Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:23

Köçkünləri bağçadan çıxarırlar


İllüstrasiya
İllüstrasiya

►“Elə ki qaçqın şəhərciyi hazır oldu, icra hakimiyyətinin işçiləri bəhanə gətirdilər ki, guya biz məcburi köçkün hesab olunmuruq.”

“QUZANLIDAN ARAYIŞ GƏTİRMİŞİK”​

“İcra hakimiyyəti xəbərdarlıq edib ki, maşın göndərirlər, əşyalarımızı maşınlara yığıb aparıb “Güllü bağ” deyilən ərazidəki keçmiş uşaq bağçasının köhnə, dağılmış, yarımçıq binasına yerləşdirmək istəyirlər. Halbuki ora aparıb heyvan da bağlasan, dayanmaz”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Mingəçevirdə “DRESS” kimi tanınan ərazidəki “Bənövşə” uşaq bağçasının binasının bir hissəsində məskunlaşmış Ağdamdan köçkün olan Xəqani Həmzəyev deyib.

Onun sözlərinə görə, 12 ildir burada məskunlaşıblar. Deyir, həmin vaxt icra hakimiyyəti onları buraya yerləşdirəndə vəd edib ki, bu binadan birbaşa yeni salınacaq qaçqın şəhərciyinə köçürüləcəklər:

“Amma elə ki qaçqın şəhərciyi hazır oldu, icra hakimiyyətinin işçiləri bəhanə gətirdilər ki, guya biz Quzanlıda qeydiyyatda olduğumuza görə məcburi köçkün hesab olunmuruq. Çünki Quzanlı işğal altında deyil. Burada məskunlaşan 15 ailədən 11-ni köçürtdülər, bizə isə böhtan atdılar ki, guya qaçqın adından istifadə edirik. Halbuki Quzanlıdan gedib arayış da gətirmişik ki, bizim oraya qeydiyyatımız yoxdur”.

Buna da bax: Azərbaycan vətəndaşına "xarici müxbir" demək olar?

“BU QIŞDAN SALAMAT ÇIXMAZLAR”

Buranı yaxşı-pis düzəltdik, oturduq. İndi bizə neçə il lazımdır ki, o qəzalı binanı düzəldək, təmir edək... Elə hər dəfə məskunlaşıb təmir edib oturacağıq, gəlib çıxarıb başqa xarabalığa aparıb tökəcəklər?

Köçkün deyir, 12 il ərzində məskunlaşdıqları yeri özləri təmir ediblər. İndi onları yaşamaq üçün yararsız yerə köçürmək istəyirlər:

“4 ailəyik, hər ailənin də azı 5 nəfər üzvü var. Zəhmətimizlə təmir edib, abadlaşdırıb oturmuşuq. Uşaqlarımız da yaxınlıqdakı məktəbdə təhsil alır. Qarşıdan soyuqlar gəlir, qocamız, körpəmiz var. Bizi dağa-daşa salırlar. Deyirlər, “ya oradır, ya da küçə”...”

Köçkün Zaur Abdulovun ailəsi 5 nəfərdən ibarətdir. Deyir, bağçanın binasını tərk edərlər. Bir şərtlə ki, onları qəzalı, köhnə binaya yox, yeni salınmış şəhərciyə köçürsünlər:

“Buranı yaxşı-pis düzəltdik, oturduq. İndi bizə neçə il lazımdır ki, o qəzalı binanı düzəldək, təmir edək... Elə hər dəfə məskunlaşıb təmir edib oturacağıq, gəlib çıxarıb başqa xarabalığa aparıb tökəcəklər? Gəliblər ki, “ya əşyalarınızı özünüz toplayın, ya da gəlib tökəcəyik çölə...” Gedib təklif etdikləri yerə də baxmışam. Yarımçıq, dağılmış tikilidir. 4 ailənin hamısında xəstə var. Xəstələrimiz o uçuq binada bu qışdan salamat çıxmazlar”.

Buna da bax: “Oliqarx nazirləri yeniləri əvəzləyəcək”

UŞAQ BAĞÇASI BOŞALDILMALIDIR

Uşaq bağçasının bir tərəfi zəbt olunub, uşaqları yerləşdirməyə bağça yoxdur.

Mingəçevir şəhər İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, bir neçə il əvvəl “Bənövşə” uşaq bağçasının bir hissəsi köçkünlər tərəfindən zəbt olunub. Həmin ailələrdən 11-i ərazidən köçürülsə də, 4 ailə müqavimət göstərərək binanı tərk etmək istəmir:

“Uşaq bağçasının bir tərəfi zəbt olunub, uşaqları yerləşdirməyə bağça yoxdur. Bu səbəbdən də binanın həmin hissəsi təmir olunub uşaq bağçası kimi fəaliyyətini davam etdirməlidir. Təklif olunan yer heç də indikindən pis deyil”.

İcra hakimiyyətindən bildiriblər ki, onların işi uşaq bağçasının zəbt olunmuş hissəsini boşaltmaqdan və uşaqların istifadəsinə verməkdən ibarətdir. Köçkünlərsə vəziyyətlərini Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ilə aydınlaşdırmalıdırlar.

XS
SM
MD
LG