İyulun 28-də ABŞ Prezidenti Co Bayden çinli həmkarı Si Cinpinlə iki saatdan çox çəkən telefon söhbətində Tayvandakı gərginliyi müzakirə ediblər.
Ağ evin bəyanatında deyilir ki, iki prezident “ikitərəfli münasibətlərdə vacib bir sıra məsələləri, digər regional və qlobal məsələlər”dən danışıblar.
Bayden ABŞ-ın Tayvan siyasətinin dəyişmədiyini vurğulayıb. O əlavə edib ki, Birləşmiş Ştatlar “status kvonun dəyişdirilməsinə, yaxud Tayvan körfəzində sülh və sabitliyi pozmağa yönəlik birtərəfli cəhdlərə qarşı çıxır”.
“Odla oynayan...”
Pekinin telefon söhbətiylə bağlı yaydığı məlumata görə, Si Çinin onillərdir demokratik idarəçilik olan adaya iddiasını vurğulayıb.
“Odla oynayan özünü yandıracaq. ABŞ-ın bu məsələdə ayıq olacağına ümid edirik”, – Çinin Xarici İşlər Nazirliyi bildirib.
Bu telefon söhbətindən öncə Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi Tayvana mümkün səfərinin anonsunu verib. Pekin bu səfəri provokasiya hesab edəcəyini deyib.
Tayvan Birləşmiş Ştatlardan hərbi yardım və qeyri-rəsmi müdafiə dəstəyi alır.
Bayden ötən ilin əvvəlində prezident postuna keçəndən Si ilə beşinci dəfədir telefonla danışır. Onlar sonuncu dəfə martda, Rusiya Ukraynanı işğal etməyə başlayandan sonra danışıblar.
ABŞ rəsmiləri bu söhbətin gündəminin geniş olacağını, Rusiyanın işğalının da müzakirə ediləcəyini deyirdilər. Çin işğalı pisləməyib.
İkitərəfli görüş ehtimalı
ABŞ-ın aparıcı rəsmisi jurnalistlərə deyib ki, Bayden və Si iki lider kimi ilk təkbətək görüşün mümkünlüyünü müzakirə ediblər, komandalarına bunu nəzərdən keçirmək göstərişi veriblər.
Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi iyulun 27-də deyib ki, ABŞ və Çinin münasibəti “hazırda dünyada ən ciddi nəticələri olan ikitərəfli əlaqələrdən biridir” və Bayden Si ilə kommunikasiya xətlərinin açıq qalmasını istəyir.
Körbi jurnalistlərə deyib ki, Pekinlə Vaşinqtonun əməkdaşlıq edə biləcəyi, “açıq ziddiyyət və gərginlik olan məsələlər var”.