Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:41

Bəxtiyar Hacıyev: ‘Mən qaçaqmalçılıq eləmişəm, amma bunların yazdığı qaçaqmalçılığı yox...’


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə çoxsaylı ittihamlardan biri də qaçaqmalçılıqdır. O, xuliqanlıq, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamları qəbul etməsə də, qaçaqmalçılıqla razılaşır. Amma deyir ki, onun qaçaqmalçılığı cinayət işi materiallarında yazıldığı kimi olmayıb. İctimai fəal öz məhkəməsində bu məqamlardan söz açıb.

İlyarıma yaxın həbsdə olan B.Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır və o, ard-arda neçə iclasdır ki, ifadə verir.

Martın 15-də məhkəməyə ifadəsində B.Hacıyev bir daha vurğulayıb ki, cinayət işinin materiallarında yazılan ittihamların hamısı əsassızdır:

“Qaçaqmalçılıq ittihamı son vaxtlar dəbə minib. Jurnalistlər, vətəndaş cəmiyyəti fəallarına qarşı bu ittihamdan istifadə olunur. Mən qaçaqmalçılıq eləmişəm, amma bunların yazdığı qaçaqmalçılığı yox. Yazıblar ki, guya Gürcüstandan Azərbaycana pul gətirmişəm. Amma nə vaxt gətirmişəm, necə gətirmişəm – heç nə yoxdur”.

Bunların hamısı “Orduya yardım” kampaniyası çərçivəsində istifadə olunub

B.Hacıyev deyir ki, 2020-ci ildə 44 günlük müharibə dövründə bir neçə nəfərlə birlikdə qaçaqmalçılıq edib. Türkiyə və Almaniyadan “Western Union” sistemi vasitəsilə xeyli pul və termal paltarlar göndərilib.

Bunların hamısı “Orduya yardım” kampaniyası çərçivəsində istifadə olunub:

“Orduya yardım məqsədilə gətirilən corablar, dizliklər, termal paltarlar üçün gömrük bəyannaməsi vermirdik. Müxtəlif qurumlar da kömək edirdi. Sonuncu dəfə gömrükdən buraxmaq istəmədilər ki, müharibə bitib. İzah eləməyə çalışdıq ki, axı hərbçilərimiz orada qalıb, onların bu geyimlərə ehtiyacı var. Prezident Administrasiyasına – Hikmət Hacıyevə müraciət etdik. O da müxtəlif qurumlara göstəriş verdi ki, bizə kömək eləsinlər”.

“Amma... ən çox iş görənlərdən ikisini – məni və dostum Rail Abbasovu şərləyib həbs elədilər”

Bu anlamda qaçaqmalçılıq suçunu qəbul etdiyini söyləyən ictimai fəalın fikrincə, onu istər ictimai fəaliyyətinə, istərsə müharibə dövründəki xidmətlərinə görə cəzalandırırlar. Onun sözlərinə görə, yaxın çevrəsində bir çoxları prezident İlham Əliyevin onu 44 günlük müharibə dövründə arxa cəbhədəki fəaliyyətinə görə medalla mükafatlandıracağını düşünürdü:

“Amma o dövrdə arxa cəbhədə ən çox iş görənlərdən ikisini – məni və dostum Rail Abbasovu şərləyib həbs elədilər”.

B.Hacıyev ev dustaqlığına buraxılmasını istəyib, martın 15-də məhkəmədə bu barədə vəsatət də qaldırıb. Amma vəsatəti təmin edilməyib. Hakim deyib ki, onun məhkəmədə dindiriləcək şahidlərə təsir göstərmək ehtimalı var.

Onun məhkəməsi aprelin 5-də davam edəcək.

Xatırlatma

B.Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi.

Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloger Ülviyyə Muradova (Alovlu) arasındakı qalmaqaldan edilir.

İstintaq gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

Özünü təqsirli bilməyən ictimai fəal bu ittihamların hamısının əsassız olduğunu deyir. B.Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə və onun sifarişiylə həbs olunduğunu iddia edir.

B.Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG