi göstərilirdi.

Yenə ötən il aprelin 17-də Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində avtomobil yolunun sol hissəsi tamamilə çökmüşdü.

2016-cı ildə isə 23 yaşayış ərazisini birləşdirən Cəlilabad-Astara-Cəngan yolunun bir hissəsinin çökdüyü bildirilirdi. Ölkə mətbuatının yazdığına görə, həmin yol yaxın illərdə əsaslı təmir edilib. 2003-cü ildən bəri isə o yola üst-üstə 13 milyon manat pul ayrıldığı deyilirdi.

Həmin il sentyabrın 30-da Xaşmaz rayonu Xudat şəhəri Heydər Əliyev küçəsində yol çökmşüdü. Bu hadisə isə intensiv yağışlarla izah olunurdu.

Adətən mütəxəssislər yeni təmir olunan və ya çəkilən yolların sıradan çıxmasını korrupsiya, işin sistemli qurulmaması ilə izah edirlər.

XS
SM
MD
LG