ABŞ prezidenti seçilmiş Co Bayden noyabrın 10-da bəyan edib ki, onun seçki qələbəsindən sonra heç nə hakimiyyətin ona ötürülməsini dayandıra bilməz.
Doğma Delaver ştatında çıxış edən Bayden prezident Donald Trampın onun qələbəsini qəbul etməyəcəyinə dair bəynatlarından narahat olmamağa çağırıb.
Tramp 3 noyabr seçkisi zamanı saxtakarlığa yol verildiyinə dair əsassız iddialar qaldırmışdı.
Baş prokuror Uilyam Barr və Senatda respublikaçı çoxluğun lideri Miç Makkonel bildirmişdilər ki, onlar Trampın bir neçə ştatda seçki nəticələrinin hüquqi müstəvidə araşdırılmasına dair tələblərini dəstəkləyirlər.
“Rüsvayçılıq”
Bayden deyib ki, Trampın öz məğlubiyyətini qəbul etməməsinə baxmayaraq hakimiyyətin keçidi prosesi başlanıb və bir neçə respublikaçının onun qələbəsini inkar etməsi o qədər də önəmli deyil.
Trampın öz məğlubiyyətini qəbul etməməsi barədə suala cavab verən Bayden bunu “rüsvayçılıq” adlandırıb.
Trump noyabrın 10-da da “kütləvi seçki saxtakarlığı” barədə əsassız iddialar səsləndirib və deyib ki, o, son nəticədə qalib gələcək.
Buna baxmayaraq ABŞ dövlət katibi Maykl Pompeo israr edib ki, Tramp hakimiyyətdə qalacaq.
Bundan bir gün əvvəl Tramp müdafiə naziri Mark Esperi vəzifəsindən kənarlaşdırmışdı.
Trampın yaxın müttəfiqləri Baydeni təbrik edirlər
Bu arada ABŞ-a müttəfiq ölkələrin liderləri Baydeni qələbə münasibətilə təbrik edirlər.
Britaniyanın baş naziri Boris Conson, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel də Baydeni təbrik ediblər.
Noyabrın 10-da nəhayət Türkiyə prezidenti Recep Tayyip Erdoğan da Baydeni təbrik edənlərə qoşulub.
Halbuki Bayden bir vaxtlar Erdoğanı “avtokrat” adlandırmışdı.
Böyük yeddilər qrupuna daxil bütün ölkələrin liderləri, hətta Trampın yaxın müttəfiqləri – İsrail baş naziri Benyamin Netanyahu və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman da Baydeni təbrik ediblər.
Baydeni Rusiya, Çin, Braziliya daxil bir neçə ölkənin liderləri hələlik təbrik etməyiblər.