Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:14

Bankdan əmanətini ala bilməyənlər. 'Hakimiyyətdə qohumu olanlar...'


Əmanətçilər Mərkəzi Bankı məhkəməyə verdilər
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Əmanətçilər Mərkəzi Bankı məhkəməyə verdilər

İlqar Abdullayev 2013-cü ildə bankların birinə 40 min manatdan bir qədər çox əmanət qoyub. Həmin bank 2016-cı ildə bağlanıb. Abdullayevin gözü bu günə kimi yollarda qalıb, pulunu nə vaxt geri alacağını gözləyir.

"Tora düşən minlərlə adam pullarını banklara yatırdı, faiz gəldikcə əmanətin çoxalacağı ümidi ilə yaşadı. Mən də 2013-cü ildə 5 illik pulumu əmanət kimi qoydum. Deyirlər, sən saydığını say, gör fələk nə sayır. Pulu hələ də ala bilmirəm", – Abdullayev AzadlıqRadiosuna danışıb.

Bağlanan banklar

Manatın 2015-2017-ci illərdəki devalvasiyasından, iki dəfə ucuzlaşmasından sonra 11 bank bağlanıb. Bağlanan banklar arasında ən böyüyü "Bank Of Azerbaijan" idi. 2016-cı ildə "Bank Standard", "Qafqaz İnkişaf Bankı", "Atabank", "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank" da bank sektorundan gedib. "DəmirBank" isə 2017-ci ildə bağlanıb.

Həmin banklarda qorunan əmanətlərin 99 faizə qədərinin qaytarılması nəzərdə tutulurdu. Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin pullarını qaytarmaq üçün 7 il əvvəl işə başlasa da, bu gün də əmanəti ala bilməyənlər az deyil.

Abdullayevin sözlərinə görə, sığortalanmış vəsaitlər sığortasız kimi təqdim olunur və bunu bəhanə edərək pulu geri qaytarmırlar. O bildirib ki, 2020-ci ildə vaxtı bitən müqavilələr yenilənib və proses ondan sonra bir az da çətinləşib.

'İnanmırıq' - Bağlanan bankların əmanətçiləri aksiya keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

"600 nəfərdən çox kreditorun əmanəti hələ də ödənilməyib. Bankda qalan ən az əmanətin məbləği 20 min manatdan çoxdur. Əmanəti qaytarılanlar isə cəmi 150 nəfərdir ki, o şəxslərin də çoxu biznes sahəsində çalışan, hakimiyyətdəkilərin qohumları, yaxın adamlarıdır. Digərlərin əmanətləri qaytarılmır. Bəzən isə dəyərindən çox aşağı məbləğin verilməsi təklif edilib, lakin biz də bununla razı deyilik", – deyən Abdullayev son 6 ildə kreditorlar cəmiyyəti yaratdıqlarını, Prezident Administrasiyası, parlament önündə etirazlar etdiklərini vurğulayır. Dediyinə görə, 2018-ci ildə Prezident Administrasiyasında onlara problemin yoluna qoyulacağı deyilsə də, hələ də nəticə yoxdur.

"Get-gələ salıblar"

AzadlıqRadiosuna danışan digər əmanətçi Natiq Yusifli isə 2015-ci ildə "Atabank"a qoyduğu 30 min manatı ala bilmir. Ona pulun sığortalandığı deyilib, aylıq daha çox faiz almaq üçün 5 illik depozitə qoymaq təklif edilib.

"Əmanətin beşinci ilinin bitməsinə bir neçə ay qalmışdı ki, mənə bankın iflas etdiyini bildirdilər. Amma baş ofisdə işləyən rəhbər şəxs təşvişə düşməməyi, əmanətimi tezliklə geri alacağımı dedi. Bir neçə ay sonra mənə kod verildi ki, "Kapital Bank"a təqdim edib pulu alım. Həmin gündən 7 ildir ki, pulu bankdan ala bilmirəm. Mənə pulumun sığortalanmadığını deyirlər, halbuki pulu banka qoyanda elə deyilməmişdi", – Yusifli söyləyib.

Onun sözlərinə görə, əmanəti qaytarmamaqdan ötrü qurumlar günahı bir-birinin üstünə atır.

"Deməli, "Atabank" ilə əlaqə saxlayıram, deyirlər, "Kapital Bank"a get. "Kapital Bank"a gedirəm, göndərirlər Əmanətlərin Sığortalanması Fonduna. Fond yenidən məni əmanəti qoyduğum banka yollayır. Beləcə get-gələ salıblar. Məhkəmədə isə deyirlər, nə vaxt pulları olsa, ödəyəcəklər", – Yusifli gileylənib.

N.Cəfərli
N.Cəfərli

"Yeni mexanizmə ehtiyac var"

İqtisadçı Natiq Cəfərli əmanətlərin geri qaytarılmasında əsas problemi əvəzləşmədə görür. Onun sözlərinə görə, vətəndaşlara sığorta məsələsini izah etmək bankın öhdəliyidir.

"Əmanət qəbulu qadağan edilsə də, bunu davam etdiriblər. İkinci bir problem yığım əmanəti ilə bağlıdır. İnsan banka əmanət qoyur, ürəyi istəyən vaxt o əmanəti artırır. Əvvəl 15 faizlə qoyub, sonradan sığortalanmış əmanətlərin faizi aşağı, məsələn, 10 faizə düşüb. Bu məsələdə də problemləri var", – iqtisadçı söyləyib.

Cəfərli bağlanan dörd bankda vətəndaşların həm krediti, həm də əmanəti olmasına da diqqət çəkir. Belə ki, bu halda əmanətlər girov qoyularaq kreditlər götürülüb. Vətəndaşlar kreditlərini qoyduqları əmanətlər hesabına bağlamaq istəsələr də, ləğvetmə komissiyaları öncə kreditin bağlanmasını tələb edir. İqtisadçı bunu yanlış sayır: "Əgər vətəndaşın bankda həm krediti, həm də əmanəti varsa, bu əmanət hesabına kredit bağlanmalı və yerdə qalanı isə geri qaytarılmalıdır. Bununla bağlı mexanizmin hazırlanmasına ehtiyac var".

İqtisadçının sözlərinə görə, vətəndaş əmanəti hansı valyutada yerləşdiribsə, həmin valyutada da götürməlidir. Qarışıq əmanətlər isə milli valyuta ilə qaytarılır, xarici valyuta günün məzənnəsi ilə hesablanır: "Bildiyiniz kimi, bankların kursu da adətən aşağı olur. Aydın məsələdir ki, burada bir ədalətsizlik var".

Şəffaflıq məsələsi

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun fikrincə, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bankların ləğvi və əmanətlərin qaytarılması prosesinə tam nəzarət edə bilmir. O, ləğv prosesində olan banklarda kreditorlar cəmiyyətinin səlahiyyətlərini genişləndirməyi təklif edir: "Yəni, bank əgər ləğv olunubsa, müflisdirsə, bu nə deməkdir? Orada olan vəsait hamının borcunu ödəməyə kifayət etmir. Amma onun artıq bütün əmlakı kimin olur? Məhz orada pulu qalanların. Yəni, Fond bankın əmlakını satmalı, bankın verdiyi kreditləri qaytarmalıdır. Belə olarsa, oradan bir qəpik də qırağa gedə bilməyəcək. Bankın əmlakı satılmır, satılanda hansı şərtlə satıldığı məlum olmur, ictimaiyyətə deyilmir".

Ə.Həsənov
Ə.Həsənov

Mütəxəssis bildirib ki, ləğv prosesində olan 15 bankın təkcə əhaliyə ödəyəcəyi əmanət 1 milyard manatdan çoxdur. Banklarda sahibkarların da əmanətlərini nəzərə alanda isə söhbət bir neçə milyard manatdan gedir.

2020-ci ildə qanunvericiliyə dəyişiklikdən sonra sığortalanan əmanətlərin həcmi 100 min manat müəyyən edildi. 2016-cı ilə qədər bu rəqəm 30 min manat idi.

"Əmanətçilərə cəmi 30 min verirlər, qalan hissəsinə, deyirlər, pul yoxdur. Kefi istədiyi kimi kiminsə borcunu bağışlayır. Kiminsə faizini, kiminsə borcunun bir hissəsini bağışlayır", - Həsənov vurğulayıb.

Əmanətlər qanunla tənzimləndiyi kimi qaytarılır, narazılar...

Əmanətlərin Sığortalanması Fondu isə bildirir ki, əmanətlərin ödənilməsi qanunla ardıcıl şəkildə tənzimlənir. Qurum narazılığı olanlara məhkəməyə müraciət etməyi məsləhət görür.

"Qanunun tələbinə uyğun olaraq ləğv prosesinə nəzarəti Bakı Apellyasiya Məhkəməsi və maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir. Şikayəti olanlar məhkəməyə müraciət edir. Amma hazırda əmanətlərin qanuni şəkildə qaytarılması davam edir", – Fonddan deyilib.

Fond 2021 və 2022-ci illərdə qaytardığı əmanətlər haqda ictimaiyyətə məlumat açıqlamayıb. Bu proseslə bağlı fondun saytında 2020-ci illər üzrə məlumat yerləşdirilib. Əmanətçilərə 1 milyard 200 milyon manat qaytarıldığı bildirilir.

Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Bağlanma riski olan bankların sayı da az deyil

2021-ci ilin birinci rübünü iki bank zərərlə başa vurmuşdusa, ikinci rübdə bu rəqəm yeddiyə yüksəlib. Bunlar "AccessBank", "Bank Avrasiya", "Günay Bank", "Muğanbank", "Yapı Kredi Bank" (Azərbaycan), "Pakistan Milli Bankı" (Azərbaycan) və "Bank Melli İran"dır (Azərbaycan).

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov deyir ki, banklar öz maliyyə göstəricilərini olduğu kimi göstərmir, adları açıqlanmasa da, müflisləşən, eləcə də zərərlə işləyən, bağlanması proqnozlaşdırılan banklar var.

2022-ci il aprelin 1-nə Azərbaycanda 26 bank fəaliyyət göstərib. Bankların cəmi aktivləri 39 milyard 673.2 milyon manat, cəmi öhdəlikləri 34 milyard 731.7 milyon manat olub.

XS
SM
MD
LG