Başqırdıstanda məhkəmə yanvarın 17-də yerli ekofəal, Rusiyada qadağan olunmuş “Başkort” təşkilatının keçmiş başçısı Fail Alsınova “nifrət və ya düşmənçilyin qızışdırılması” maddəsi ilə 4 il iş kəsib.
AzadlıqRadiosu xəbər verir ki, hökmün elan edilməsindən dərhal sonra Başqırdıstanda kütləvi etirazlar başlanıb.
Xəbərlərdə deyilir ki, yanvarın 17-də, iki gün bundan əvvəl olduğu kimi Alsınovu müdafiə etmək üçün minlərlə etirazçı toplaşmışdı.
Onlar müxtəlif etiraz şüarları səsləndirirdilər. Bundan sonra polis etirazçıları dəyənəklərlə döyməyə və saxlamağa başlayıb.
Sota teleqram kanalı bildirir ki, məhkəmənin qarşısındakı etirazçılara qarşı işıq-səs qumbaralarından, daha sonra isə gözyaşardıcı qazdan istifadə olunub.
Məhkəmə binasının qarşısına təcili yardım ambulansları gətirilib. 20-dək xəsarət alana tibbi yardım göstərildiyi xəbər verilir.
Etirazçılarla danışıqlar
Məhkəmə hökmü elan edildikdən sonra polis bir neçə etirazçını saxlayıb. Bu da xəbər verilir ki, polis və təhlükəsizlik qüvvələri etirazçılarla danışıqlara başlamışdılar. Onlara artıq saxlananların azad edilməsi müqabilində məhkəmə binasından çəkilmək təklif olunmuşdu.
Lakin buna qədər etirazçılarla polis arasında bir neçə toqquşmalar olub. Etirazçılar polislərin bir neçə metr geri çəkilməsinə nail olublar.
Məhkəmə binasının ətrafındakı bütün küçələr polis tərəfindən bağlanıb. Buna baxmayaraq adamlar məhkəmə binasına tərəf axışmaqda davam ediblər.
“Mən həmişə öz xalqım və öz respublikam naminə mübarizə aparmışam...”
Alsınovun tərəfdarları bildiriblər ki, əlavə polis qüvvələrinin qarşısının alınması üçün Başqırdıstanda Baymak məhkəməsinə gedən bütün yolları bağlayacaqlar. Onlar deyiblər ki, Alsınovun koloniyaya aparılmasına imkan verməyəcəkılər.
Bəzi xəbərlərə görə bu rayona Rusiya Qvardiyasının birləşməsi göndərilib.
Prokurorluq Alsınov üçün cəzasını məskən tipli koloniyada çəkməklə 4 il iş istəmişdi.
Alsınovun vəkili İlnur Suyundukov deyib ki, Başqırdıstanda məhkəmə sisteminə heç bir etibar yoxdur və işə başqa regionda təkrar baxılmalıdır.
Alsınov hökm oxunduqdan sonra təqsirsiz olduğunu bəyan edib:
“Mən təqsirli olduğumu inkar edirəm. Mən həmişə ədalət, öz xalqım və öz respublikam naminə mübarizə aparmışam”.
Alsınova hökm çıxarmaqdan başqa məhkəmə habelə Baymak rayonu administrasiyasına və polis idarəsinə “əhali arasında profilaktik iş aparılmadığına və ekstremist fəaliyyətin qarşısının alınmadığına görə” rəsmi iradını bildirib.
“Qara camaat” nə deməkdir
Alsınova qarşı işə səbəb onun 2023-cü ilin aprelində etdiyi bir çıxış olub. O istintaqın versiyasına görə “Qafqaz və Mərkəzi Asiya sakinləri” və ermənilər barədə neqativ fikirlər səsləndirib.
Müstəntiqlər hesab edirlər ki, Alsınov bu çıxışı ilə “insan ləyaqətini alçaldan” hərəkətə yol verib.
Alsınovun vəkili isə bildirir ki, o çıxışında “qara xalq” (qara camaat) ifadəsini işlədib, bu isə türk dillərində “sadə xalq” deməkdir.
Xəbərdə deyilir ki, hələ bu hökmdən əvvəl Rosfinmonitorinq agentliyi Alsınovun adını “terrorçuların və ekstremistlərin” siyahısına salıb.
Fəala qarşı cinayət işi avqust ayında Başqırdıstanın başçısı Radi Xabirovun şikayəti əsasında açılıb. Xabirov Alsınovun “millətlərarası ixtilafı qızışdırmasına” və “antidövlət çıxışlarına çağırışlarına, habelə ekstremist fəaliyyətinə, Rusiya ordusunun gözdən salınmasına görə” cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.
Məhkəmə öz hökmündə yalnız “nifrətin qızışdırlması” ittihamını saxlayıb.
Fəal isə öz növbəsində Xabirovun müraciətini “çuğulçuluq” adlandırmış və respublika başçısına yazdığı açıq məktubda özünə qarşı ittihamları rədd etmişdi.
“Kuştau dağı üçün qisas”
Polis yanvarın 16-da məhkəmə binasının qarşısında Alsınovu dəstəkləyən dörd fəalı saxlamışdı.
Bunlar “Başkort” təşkilatının keçmiş lideri İlnar Qalin və fəallar Yulay Aralbayev, Rafail Abdraxmanov və Fanzil Axmetşin idi.
Fail Alsınov Başqırdıstanda Kuştau dağının müdafiəçisi kimi tanınır. Hakimiyyət bu ərazini sənaye işləri üçün “Başqırdıstan Soda” şirkətinə vermək istəyirdi. O vaxt fəallar Kuştaunu təbiət abidələrinin siyahısına saldırmağa nail olmuşdular.
Qadağan olunmuş "Başkort" təşkilatına gəlincə isə, o əsas etibarilə etnik başqırdların hüquqlarının müdafiəçisi kimi tanınıb.
Publisist və politoloq Ruslan Aysin hesab edir ki, Alsınovun təqib olunması məhz Kuştau aksiyalarına görə qisas aktıdır.