Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 17:24

Balakəndə 30 evə su dolub


Daşqın. Foto arxiv
Daşqın. Foto arxiv

İyunun 11-dən 12-nə keçən gecə Balakən rayonunda Dəliçayın daşması nəticəsində Katex kəndini sel basıb. Rayon icra hakimiyyəti başçısının müavini Azad Balayev AzadlıqRadiosuna deyir ki, 700-dək həyətə, 30-dək evə su dolub.

«Kəndə qaz, enerji verilməsi müvəqqəti dayandırılsa da, artıq bərpa olunmaqdadır. Əhalinin çay üzərində öz hesabına inşa etdiyi 11-dək kiçik körpünü – su keçidini sel aparıb, gediş-gəliş çətinləşib», - bunu isə kənd bələdiyyəsinin sədri Cavanşir Piriyev söyləyir.

Kənd sakini Osman Osmanov danışır ki, son bir ayda sel iki dəfə həyətini basıb. Onun deməsinə görə, çayın yatağı vaxtında təmizlənmədiyindən hər dəfə yağış yağanda kəndlilər əziyyət çəkirlər:

«Hər dəfə təsərrüfatıma 600-800 manata yaxın ziyan dəyib. 70-dək fındıq, 20-25 zoğal ağacının dibini lil tutub, təmizləmək mümkün deyil, qurumağa doğru gedir. Keçən dəfə sel 50-dən yuxarı, bu dəfə 50 toyuq-cücəmizi, 6-7 kisə buğdanı, 2 kisə unu, 2 kisə də toyuq dənimizi aparıb. Yardımçı bina tikmişdim. Bu dəfə yıxılmaq həddinə çatıb. Təsərrüfatla dolanıram. Bir yerdə işləmirəm, dövlətdən bir manat gəlirim yoxdur. Balakən rayon su idarəsinin işçiləri çayın hövzəsini təmizləmədikləri üçün yağan yağışlar kəndi sel şəklində basır. Bir də evimin yanında yüksəkgərginlikli transformator var, içi suyla dolub. İcra hakimiyyətinə dedim təmizləsinlər, cavab verdilər ki, imkan varsa, özünüz təmizləyin».

Birinci müavin: «Sudur da, yağıb, indi də çəkilir»

Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini A.Balayevsə təsərrüfatlara ciddi ziyan dəyməsi haqda məlumatı təsdiqləmir. «Sudur da, yağıb, indi də çəkilir» deməklə kifayətlənir.

Kənd bələdiyyəsinin sədri C.Piriyev isə əhalinin təsərrüfatına ciddi ziyan dəydiyini təsdiqləyir:

«Əhalinin təsərrüfatına böyük ziyan dəyib. Əhalinin xeyli xırdabuynuzlu heyvanını, toyuq-cücəsini, arıxanalarını sel aparıb. 150 hektara yaxın arpa-buğda, qarğıdalı sahəsinə, 10 hektar tütün sahəsinə su dolub. Heç yerdə qeydiyyatda olmayan 11 körpünü sel aparıb. Elektrik dirəkləri yıxılıb, bərpa olunur. Qaz borularını sel aparıb».

C.Piriyev hazırda bərpa işlərinin aparıldığını bildirir.

«Su yatmalıdır ki, texnika körpüləri bərpa edə bilsin», - bələdiyyə sədri əlavə edir.

Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini A.Balayev də deyir ki, vəziyyət normallaşır, fəsadlar aradan qaldırılacaq.

XS
SM
MD
LG