Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:23

Bank ekstrasens T.Dadaşovun 420 min dollarını qaytarmır


Bank Standard
Bank Standard

Azərbaycanda fəaliyyət göstərmiş "Bank Standard"ın lisenziyası dörd ildir ki, ləğv olunub. Amma ora əmanət yatırmış şəxslər var ki, hələ də məhkəmə yollarındadır. Biri də Rusiyada yaşayan azərbaycanlı, parapsixoloq-ekstrasens Tofiq Dadaşovdur.

T.Dadaşov 2013-cü il noyabrın 20-də - eyni gündə, amma üç ayrı müqavilə ilə (150, 150 və 120 min olmaqla) bu banka 420 min dollar əmanət qoyub. Vəsait banka illik 13.5 faizlə yatırılıb.

Bankın lisenziyası ləğv olunmamışdan bir gün öncə ərizə yazılıb

2016-cı il oktyabrın 1-də "Bank Standard"ın lisenziyası ləğv olunub. Üç gün sonra isə məhkəmənin qərarıyla bu bank müflis elan olunub. Bankın ləğv prosesi başlayıb. Banka ləğvedici kimi isə Əmanətlərin Sığortalanması Fondu təyin edilib.

Fond sözügedən 420 min dolları əmanətçiyə qaytarmaqdan imtina edib. Əsas kimi isə göstərib ki, sığortalı əmanət olmayıb. Deyilib ki, həmin dövrdə qorunan əmanətlər üçün 10 faiz dərəcəsi müəyyənləşdirilmişdi. Ona görə də, bu əmanət 13.5 faizlə yatırıldığına görə ilk gündən qorunan əmanət olmayıb.

T.Dadaşov isə bildirir ki, hələ 2015-ci ilin yayında bu bankla bağlı hüquqlarını Nina Karatayevaya etibar edib, bunu təsdiqləyən etibarnamə də var. N.Karatayeva da 2016-cı il sentyabrın 30-da banka ərizə verib ki, onun adına olan əmanətlərin illik faiz dərəcəsi 3-ə salınsın. Çünki 2016-cı ilin yanvarında "Əmanətlərin tam sığortalanması haqqında" Qanun qəbul edilib. Martın 1-də isə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qərar verib ki, banklarda xarici valyutada illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz olan əmanətlər tam sığortalanan əmanətlər sayılır.

"Bankda sonuncu iş günü olub"

T.Dadaşov iddia edir ki, bankın lisenziyası ləğv olunmamışdan bir gün öncə nümayəndəsi faiz dərəcəsinin endirilməsindən ötrü banka ərizə yazıb. Bu üzdən onun əmanətləri "qorunan əmanət" hesab olunmalıdır.

Əmanətlərin Sığortalanması Fondu isə onunla razılaşmır: "Əmanətçinin belə bir müraciəti olubsa belə, müqavilədə müvafiq dəyişiklik edilməyibsə, bu halda yenə qorunmayan əmanət olaraq qalacaq. Onun dediyi kimi, ərizəsi də 30 sentyabr 2016-cı il tarixə təsadüf edir. Bu da bankda sonuncu iş günü olub. Əgər hesab etsək ki, əmanətçinin belə bir müraciəti var, bankın son iş günü olduğu üçün bankın "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 4.1-ci maddəsinin tələblərinə riayət etməyə imkanı olmayıb".

Tərəflər arasında mübahisə məhkəmə müstəvisinə çıxıb. 2019-cu ilin yayından tərəflər arasında məhkəmə çəkişməsi başlayıb. Nəsimi rayon Məhkəməsi T.Dadaşovun iddiasını təmin edib. 420 min dolların sığortalanmış hesab edilib, ödəniş vaxtı Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnəyə uyğun, manat hesabıyla Əmanətlərin Sığortalanması Fondundan tutulub, əmanətçiyə ödənilməsi haqda qərar çıxarıb. Fond bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bu dəfə Fond kassasiya şikayəti verib. İndi iş Ali Məhkəmədədir.

Ekstrasens T.Dadaşov uzun illərdir ki, Moskvada yaşayır.

XS
SM
MD
LG