Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:09

BŞBPİ saxlanılan AXCP-çilərlə bağlı məlumat yayıb


Aksiya. 8 oktyabr 2019
Aksiya. 8 oktyabr 2019

Bakı Şəhər Baş Polis İdarəsi AXCP üzvləri - Elxan ƏliyevZamin Salayevin piket iştirakçısı kimi saxlanması ilə bağlı yayılan məlumatları təkzib edir.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidməti məlumat verib.

Bildirilir ki, Əliyev və Salayev piketdən əvvəl saxlanıb: «Oktyabrın 8-i saat 01:50 radələrində Nərimanov rayonunda taksi yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən saxlanıb. Yoxlama zamanı həmin avtomaşında sərnişin olan - əvvəllər Cinayət Məcəlləsinin (CM) 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunan Zamin Salayev və əvvəllər CM-nin 178.2.4-cü (dələduzluq) maddəsi ilə məhkum olunan Elxan Əliyev polisin fəaliyyətinə müdaxilə ediblər. Polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaratdıqlarına görə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə gətiriliblər».

Məlumatda əlavə olunub ki, barələrində İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib: «Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə Elxan Əliyev və Zamin Salayevə 15 sutka inzibati həbs verilib. Onların siyasi mənsubiyyətinə, yaxud razılaşdırılan piketdə iştiraklarına görə polis tərəfindən saxlanılması ilə bağlı irəli sürülən iddialar əsassızdır».

Saxlananlardan 2 nəfərə 15 sutka verilib

Milli Şuranın dünən, oktyabrın 8-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında sərbəst toplaşma azadlığı tələbi ilə keçirilən piketi ilə bağlı saxlandığı deyilən iki nəfərə 15 sutka inzibati həbs cəzasının verildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan AXCP-dən deyiblər: «Bunlar AXCP üzvləri Elxan Əliyev və Əlizamin Salayevdir. Onlar Nərimanov Rayon Məhkəməsinə aparılıblar və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıblar».

Partiyadan qeyd ediblər ki, amma başqa saxlanan şəxslərin sonrakı aqibətindən, hələlik, məlumat yoxdur

AXCP-dən verilən bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

BŞBP piketlə bağlı açıqlama yayıb

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın keçirdiyi piketlə bağlı məlumat yayıb.

İdarədən yayılan məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib:

“Piket ərəfəsində təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq aidiyyəti qanunvericilik aktlarının tələbləri nəzərlərinə çatdırılıb. Tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olunması barədə xəbərdar edilib”.

BŞBPİ-dən bildirildiyinə görə, onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşıblar:

“Piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar edib, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər. Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib”.

5 nəfərin işi məhkəməyə göndəriləcək

BŞBPİ qeyd edir ki, ictimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınıb:

“Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək. Sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək.”

Akisyanın təşkilatçıları isə bildirirlər ki, onların kənar şəxslərə çağrışlar etməsi ilə bağlı iddialar əsassızdır.

Milli Şura rəhbərliyinin sözlərinə görə, əksinə piketə qarşı müxtəlif təxribat hallarına yol verilib. Təşkilatçıların vurğulamasına görə, aksiyanı kənardan dinc şəkildə izləmək istəyən bir çox insanlara qarşı da zorakılığa yol verilib.

Yenidən aksiya təyin edilib

Oktyabrın 8-də Milli Şuranın Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi piket qətnamənin oxunması və növbəti aksiyanın təyin edilməsi ilə başa çatıb.

Qətnamədə hakimiyyətdən sərbəst toplaşma azadlığının təmin edilməsi ilə bağlı beynəlxalq öhdəliklərə və ölkə Konstitusiyasının normalarına əməl etmək tələb olunub. «Heç kim etiraz aksiyalarında iştiraka görə həbs edilməməli, cərimə olunmamalı və işdən çıxarılmamalıdır» kimi fikirlər ifadə edilib.

Piketdə bildirilib ki, növbəti aksiya oktyabrın 19-na təyin edilib.

AXCP sədri Əli Kərimli də AzadlıqRadiosuna bildirib ki, bununla bağlı müraciət Bakı şəhər İcra Hakimiyyətinə göndəriləcək. Əvvəlki tələblərin də qüvvədə qaldığı açıqlanıb.

Milli Şura bundan əvvəl siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi tələblər irəli sürmüşdülər.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus sayılan şəxslərin məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb edildiklərini vurğulayırlar.

Bəzi hakimiyyət rəsmiləri də habelə qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz. Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib. Həmin vaxtdan enerjidaşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.

Milli Şuranın növbəti mitinq qərarına isə, hələlik, şəhər rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Siyavuş Novruzov: ‘Milli Şuranın piketi təxribat xarakteri daşıyırdı’

“Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura “Sərbəst toplaşmaq haqqında” qanunun tələblərini pozaraq təyin olunmuş yerdə deyil, orta məktəbin qarşısında dərs prosesini pozmaqla, şagirdlərin və valideynlərin hərəkətinə mane törətməklə piket keçirib”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov daha sonra da əlavə edib:

“Təşkilatçılar öncədən Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onlara piketdə səsləndiriləcək şüarlar və digər məsələlərlə əlaqədar xəbərdarlıq olunub. Lakin onlar yenə də piketin keçirilməsi zamanı qanuni tələblərə əməl etməyiblər. Kənarda əlində “Xalq sizinlədir, cənab Prezident İlham Əliyev” şüarı ilə dayanan bir nəfərə hücum, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi. Bunun özü də piketin təxribat xarakteri daşıdığını təsdiqləyir”.

Amma aksiya iştirakçılarından bəziləri isə əksinə onların təxribatla üzləşdiklərini söyləyiblər. Onların deməsinə görə, “Xalq sizinlədir, cənab Prezident İlham Əliyev” sözləri yazılan plakt məhz polislərin yanında qaldırılıb."

Təşkilatçıların bildirməsinə görə, bundan məqsəd fəalları təxribata çəkmək olub.

Bu deyilənlərə Daxili İşlər Nazirliyindən isə, hələlik, münasibət almaq mümkün olmayıb.

AXCP: “Saxlananların bəziləri sərbəst buraxılıb”

Bu gün, oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən piketlə bağlı saxlandığı bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərin bəzilərinin sərbəst buraxıldığı deyilir.

Bu barədə AzadlıqRadiosuna AXCP rəhbərliyindən bildirilib:

“Səbail rayon 9-cu polis bölməsindən 13 nəfər, Səbail rayon Polis İdarəsindən isə 3 nəfər buraxılıb. Polisdə, hələ də askiya ilə bağlı saxlanan şəxslərdən təqribən 15 nəfər qalır”.

AXCP rəhbərliyindən verilən bu məlumatı Səbail rayon Polis İdarəsindən isə dəqiqləşdirmək mümkün olmayıb.

30-a yaxın şəxsin saxlandığı deyilir

Bundan əvvəl oktyabrın 8-də Milli Şuranın Bakı şəhər İcra Hakimiyyətinin önündə razılaşdırılmış piketi ərəfəsində və sonra 30 nəfərə yaxın şəxsin saxlandığı bildirilirdi.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim məlumat verib. Onun sözlərinə görə, saxlananlar əvvəlcədən əraziyə gətirilmiş avtobuslara doldurularaq aparılıb: «Məlumatlara görə, saxlananlar Səbail rayon Polis İdarəsinə aparılıb».

Bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyi və Səbail rayon Polis İdarəsindən dəqiqləşdirmək mümkün olmayıb.

+++

AzadlıqRadiosunun müxbirləri xəbər verir ki, hələ piket başlamamış aksiya yerinə bir xeyli insanlar toplaşıb. Onların bəziləri evlərinin əlindən alındığını, Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olmuş yaxınlarına görə birdəfəlik müavinət ala bilmədiklərini söyləyiblər. Bəziləri isə aksiyaya, sadəcə, dəstəklərini ifadə edib. Polis onların bəzilərini hadisə yerindən kənarlaşdırıb. Bir sıra şikayətçilərin də saxlandığı bildirilir.

Piket isə Bakı Şəhər İcra Hakimiyyəti binasının qəbul şöbəsinin qarşısına yaxın yerdə keçirilib. Milli Şuranın üzvləri çıxışlar ediblər. Onlar ölkədə sərbəst toplaşma azadlığının pozulduğunu ifadə ediblər.

Piket yaxınlığında, yolun kənarında «İstefa» kimi şüarlar səsləndirənlər də olub.

Hələlik, Daxili İşlər Nazirliyindən saxlandığı deyilən şəxslərin taleyinə aydınlıq gətirmək mümkün olmayıb.

Hakimiyyət rəsmiləri isə, bir qayda olaraq, ölkədə bütün fundamental azadlıqların qorunduğunu bildirirlər.

Piket
Piket

+++

Piket keçirilən ərazidə internetdə kəsilmələr olub. Jurnalistlər hadisə yerindən birbaşa məlumat ötürməyə çətinlik çəkiblər. Aksiya keçirilən məkanın yaxınlığına da xeyli adam toplaşıb. Onların bəziləri ilə polis arasında gərginlik yaşanıb.

Polisdən bildiriblər ki, qanunvericiliyə görə, piketdə maksimum 50 nəfər iştirak edə bilər.

+++

Piket ərəfəsində artıq 3 nəfərin saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan AXCP üzvü Nemət Abbasov məlumat verib: «Bizi nəqliyyat vasitəsinə mindirib, naməlum istiqamətə aparırlar. Hara aparıldığımızı bilmirik».

+++

Piketin keçiriləcəyi məkana gələn yolların polis nəzarətinə götürüldüyü bildirilir. Küçələrin birində aksiyaya gələn fəallarla polis arasında gərginlik yaşandığı, bir nəfərin də saxlandığı bildirilir.

Hələlik, baş verənlərə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Aksiya. 8 oktyabr 2019
Aksiya. 8 oktyabr 2019

+++

Milli Şura bu gün, oktyabrın 8-də Bakıda sərbəst toplaşma azadlığı ilə bağlı piket keçirməlidir. Piket Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Milli Şura bildirir ki, yanvarın 19-da Bakıda keçirdikləri mitinqdən sonra onların heç bir kütləvi tədbirinə icazə verilməyib. Onlar bunu sərbəst toplaşma azadlığının pozulması kimi dəyərləndirib. BŞİH isə bildirib ki, Bakı şəhər Baş Polis İdarəsindən onlara müraciət daxil olub. Həmin müraciətdə yanvarın 19-da keçirilən aksiyada qanunvericiliyin tələbinin pozulduğu vurğulanıb.

XS
SM
MD
LG