Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:49

Bəxtiyar Hacıyev: ‘Mən şəxsi qisasçılıq və sifarişlə həbs olunmuşam’


Həbsdəki ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, şəxsi qisasçılıq və sifarişlə həbs olunub. Onun sözlərinə görə, hələ 2020-ci ildə 44 günlük müharibə dövründə orduya yardım aksiyası aparanda ona xəbərdarlıq edilmişdi.

“O zaman bir nəfər yaxınlaşıb dedi ki, yaxın günlərdə Daxili İşlər Nazirliyi tərəfindən sənə qarşı qarayaxma kampaniyası başlanacaq. Düzü, inanmadım. Amma deyildiyi kimi oldu – 2021-ci ilin martından mənim yazışmamı saxtalaşdırıb yaydılar” - B.Hacıyev öz məhkəməsində ifadə verərkən belə söyləyib.

“…Alma ilə banan kimi fərqlidir”

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, fevralın 16-dakı məhkəmədə öncə xətşünaslıq ekspertizası keçirilməsi üçün vəsatət qaldırıb. B.Hacıyevin sözlərinə görə, cinayət işinin materiallarında bir sıra şəxsin ifadə və imzaları saxtalaşdırılıb. O, müstəntiq Pünhan Əbilovla həkim-ekspert Cahangir İsmayılovun adlarını çəkib və deyib ki, iş materiallarında bu adamların müxtəlif protokollarda imzaları var və imzalar bir-birinə uyğun gəlmir:

“Cinayət işinin başlanması haqda qərarda Pünhan Əbilovun imzası var. O imza ilə onun Bakı şəhər Baş Polis İdarəsində şahid qismində dindirilməsi barədə protokoldakı imza tamam fərqlidir. Eləcə də Cahangir İsmayılovun adından atılmış imzalar. Bunlar o qədər fərqlidir, kitabla qələm kimi, alma ilə banan kimi...”

Amma hakimlər xətşünaslıq ekspertizası keçirmək barədə ictimai fəalın vəsatətinə “yox” deyiblər.

Hacıyevin işində zərərçəkmiş qismində tanınan iki nəfər - bloger Ülviyyə Muradova (Alovlu) və Yasamal rayon Məhkəməsinin icra məmuru Orxan Abdullayev yenə məhkəməyə gəlməyiblər. İctimai fəal və vəkili onların məcburi gətirilməsi barədə qərar çıxarılması üçün vəsatət qaldırıblar.

Hakim məcburi gətirilmə məsələsinə gələcəkdə baxıla biləcəyini dedi

Hakim Əli Məmmədov onlara bir daha məhkəmə bildirişi göndərəcəklərini, yenə gəlməsələr, məcburi gətirilmə məsələsinə baxıla biləcəyini söyləyib.

Ü.Alovlunun məhkəmədəki nümayəndəsi Sevda Məhərrəmova vəsatət qaldırıb ki, təmsil etdiyi şəxsin şəxsi həyatına aid məsələlərin mediaya çıxmasını istəmədiklərindən, o dindirilərkən, məhkəmə qapalı keçirilsin.

Hacıyev buna etirazını bildirib və deyib ki, məhz Alovlu onun şəxsi həyatına aid bir çox məsələləri ictimailəşdirib, ona qarşı qarayaxma kampaniyasına qatılıb, vəfat etmiş yaxını haqda nalayiq fikirlər yayıb. Hətta onun valideynlərilə telefon danışığını gizlicə yazıb, saytlara ötürüb:

“O, zərərçəkən deyil, zərərvurandır, məni şərləyib. O öz yalanlarının üzə çıxmasından qorxmursa, gəlsin bura. Mən də çalışacağam ki, səbrlə ona suallarımı verim”.

Hakimlər də Ü.Alovlu dindirilərkən, məhkəmə iclasının qapalı keçirilməsinə əsas görməyiblər.

Bu məsələlərin müzakirəsindən sonra B.Hacıyev dolğun ifadə verib.

“Cinayət işi başlanmış, sonra xitam verilmişdi...”

Onun sözlərinə görə, Yasamal rayon Məhkəməsində Ü.Alovlu ilə aralarında baş vermiş insidentdən onu cəzalandırmaq məqsədilə istifadə edilib. İctimai fəal deyir ki, o hadisədə heç bir təqsiri yox idi və bu, videogörüntülərdən də aydın görünür:

“Bu hadisə ilə əlaqədar cinayət işi başlanmış, sonra xitam verilmişdi. Məni həbs eləmək məsələsi ortaya çıxanda yenilədilər. Bu məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərovla dəfələrlə görüşlərim olmuşdu. O bildirmişdi ki, görüntüləri yaxınlaşdırıb baxıblar, günah səndə yox, Muradovadadır. Amma qadındır deyə, ona qarşı addım atmaq istəmirlər, çünki nazirin də göstərişi var ki, xanımlarla bağlı məsələdə daha həssas yanaşılsın. Elə həmin polislərin Sevinc Vaqifqızına, Nərgiz Absalamovaya, Elnarə Qasımovaya qarşı davranışlarını da gördük. Sevinci tutmaq üçün təyyarənin trapına qədər çıxmışdılar”.

Hacıyevin fikrincə, həbsinin başlıca səbəblərindən biri Azərbaycanda insan haqlarını kobud şəkildə pozan məmurlara qarşı sanksiya tələbi olub. Onun sözlərinə görə, 2022-ci ilin dekabrında - həbsindən bir neçə gün öncə xəbərdarlıq olunmuşdu ki, əgər sanksiya söhbətindən əl çəkməsə, özü cəzalandırılacaq:

“Təsadüfi deyil ki, “bandotdel”in polkovniki Kərim Əlimərdanovun adı sanksiya siyahısına salındığı gün məni həbs elədilər”.

İctimai fəal vurğulayıb ki, həbsdə olduğu müddətdə ona qarşı irəli sürülmüş qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi ittihamlar da əsassızdır. Hacıyevin sözlərinə görə, hələ bu ittihamlardan öncə Ü.Alovlunun adından, prezident, vitse-prezident də daxil, müxtəlif dövlət orqanlarına onun dövlət çevrilişi hazırlaması, bu məqsədlə xaricdən pul alması barədə məktublar göndərilib.

“100 dovşandan 1 at, 100 iddiadan da 1 fakt ola bilməz”

“Bir müddət sonra bir naməlum elektron poçtdan da istintaqa eyni məzmunlu məktub gəlib. Belə çıxır ki, ya o poçt da Ülviyyənindir, ya da ikisi də eyni mənbədən qidalanır. Bunun da əsasında mənə yeni ittihamlar verilir. 100 dovşanı toplayanda 1 at olmadığı kimi, 100 iddianı da ortaya atmaqla fakt ola bilməz” - B.Hacıyev belə deyib.

İctimai fəalın dindirilməsi martın 1-də keçiriləcək növbəti məhkəmə iclasında davam edəcək.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi. Bu ittihamlarda Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloger Ülviyyə Muradova (Alovlu) arasındakı qalmaqaldan söhbət gedir.

İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

Ancaq o özünü təqsirli bilmir, bütün bu ittihamların əsassız olduğunu deyir. B.Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə, elə onun sifarişiylə həbs olunduğunu iddia edir.

B.Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG