Azərbaycanda bankların tələb etdiyi kredit faizləri nə qədər əlyetərlidir?
Məsələn, İmişlinin Cavadaxanlı kəndinin sakini yüzlərlə həmkəndlisinin banklardan aldığı krediti qaytara bilmədiyini deyir.
Bu kreditlərin illik faizi 30-44 faiz arasında dəyişir. Kənd sakinlərindən Qabil Xəlilov deyir ki, rayondakı bank olmayan kredit təşkilatından illik 44 faizlə kredit götürüb, işi olanda banka borcunu qaytara bilirmiş, amma indi ödəyə bilmir:
“Zəng edirlər bütün günü hədələyirlər. 42 faizlə götürmüşəm krediti, 2 faiz də üstünə gəlir komissiya haqqı, olur 44 faiz. Məhkəmə qərarı olmadan mənə xəbər vermədən, krediti mənim pensiya kartımdan çıxırlar”.
Azərbaycanda bankların verdiyi istehlak kreditləri illik 30 faizə qədərdir, bank olmayan kredit təşkilatlarında bu daha yüksək, hətta 50 faizə qədər ola bilir.
Milli Məclisin İqtisadiyyat Komitəsinin keçmiş üzvü, işadamı Nazim Bəydəmirli deyir ki, depozitlər üçün faiz dərəcələri 15 faizə qədərdir və hazırda banklar pulu aldıqlarından iki dəfə baha vətəndaşa satırlar:
“Banklara müxtəlif mənbələrdən vəsait daxil olur: Ev təsərrüfatlarının qoyduqları depozitlər, xarici mənbələrdən daxil olan depozitlər və ya hüquqi şəxslərin hesablarında olan vəsaitlər. Bu vəsaitlər ortalama 10 faizlə daxil olur, amma kredit faizləri ortalama 22 faizdir. Deməli, banklar aldıqlarının üstünə 12 faiz qoyur. Deməli, marjadan iki dəfə qədər artıq”.
Nazim Bəydəmirli deyir ki, Mərkəzi Bank, banklara, vəsaiti, aldıqları faizdən minimum 6 faiz baha satmağı tövsiyə edir, amma yuxarı həddi müəyyənləşdirmir. Yuxarı hədd barədə qərarı banklar özləri verirlər.
Banklar susur
Banklardan bu mövzuda şərh almaq mümkün olmadı, 10 il Bakıdaki bank filialında müdir işləmiş bir mütəxəssis adının çəkilməməsi şərti ilə deyir ki, ölkədə iqtisadi durum sabit olmadığı üçün banklar risk etmək və aşağı faizlə kredit vermək istəmirlər.
Nazim Bəydəmirli deyir ki, Avropadan fərqli olaraq Azərbaycanda bankların dövriyyəsi aşağı, riskləri yüksəkdir, ona görə də yüksək faizlər tətbiq edirlər.
Milli Məclisin deputatı Vahid Əhmədov bir müddət əvvəl, AzadlıqRadiosuna demişdi ki, məhkəmələrdə qaytarıla bilməyən kreditlərlə bağlı yüzlərlə iş var.
Bu ilin iyulun 1-ə olan məlumata görə, vaxtı keçmiş, yəni qaytarıla bilməyən kreditlərin həcmi 1 milyard 782 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 100 milyon manat azalma deməkdir.
Təhlilçilər bu həddin iqtisadiyyat üçün problem yaratdığını deyirlər.
Üç ildən çoxdur ki, hökumət vaxtı keçmiş kreditlər problemini necə həll etməklə bağlı qərarı götür-qoy edir, bu iş Maliyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb.
Yüksək faizlər kimə sərf edir?
Bəs bankların yüksək faiz dərəcəsindən kimlərə sərf edir?
Keçmiş deputat Nazim Bəydəmirli deyir ki, bu, bank sahiblərinə sərf edir.
2015-ci ildə AzadlıqRadiosunun bir araşdırması iddia edirdi ki, bank sektorunun 20 faizi prezident İlham Əliyevin ailə üzvlərinə və ya onlara bağlı şəxslərə məxsusdur.
Prezident ailəsi bu araşdırmaya hansısa şərh verməmişdi.
Nazim Bəydəmirli isə deyir ki, bankların kredit faizlərini 30-40 faizdən hətta beş faizə də salmaq mümkündür:
“Təklif edirəm ki, Mərkəzi Bank və Neft Fondu xaricdəki vəsaitlərini ölkəyə gətirərək, kommersiya banklarına aşağı faizlə kredit versin. Bu, kredit faizlərini aşağı sala bilər. Çünki Rusiyanın VTB bankına qoyulan vəsait heç illik 1 faiz gəlir gətirmir. Başqa ölkələrdəki vəsaitlə də bağlı da durum eynidir”.
AzadlıqRadiosu bu mövzuda Bakı sakinləri arasında sorğu keçirib:
Hakimiyyətin kredit faizlərini azaltması üçün hansısa planı varmı? AzadlıqRadiosu rəsmilərdən gün ərzində bu suala cavab ala bilməyib.
Azərbaycan iqtisadiyyatında durum 2014-cü ilin sonunda, neftin ucuzlaşmasından sonra pisləşməyə başladı, bir çox iş yerləri bağlandı, əhalinin yüksək faizlə götürdüyü krediti qaytarmasını çətinləşdirdi. Xüsusislə o zaman dolların ucuz vaxtı götürülmüş kreditlər manatın iki dəfədən çox dəyər itirməsinə görə qəflətən artıq vətəndaşlar üçün ağır yükə çevrildi.