Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:01

Baxmutda döyüşlər davam edir. Priqojinin təklifi - kəşfiyyat sənədi sızıb


Baxmut yaxınlığı
Baxmut yaxınlığı

Ukrayna prezidenti Volodimir Zelenski Avropa səfəri çərçivəsində daha çox hərbi yardım vədləri almaqdadır. Ölkənin yüksək rütbəli komandiri isə deyib ki, onun quru qoşunları şərqi Baxmut şəhərində Rusiya qüvvələrini çətin şərtlər altında məğlub edə biləcəklərini göstəriblər.

General-polkovnik Aleksandr Sırski mayın 15-də Ukraynanın Media Hərbi Mərkəzinin Teleqram kanalına bildirib: “Baxmutun müdafiəsi davam edir və son günlər göstərdi ki, Ukrayna irəliləyə və oradakı Rusiya qüvvələrinin qarşısını ala bilər. Qoşunlarımızın Baxmut istiqamətində irəliləməsi – şəhərin müdafiəsində ilk uğurlu hücum əməliyyatıdır".

Sırski əlavə edib ki, onun komandanlıq etdiyi quru qoşunları Rusiyayla müqayisədə daha az resursla döyüşür. Kremlin son aylarda Ukraynanın Donetsk vilayətindəki Baxmut şəhərini ələ keçirmək cəhdlərinə Rusiyanın nizami qüvvələri ilə yanaşı özəl “Vaqner” muzdlu döyüşçüləri cəlb olunub.

“Son günlər göstərdi ki, bu cür son dərəcə çətin şəraitdə belə, irəliləyib düşməni məhv edə bilərik. Baxmutun müdafiəsi əməliyyatı davam edir. Müdafiə üçün bütün lazımi qərarlar qəbul edilib", – Sırski vurğulayıb.

NATO-ya müraciət

Ukrayna Baş Qərargahının mayın 14-də yaydığı məlumata görə, Rusiya ordusu əsas səylərini Donetsk və Luqanskdan ibarət Donbas bölgəsində Lıman, Baxmut, Avdiyivka və Maryinka üzərinə cəmləyib. Həmin gün 30-a yaxın toqquşma baş verib.

Ukrayna hərbçiləri Baxmut və Maryinkanı “döyüşlərin episentri” adlandırıblar.

Ukraynanın Baxmutda Rusiya qüvvələrinin müdafiəsini yarmaq cəhdi Kiyevin çoxdan gözlənən əkshücum planları fonunda baş verir. Bu arada Zelenski dəstək toplamaq və Qərb hərbi texnikası tədarükünü təmin etmək üçün Avropaya səfərini davam etdirir.

Zelenski həftəsonu Almaniya və Fransa liderləri, habelə İtaliya rəsmiləri və Roma Papası Fransisk (Pope Francis) ilə görüşüb. O, mayın 15-də Böyük Britaniyanın baş naziri Rişi Sunak (Rishi Sunak) ilə görüşmək üçün Londona gedib. Zelenski daha sonra Kopenhagen Demokratiya Sammitində video müraciətlə çıxış edərək, iyul sammitində Kiyevin üzvlüyü ilə bağlı "müsbət siyasi qərar" qəbul etməsi üçün NATO-ya müraciət edib.

“Onları tək qoymamalıyıq”

Keçən həftə Britaniya Ukraynaya uzaqmənzilli qanadlı raketlər verməyə başlayan ilk ölkə oldu. Sunak Ukraynaya "yüzlərlə" hava hücumundan müdafiə raketi və uzaqvuran hücum dronları vəd edib. “Bu, Ukraynanın seçmədiyi və qızışdırmadığı dəhşətli işğalçı müharibəyə müqavimətində mühüm məqamdır. Onları tək qoymamalıyıq”, – Sunak vurğulayıb.

"Böyük Britaniya quruda və havada imkanlarımızı artırmaqda liderlik edir. Bu əməkdaşlıq bu gün də davam edəcək", – bunu isə Zelenski Londona səfəri ərəfəsində rəsmi Telegram kanalında qeyd edib.

Mayın 14-də Zelenski ilə Fransa prezidenti Emmanuel Makronun (Emmanuel Macron) görüşündən sonra, Fransa Kiyevə onlarla zirehli texnika və yüngül tanklar, o cümlədən AMX-10RC döyüş maşınları göndərəcəyini açıqlayıb. Almaniya isə mayın 13-də Ukraynaya əlavə 2,7 milyard avro (3 milyard dollar) hərbi yardım göndərəcəyini bildirib ki, bu da ötən ilin fevralında Rusiyanın işğalı başlayandan Berlinin ən böyük yardım paketidir.

Berlinə səfəri zamanı Almaniyaya “əsl dost” olduğuna görə təşəkkür edən Zelenski deyib ki, Ukraynanın Qərb tərəfdaşları bu ilin sonunda Rusiyanı Ukraynada “həmişəlik” məğlubiyyətə uğrada bilərlər.

Priqojinin Ukraynaya təklif göndərdiyi iddia olunur

Ukraynanın artıq çoxdan gözlənilən əks-hücum əməliyyatına başlayıb-başlamaması ilə bağlı ehtimallar fonunda, “Vaqner” muzdlu qruplaşmasının başçısı Yevgeni Priqojin ilə Rusiya hərbi və müdafiə rəsmiləri arasında iddia olunan ziddiyyətlər diqqət mərkəzindədir.

Mayın 14-də “The Washington Post” ABŞ kəşfiyyatının sızdırılmış sənədlərinə istinadən yazıb ki, Priqojin yanvarda Ukrayna hökumətinə, qüvvələrini şəhərdən çıxarmaq qarşılığında, Rusiya qoşunlarının mövqelərini açıqlamağı təklif edib. “Vaqner” aylardır Baxmutda qanlı döyüşlərin aparıcı qüvvəsidir. Priqojinin bu təklifi Ukrayna kəşfiyyatındakı əlaqələri vasitəsilə etdiyi xəbər verilir.

Məlumata görə, Kiyev təklifi rədd edib. Vaşinqton “Discord” söhbət platformasına sızan və ABŞ-ın məxfi sənədlərinə əsaslanan hesabatı şərh etməyib.

Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqi olan Priqojin, bundan əvvəl əlavə döyüş sursatı almayacaqları halda qoşunlarını Baxmut və ətraf rayonlardan çıxaracağını bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi mayın 14-də Ukraynanın şərqində hücumları dəf etməyə çalışarkən iki hərbi komandirinin həlak olduğunu bildirib. Qurumun məlumatına görə, Ukrayna qüvvələri son 24 saat ərzində Baxmutun şimal və cənubuna hücumlara başlayıb, lakin nəticə əldə etməyib.

Hər iki tərəfdən ağır itkilərlə nəticələnən və aylarla davam edən döyüşlərdən sonra nə Ukrayna, nə də Rusiya qüvvələri şəhərə tam nəzarəti ələ keçirə bilib.

Kiyev Priqojin və digərlərinin əks-hücumun rəsmən başlanması ilə bağlı iddialarını təkzib edib.

XS
SM
MD
LG