Dünya xəbərləri
ABŞ prezidenti Ukraynanın təhlükəsizliyi üçün 425 milyon dollar ayırır

ABŞ prezidenti Co Bayden (Joe Biden) səlahiyyət müddətinin qalan hissəsi ərzində Ukraynanın təhlükəsizliyini gücləndirmək səyləri çərçivəsində bu ölkəyə 425 milyon dollardıq dəstək paketi barədə elan edib. Ağ ev oktyabrın 16-da bildirib ki, bu barədə o, ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edərək deyib.
Dəstək paketinə yüzlərlə hava hücumundan müdafiə raketi, onlarla taktiki havadan müdafiə sistemi, əlavə artilleriya sistemləri, böyük miqdarda silah-sursat, yüzlərlə zirehli transportyor və piyadanın döyüş maşınları daxildir.
Ukrayna prezidenti, öz növbəsində, Rusiya üzərində qələbə qazanmaq üçün hazırladığı plan barədə Baydeni yenidən məlumatlandırıb.
ABŞ prezidenti Ukraynaya hərbi yardımı ölkəsində noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi etməyə hazırlaşır. Belə ki, seçkilərdə respublikaçı namizəd Donald Tramp (Donald Trump) yenidən qələbə qazansa, o, Ukraynadakı müharibəni danışıqlar yolu ilə qısa müddətdə bitirə biləcəyini deyib. Konqresdəki bir çox respublikaçılar Ukraynaya əlavə hərbi yardımın göstərilməsinin əleyhinədir.
Bayden və seçkilərdəki demokratların namizədi Kamala Harris Trampın müharibəyə tezliklə son qoya biləcəyi barədə dediyini tənqid ediblər. Onların qənaətinə görə, bu, Moskvaya hazırda işğal etdiyi ərazilərdə mövqelərini bərkitməyə və bundan sonrakı irəliləyişlərə yol aça bilər.
Əlavə yardımın göstərilməsini koordinasiya etmək üçün Bayden noyabrda Ukraynanın Müdafiəsi üzrə Kontakt Qrupunun onlayn görüşünə başçılıq edəcək.
Ağ evin sözçüsü Karin Jan-Pyer (Karine Jean-Pierre) Baydenin bu həftəsonu Avropaya səfəri zamanı Zelenski ilə görüşə bilməyəcəyini, lakin ABŞ prezidentinin Rusiya qoşunlarına qarşı mübarizədə "ukraynalıların yanında olmaq" istədiyini söyləyib. Bayden "Milton" qasırğasına görə ötən həftə Avropaya planlaşdırdığı səfəri təxirə salmışdı.
Bütün xəbərləri izləyin
Ukrayna Krım körpüsünü vurduğunu bildirir

Ukrayna Rusiyanı Moskvanın işğalı altında olan Krım yarımadası ilə birləşdirən körpünü sualtı partlayıcılarla vurduğunu bildirir. İki gün öncə isə Kiyev Rusiya ərazisinə dron hücumları ilə onlarla uzaqmənzilli bombardmançı təyyarəni dağıdıb.
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) iyunun 3-də yaydığı bəyanatda bildirib ki, bir neçə aydır hazırlanan əməliyyat zamanı agentlər Kerç boğazındakı körpünün dayaqlarını 1100 kiloqramlıq partlayıcılarla minalayıblar.
SBU-nun vebsaytında yerləşdirilmiş, AzadlıqRadiosunun həqiqiliyini təsdiqlətdiyi videoda körpünün altında böyük partlayışın baş verdiyi görünür. Amma partlayışın səbəb olduğu dağıntının miqyası bəlli deyil.
SBU körpüdə “fövqəladə vəziyyət” yarandığını bildirib. Rusiya rəsmi orqanları isə bu gün körpüdə nəqliyyatın müvəqqəti bağlandığını bildirib, amma sonradan körpü üzərində maşınların hərəkəti qeydə alınıb.
Rusiya 19 kilometrlik Kerç körpüsünü 2018-ci ildə tikib, Ukraynanın cənubunu işğal etmiş qüvvələri üçün vacib təchizat xətti sayılır. Moskva Ukraynanın Krım yarımadasını 2014-cü ildə qanunsuz ilhaq edib.
Körpü 2022 və 2023-cü illərdə Ukraynanın hücumlarına məruz qalıb.
SBU iyunun 1-də Rusiyanın dərinliklərinə kütləvi dron hücumuyla azı 40 uzaqmənzilli bombardmançı təyyarəni vurduğunu açıqlayıb. Moskva 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibədə həmin təyyarələrdən istifadə edib.
Prezident Volodimir Zelenski dron hücumunu 18 aydan çox müddətdə hazırlanan əməliyyatın “tam möhtəşəm nəticəsi” adlandırıb.
Zelenski Kerç körpüsünə hücumla bağlı şərh verməyib. Kremldən də rəsmi reaksiya gəlməyib.
Ukraynaya 38 dollar köçürdüyündən 12 il həbs alıb

Volqoqrad vilayət məhkəməsi Volqoqrad Politexnik Kollecinin 21 yaşlı tələbəsi Andrey Qluxovu ona qarşı dövlətə xəyanət maddəsi ilə açılmış iş üzrə 12 il müddətinə azadlıqdan məhrum edib. Andrey həbs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bu barədə "Mediazona" saytı məhkəmənin mətbuat xidmətinə istinadən məlumat verib.
Hökm bir ay davam edən məhkəmə prosesinin sonunda - mayın 29-da çıxarılıb. Onun atası Eduard Qluxov "Mediazona"ya bildirib ki, 2024-cü ilin sentyabrında təhlükəsizlik qüvvələri A.Qluxovun anası ilə birgə yaşadığı mənzilində axtarış aparıblar və ona məxsus kompüter avadanlığı götürüblər. Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən dindirildikdən sonra Andrey evə buraxılıb, ancaq bir ay sonra, 2024-cü ilin oktyabrında o, yenidən saxlanılıb.
E.Qluxovun sözlərinə görə, onun oğlu Andrey Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxıb və Rusiya işğalçı müharibəyə başladıqdan sonra "ya hansısa oyunda, ya da bir saytda" özünü Ukrayna vətəndaşı kimi təqdim edən şəxslə tanış olub. Həmin şəxs ona iki ölkə arasında danışıqların sürətləndirilməsi məqsədilə imzalar topladığını deyib və Andreyə Ukrayna bankında hesab nömrəsi verib. Andrey həmin hesaba iki dəfə olmaqla, hər dəfə 1500 rubl göndərib.
A.Qluxov uşaq yaşlarından əlildir, o, serebral iflicindən (DCP) əziyyət çəkir. Andrey məhkəmədə özünü təqsirli bildiyini deyib.
Rusiya Ukrayna şəhərlərinə dron və raket zərbələri endirib

Rusiya qüvvələri Ukraynanın Sumı şəhərinə zərbə endirib, nəticədə iki nəfər həlak olub, 20-dən çox adam yaralanıb. Yaralılar arasında 17 yaşlı yeniyetmə də var. Bu barədə Sumı vilayətinin hərbi administrasiyası məlumat yayıb. Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə isə, ölənlərin sayı üçə çatıb, yaralananların sayı isə 16 nəfərdir.
Rəsmi qurumlar bildirib ki, iyunun 3-ü səhər saatlarında uzaqmənzilli reaktiv yaylım atəş sistemlərindən (RSZA) beş zərbə qeydə alınıb.
Zərbələr nəticəsində çoxmərtəbəli yaşayış binası, üç fərdi ev, anbar binası, qaraj, avtomobillər və xəstəxana binası zədələnib.
Rusiya iyunun 2-dən 3-nə keçən gecə Ukraynaya dron zərbələri də endirib. Yerli hakimiyyət orqanları bildirib ki, hücum nəticəsində Çerniqov və Odessa şəhərlərində yaşayış binaları zədələnib, yaralılar var. Balakliyada isə bir nəfər həlak olub.
Çerniqov vilayət hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib: "İlkin məlumata görə, üç nəfər yaralanıb: bir qadın və iki kişi. Ağır xəsarətlər alan bu şəxslər şəhər xəstəxanalarına yerləşdiriliblər".
O, çoxmərtəbəli binalara, məktəbə, bir neçə mağazaya, avtobus dayanacaqlarına və fərdi yaşayış evlərinə ziyan dəydiyini əlavə edib. Bir sənaye müəssisəsinin vurulduğu da qeyd olunub.
Çerniqov şəhər hərbi administrasiyasının rəhbəri Dmitri Brijinskinin sözlərinə görə isə, Rusiyanın zərbələri nəticəsində ikisi qadın, ikisi kişi olmaqla ümumilikdə dörd nəfər yaralanıb və onlar tibb müəssisələrinə yerləşdiriliblər.
Brijinski Çerniqovda çoxmərtəbəli binaya, fərdi evlərə, təhsil müəssisəsinə və sənaye müəssisəsinə ziyan dəydiyini təsdiqləyib.
Ukrayna mediası isə Odessaya dron zərbələrinin endirilməsi barədə məlumat yayıb. Odessa vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hücum nəticəsində dörd nəfər xəsarət alıb. Ərzaq məhsulları saxlanan böyük anbarlarda yanğınlar qeydə alınıb. Odessa meri Gennadi Truxanovun sözlərinə görə, mülki infrastruktura ziyan dəysə də, itkilər barədə məlumat yoxdur.
Xarkov vilayətinin Balakleya şəhərində isə Rusiya dronunun endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Şəhər administrasiyasının rəhbəri Vitali Karabanovun sözlərinə görə, dronlar mülki müəssisəyə və açıq əraziyə düşüb. Ölən və yaralanan da elə müəssisənin işçiləridir.
İstanbulda Rusiya-Ukrayna danışıqları uzun sürmədi

Bu gün, iyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Ukraynadakı silahlı münaqişəyə son qoyulması ilə bağlı danışıqların yeni raundu keçirilib.
Nümayəndə heyətlərinin görüşü Bakı vaxtı ilə saat 15:40-da, təyin olunduğu vaxtdan saat yarımdan çox gec başlayıb. 17:00-da danışıqların başa çatdığı elan edilib. Beləliklə, danışıqlar saat yarımdan az davam edib.
Türkiyə mediası ölkənin Xarici İşlər Nazirliyinə (XİN) istinadən bildirib ki, görüş "neqativ olmayıb".
Ukrayna prezident ofisinin rəhbəri Andriy Yermak X sosial media hesabında bildirib ki, bugünkü danışıqlarda Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə geri qaytarılmasını tələb etdiyi uşaqların siyahısını təqdim edib.
"Rusiyanın qeyri-qanuni şəkildə deportasiya etdiyi, zorla köçürdüyü və ya müvəqqəti işğal olunmuş ərazilərdə saxladığı yüzlərlə uşaqdan söhbət gedir", –Yermak bildirib.
Yermakın sözlərinə görə, siyahıda yüzlərlə ad var. Onun sözlərinə görə, uşaqların qaytarılması "Rusiyanın niyyətinin səmimiliyinin ilk sınağı" ola bilər.
Bu tələb Ukrayna prezidenti Volodimir Zelenskinin iyunun 1-də açıqladığı üç əsas şərtdən biridir: "Birincisi – tam və qeyd-şərtsiz atəşkəs. İkincisi – əsirlərin azad olunması. Üçüncüsü – oğurlanmış uşaqların geri qaytarılması".
Moskva isə uşaqları müharibədən qorumaq üçün köçürdüyünü iddia edir.
V.Zelenski iyunun 2-də bildirib ki, Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsinin növbəti mərhələsini də müzakirə edir. O, bu barədə Litvanın paytaxtı Vilnüsdə Mərkəzi Avropa və Şimali Avropa ölkələrinin iştirakı ilə baş tutan sammitdə danışıb.
Mayın 16-da İstanbulda keçirilən danışıqların ilk raundunda tərəflər hərəyə 1000 hərbi əsirin dəyişdirilməsi barədə razılığa gəlib və bu mübadilə ötən ay - mayda başa çatdırılıb.
Ukrayna prezidenti onu da əlavə edib ki, Rusiya və Ukrayna Türkiyənin vasitəsilə müharibənin bitirilməsi üçün öz baxışlarını əks etdirən sənədləri mübadilə ediblər.
+++
Ukrayna ilə Rusiya bütün ağır xəstə hərbi əsirləri və 25 yaşdan kiçik şəxsləri mübadilə etmək barədə razılığa gəliblər. Bunu Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov danışıqların nəticələrini şərh edərkən bildirib.
"Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmadı. Biz yalnız əsirlərin mübadiləsinə razılaşdıq", - o vurğulayıb.
Ukrayna iyunun 20-dən 30-a kimi yeni görüşün keçirilməsini təklif edib.
15:50
İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlər arasında görüşün yeni raundu keçirilir.
Görüşü vasitəçi qismində çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan açıb. Türkiyə Xarici İşlər Nazirliyinin X sosial media hesabında onun çıxışı canlı yayımlanıb. Fidanın sözlərinə görə, tərəflər əsirlərin dəyişdirilməsi, mümkün atəşkəs və iki ölkə prezidentlərinin görüşünü müzakirə etməlidirlər.
Nümayəndə heyətləri arasında müzakirələr qapalı qapılar arxasında keçirilir.
Rusiya nümayəndə heyətinin tərkibi mayın 16-da İstanbulda keçirilən danışıqların ilk raundundan fərqlənmir. Heyətə prezident Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir. Ukrayna nümayəndə heyətinin tərkibində isə kiçik dəyişiklik olub. Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov rəhbərlik edir. Hər iki heyətdə Xarici İşlər Nazirliyinin nümayəndələri, hərbçilər və xüsusi xidmət orqanlarının təmsilçiləri var.
Ukrayna XİN-in sözçüsü X hesabında bildirib ki, xarici işlər nazirinin birinci müavini Sergiy Kislitsa danışıqlardan əvvəl Ukraynanın avropalı tərəfdaşları - Almaniya, İtaliya və Böyük Britaniyadan olan nümayəndələrlə görüşüb. Görüşdə Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Oleksandr Bevz də iştirak edib.
"Tərəflər Ukrayna və Rusiya nümayəndə heyətləri arasında bugünkü görüşdən əvvəl mövqeləri razılaşdırıblar", - Ukrayna XİN bildirib.
Bugünkü görüşdə tərəflərin münaqişənin sülh yolu ilə həlli prinsipləri və mümkün atəşkəs şərtlərini əhatə edən memorandum layihələrini təqdim etməsi gözlənilir.
Polşada prezident seçkisində sağçı Karol Navrotski qalib gəlib

Polşada keçirilmiş prezident seçkilərində müxalifətdən olan sağ-mühafizəkar "Hüquq və Ədalət" partiyasının namizədi Karol Navrotski qalib gəlib. Ölkənin Seçki Komissiyasının ilkin rəsmi məlumatına görə, iyunun 1-də keçirilmiş seçkilərin ikinci turunda səslərin hamısı hesablanıb və K.Navrotski 50.89 faiz səs toplayaraq rəqibi, Varşavanın meri Rafal Tşaskovski üzərində təxminən 400 min səslə üstünlük qazanıb.
Polşanın Milli Yaddaş İnstitutunun keçmiş rəhbəri olan K.Navrotskini səlahiyyət müddəti bitən prezident Andjey Dudanın mənsub olduğu mühafizəkar "Hüquq və Ədalət" partiyası dəstəkləyirdi. Duda ardıcıl iki müddət prezident postunda olub.
K.Navrotski sağçı və millətçi siyasi baxışlara sahibdir və ABŞ prezidenti Donald Trampın siyasətinə simpatiyasını gizlətmir.
2024-cü ilin fevralından Navrotski Rusiyada axtarışdadır. Onun haqqında bu qərar Polşa ərazisində Qızıl Ordu abidələrinin sökülməsi ilə bağlı açılmış cinayət işi çərçivəsində verilib.
Digər namizəd Tşaskovski isə 2018-ci ildən bəri Varşava şəhərinin meri vəzifəsini icra edir, avropayönümlü və liberal siyasətə sadiqdir. Onu namizədliyini hazırkı baş nazir Donald Tuskun rəhbərlik etdiyi "Vətəndaş Koalisiyası" partiyası dəstəkləyirdi.
Mayın 18-də ölkədə keçirilmiş seçkinin birinci turunda Tşaskovski səslərin 31.4 faizini toplayaraq Navrotskini 2 faizdən az fərqlə qabaqlamışdı.
PSJ-nin qələbəsi sonrası iğtişaşlarda iki nəfər ölüb

Parisin "Pari Sen-Jermen" futbol klubunun UEFA Çempionlar Liqasındakı qələbəsindən sonra Fransada baş verən iğtişaşlarda azı iki nəfər ölüb, 192 nəfər yaralanıb.
Fransanın TF1 telekanalı məlumat verib ki, ölkənin cənub-şərqindəki Daks şəhərində sinəsindən bıçaq zərbəsi alan 17 yaşlı oğlan həyatını itirib. Qətldə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Parisin 15-ci dairəsində isə skuter sürən 20 yaşlı qızı azarkeşləri daşıyan avtomobil vurub.
TF1 kanalının yayımladığı videolarda yandırılmış avtomobillər, polislə toqquşan və mağazaları talayan insan kütlələri görünür. Fransanın daxili işlər naziri Brüno Ritello qarətçiləri "vəhşilər" adlandırıb.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, törədilən vandalizm və iğtişaşlarla əlaqədar ölkə üzrə 559 nəfər saxlanılıb, onların 450-yə yaxını Parisdədir.
Rusiyaya gedənlər əvvəlcə elektron ərizə doldurmalı olacaq

İyunun 30-dan etibarən Rusiya ərazisinə vizasız qaydada daxil olan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər planlaşdırılan səfər tarixindən ən azı üç gün əvvəl xüsusi elektron ərizə forması doldurmalı olacaq. Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volkun sözlərinə görə, bu yenilik ölkəyə giriş prosedurunu əvvəlcədən nəzarətə almaq və miqrasiya prosesini tənzimləmək məqsədi daşıyır.
O deyib ki, bu tədbirlər Rusiyaya giriş-çıxış qaydaları və şərtlərini sınaqdan keçirmək üçün tətbiq olunan eksperimentin ikinci mərhələsidir.
Bu tələb fəaliyyət qabiliyyəti olmayan şəxslərin və ya yetkinlik yaşına çatmayanların qanuni təmsilçilərinə də şamil edilir.
Əgər Rusiya Federasiyasına təcili daxilolmanı tələb edən hallar mövcuddursa (məsələn, təcili tibbi müalicə, ağır xəstəlik və ya yaxın qohumun vəfatı), elektron ərizənin ölkəyə girişdən azı 4 saat əvvəl təqdim olunmasına icazə veriləcək.
Elektron ərizənin "RuID" adlı mobil tətbiq vasitəsilə doldurulması nəzərdə tutulur. Bu tətbiqdə istifadəçinin rəqəmsal profili yaradılacaq.
Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, bu rəqəmsal profil xaricdən gələnlər üçün dövlət xidmətlərindən istifadə prosesini asanlaşdıracaq və Rusiya ərazisinə girişə qoyulan mümkün qadağalar haqqında öncədən məlumat almağa imkan verəcək.
Dövlət Duması daha əvvəl Moskva şəhəri və Moskva vilayətində miqrantlarla bağlı rəqəmsal nəzarət üzrə qanun qəbul edib. Bu qanuna əsasən, xarici vətəndaşlar xüsusi mobil tətbiqdə qeydiyyatdan keçməli və şəxsi məlumatlarının qeydiyyatına razılıq verməlidirlər. Buna mobil telefon məlumatları və coğrafi yerləşmə (geolokasiya) da daxildir.
Bundan əlavə, miqrantlar olduqları ünvanda qeydiyyatdan keçməli, barmaq izi verməli və fotoşəkil çəkdirməlidirlər.
Əgər miqrant yaşayış yerini dəyişərsə, bu barədə üç iş günü ərzində Rusiya Daxili İşlər Nazirliyinə məlumat vermək öhdəliyi daşıyır.
Araşdırma: Ötən il 407 min nəfər Rusiya ordusu ilə müqavilə imzalayıb

2024-cü ildə Rusiya Müdafiə Nazirliyi ilə təxminən 407 min nəfər müqavilə imzalayıb.
"iStories" saytı yazır ki, jurnalistlər Rusiyanın ötənilki federal büdcə xərclərinə dair məlumatların təhlili əsasında bu nəticəyə gəliblər.
Araşdırmalar yayımlayan sayt qeyd edib ki, 2024-cü ildə orduya cəlb olunanların sayına dair maksimal qiymətləndirmə 407.2 min, minimal isə 374,2 min nəfər təşkil edir. Bu fərq 2024-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin orduda xidmət üzrə müqavilə bağlayanlara verilən federal ödənişi 195 min rubldan 400 min rubla (5 min 80 dollar) qaldırması ilə izah olunur. Məhz bu dəyişiklik 2024-cü ilin üçüncü rübü üzrə müqaviləli hərbçi sayını dəqiq hesablamağı çətinləşdirir.
2024-cü ilin son rübündə orta hesabla gündə 1 min 700 nəfər müqavilə imzalayıb. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1.3 dəfə azdır.
2025-ci ilin yazında müqavilə imzalayanların sayı azalmağa davam edib. Almaniya Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun (SWP) əməkdaşı Yanis Klüqenin hesablamalarına görə, hazırda gündə orta hesabla 1 min nəfər müqavilə imzalayır. Halbuki prezident Vladimir Putin 2025-ci ilin yayına qədər bu göstəricinin gündə 1 min 800 nəfərə çatacağını iddia etmişdi.
"Conflict Intelligence Team" (CIT) qrupunun hərbi ekspertləri Putinin ayda 50-60 min yeni kontraktlı hərbçi barədə açıqlamasını "tamamilə siyasi xarakterli" hesab edirlər: "Bu, kontekstdən də açıq görünür: o deyir ki, "Ukraynada hazırda 30 min nəfəri tutub cəbhəyə göndərirlər, bizdə isə bundan iki dəfə çox könüllü gəlir". Sadəcə olaraq, (Ukraynaya) belə bir mesaj vermək istəyir: bizdə daha çox canlı qüvvə var, müqavimət göstərməyin, biz sizə kütlə ilə qalib gələcəyik. Əslində isə bu miqyasda səfərbərlik və ya müqavilə bağlayanların sayını görmürük".
CIT ekspertlərinin açıqlamasına görə, belə bir artım yalnız kontrakt üçün birdəfəlik ödənişlərin kəskin artırılması ilə mümkündür. İndiyə qədər bütün sürətli artım məhz bu cür maddi stimullar nəticəsində baş verib. Məsələn, 2024-cü ilin avqustunda Putin federal ödənişi artırmış və regionlara da yeni müqaviləli hərbçilərə azı 400 min rubl ödəməyi tövsiyə etmişdi. Eyni hal Yeni il ərəfəsində ödənişlərdəki artım kampaniyası zamanı da baş vermişdi. Amma 2025-ci ilin yazında ödənişlərdə belə artım müşahidə olunmayıb.
2024-cü ilin sonunda Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, ötən bir il ərzində 427 min nəfər Rusiya ordusunda xidmət etmək üçün müqavilə imzalayıb.
Nazir ABŞ rəsmisini qəbul edib

Mayın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakı qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüşdə əməkdaşlıq məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub: "Görüş zamanı bölgədə enerji layihələri, alternativ enerji üzrə planlar, nəqliyyat və kommunikasiya xətlərinin perspektivləri, Mərkəzi Asiya ilə birgə əməkdaşlıq fəaliyyəti nəzərdən keçirilib".
Rəsmi Bakının ötən ilin sonlarına qədər Qərb ölkələri, xüsusilə də ABŞ ilə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib.
ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.
Lakin ötən ilin noyabrında ikinci dönəm ABŞ prezidenti seçilən Donald Trampin bu ilin yanvarında vəzifəsinin icrasına başlaması ilə rəsmi Bakıdan iki ölkənin əməkdaşlığı ilə bağlı xoş mesajlar səslənməyə başlayıb.
ABŞ dövlət katibinin təmsilçisi Ermənistana səfər edib
Yerevana səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin yüksəkrütbəli nümayəndəsi mayın 29-da Ermənistan rəsmiləri ilə keçirdiyi görüşlərdə ikitərəfli əlaqələri və Ermənistan-Azərbaycan danışıqlar prosesini müzakirə edib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak bildirib ki, o, xarici işlər naziri Ararat Mirzoyan ilə "yaxşı görüş" keçirib və bu görüşdə "ABŞ-Ermənistan arasında inkişaf edən tərəfdaşlıq və sülh sahəsində irəliləyiş" müzakirə olunub.
"Ermənistanla güclü əlaqələr bütün vətəndaşlarımız üçün daha böyük rifah yaradır", - o, ABŞ-nin Yerevandakı səfirliyinin yaydığı qısa bəyanatda qeyd edib.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) danışıqlarla bağlı yaydığı açıqlamada isə bildirilib ki, tərəflər Ermənistanın dayanıqlılığını gücləndirmək və konkret nəticələr əldə etməyə yönəlmiş birgə addımları müzakirə ediblər.
Görüşdə regional təhlükəsizlik də əsas müzakirə mövzularından biri olub. Mirzoyan martda mətni yekunlaşdırılmış Ermənistan-Azərbaycan sülh sazişi vasitəsilə regionda sülhün bərqərar olunması üçün real imkanın olduğunu bildirib. Nazirliyin açıqlamasına görə, Mirzoyan və Hak sülh gündəliyinin həyata keçirilməsi ilə bağlı davam edən səylər barədə fikir mübadiləsi aparıblar, lakin əlavə təfərrüat verilməyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da C.Hak ilə ayrıca keçirdiyi görüşdə sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara səbəb olmuş, rəsmi Bakı ölkənin 20 faiz ərazilərinə nəzarəti itirmişdi. Lakin 2020-ci il 44 günlük savaş və 2023-cü ildə qısa həbi əməliyyatlarla Bakı bütün ölkədə suverenliyini bərpa edib. Son illər Azərbaycan və Ermənistan arasında sülh danışıqları yenidən güclənib, tərəflər bütün müddəaların razılaşdıqlarını açıqlayıblar, amma, hələlik, sülh sazişi imzalanmayıb.
Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb

Tanınmamış Abxaziya Respublikasının Qali rayonunda Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb.
Abxaziya Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, qurum Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd İdarəsi ilə birgə "dövlət sərhədinin qanunsuz keçilməsi" kanalını aşkarlayıb və iki qrup xarici vətəndaşı saxlayıb.
"Birinci qrupda iki Türkiyə vətəndaşı var: 1997-ci il təvəllüdlü Selçuk Güren – o, Türkiyə ərazisində törədilmiş sifarişli qətl hadisəsinə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib - və 2001-ci il təvəllüdlü Doğan Bersan – o da qətl törətmək və narkotik vasitələrin ticarətinə görə axtarışdadır", —məlumatda bildirilir.
Tanınmamış respublikanın müvafiq qurumunun mayın 26-da yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - 1974-cü il təvəllüdlü Həsən Əzizov və 1990-cı il təvəllüdlü Namaz Təhməzli də saxlanılıb.
Abxaziyanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, onlar "Gürcüstanda cinayət məsuliyyətindən yayınmaq üçün Abxaziyada gizlənməyə cəhd ediblər".
Qeyd olunub ki, saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 324-cü maddəsinin 2-ci bəndi (sərhədin qanunsuz keçilməsi — əvvəlcədən əlbir olan şəxslər qrupu və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) üzrə cinayət işi qaldırılıb.
Tbilisi xarici vətəndaşların Abxaziyada saxlanılması ilə bağlı şərh verməyib.
ABŞ çinli tələbələr üçün vizaları ləğv edəcək

ABŞ dövlət katibi Marko Rubio mayın 28-də elan edib ki, ABŞ Çin Kommunist Partiyası ilə əlaqəsi olan və kritik sahələrdə təhsil alanlar da daxil olmaqla çinli tələbələrin vizalarını "qətiyyətlə" ləğv etməyə başlayacaq. Bu barədə ABŞ Dövlət Departamentinin saytında onun adından dərc olunan bəyanatda deyilir.
Rubio bəyanatında bildirib ki, Dövlət Departamenti Çindən və Honq Konqdan olan gələcək bütün viza müraciətlərinə nəzarəti gücləndirmək üçün viza meyarlarını da yenidən nəzərdən keçirəcək.
"ABŞ Dövlət Departamenti çinli tələbələrin vizalarının ləğvini qətiyyətlə həyata keçirmək üçün Daxili Təhlükəsizlik Nazirliyi ilə birgə işləyəcək", — o bildirib.
Vaşinqtondakı Çin səfirliyi məsələ ilə bağlı şərh verməyib.
Tramp administrasiyasının Harvard Universitetinin əksəriyyəti çinli olan xarici tələbələri qəbul etmək imkanını məhdudlaşdırmasının ardınca Çinin Xarici İşlər Nazirliyi xaricdəki çinli tələbələrin qanuni hüquq və maraqlarını qəti şəkildə qoruyacağını bəyan etmişdi.
"Reuters" yazır ki, əgər bu qərar ABŞ-də təhsil alan yüz minlərlə çinli tələbənin geniş bir hissəsinə şamil olunsa, bu, Amerika universitetləri üçün mühüm gəlir mənbəyinə və ABŞ texnologiya şirkətləri üçün vacib olan istedadlı işçi qüvvəsi axınına təsir edə bilər.
Rubionun bəyanatında vizaların ləğvinin hansı miqyasda olacağı ilə bağlı ətraflı məlumat verilməyib. Lakin nisbətən az sayda tələbəyə şamil edilməsi belə, Çindən ABŞ-yə ali təhsil almaq üçün gələn çinli tələbələrin axınına təsir göstərə bilər.
Son onilliklər ərzində ABŞ Çinin son dərəcə rəqabətli universitet sisteminə alternativ axtaran və Amerika universitetlərinin güclü reputasiyasına cəlb olunan çoxsaylı çinli tələbələr üçün əsas seçimə çevrilib. Həmin tələbələr, adətən, ABŞ universitetlərinin yüksək təhsil haqqını ödəyə bilən varlı ailələrdən gəlirlər.
Bir çox analitiklər hazırkı ABŞ-Çin geosiyasi rəqabətini Soyuq müharibənin yeni forması kimi qiymətləndirir. ABŞ-nin müvafiq qurumları və Konqres Çin hökumətinin maliyyələşdirdiyi təsir fəaliyyətləri və texnologiyalarla bağlı Amerika universitetlərində nəzarəti gücləndirib.
Trampın birinci prezidentliyi dövründə ozamankı dövlət katibi Mayk Pompeo ABŞ universitet kampuslarında Çin hökumətinin maliyyələşdirdiyi Konfutsi İnstitutunun mədəniyyət mərkəzlərinin ləğvi təşəbbüsünə rəhbərlik edib. O bildirib ki, bu mərkəzlər Çinin qlobal təbliğatını və "zərərli" təsirini yaymaq və "casuslar və əməkdaşlar cəlb etmək" məqsədinə xidmət edir.
Stavropol merinin müavini partlayışda həlak olub

Rusiyanın Stavropol şəhərində yaşayış binasının həyətində baş verən partlayış nəticəsində iki nəfər ölüb və onlardan biri şəhər merinin birinci müavini Zaur Qurtsiyevdir. O, Ukraynaya qarşı işğalçı müharibədə iştirak etmiş veteranların hakimiyyət orqanlarında işlə təmin olunması üçün nəzərdə tutulan "Qəhrəmanların zamanı" proqramı çərçivəsində bu vəzifəyə təyin olunub.
"Shot" teleqram kanalı yazıb ki, partlayışa səbəb qumbaranın partladılması ehtimal olunur.
Qubernator Vladimir Vladimirov hadisə nəticəsində Qurtsiyevin öldüyünü təsdiqləyib. Onun sözlərinə görə, bütün versiyalar, o cümlədən Ukrayna tərəfindən sui-qəsd ehtimalı da araşdırılır.
Mayor Z.Qurtsiyev aviasiyanın döyüş idarəetməsi qərargahının rəisi olub. "Qəhrəmanların zamanı" proqramının saytında bildirilir ki, o, Mariupolun işğalı əməliyyatının hava hissəsinə rəhbərlik edib. Qeyd olunub, o, raketlərin hədəfə yönəldilməsi texnologiyasına öz təkmilləşdirməsini tətbiq etməklə onların dəqiqliyini və effektivliyini bir neçə dəfə artırıb.
Mariupolda gedən döyüşlər nəticəsində yüzlərlə yaşayış binası və mülki obyekt dağıdılıb, Rusiya dəfələrlə ayrıseçkilik tətbiq etmədən hava zərbələri endirməkdə ittiham olunub, ancaq Moskva bu ittihamları rədd edir.
İlon Mask Tramp administrasiyasındakı işini bitirdiyini deyir

Milyarder işadamı İlon Mask bildirib ki, Hökumətin Effektivlik Departamentində (DOGE) onun səlahiyyət müddəti başa çatır və o, "qeyri-effektiv" xərcləri azaltmaq imkanı yaratdığı üçün prezident Donald Trampa təşəkkür edir.
"Zaman keçdikcə DOGE-nin missiyası daha da güclənəcək, çünki bu, bütün hökumət üçün həyat tərzinə çevriləcək", - o, X platformasındakı paylaşımında bildirib.
Tramp Ağ evə qayıtdıqdan sonra Mask "xüsusi dövlət qulluqçusu" təyin edilib. Bu da ona 130 gün dövlət üçün çalışmağa imkan verib. Bu müddət mayın sonunda başa çatır.
"Reuters" mənbələrə istinadən bildirib ki, Mask bu açıqlamadan əvvəl Tramp ilə heç bir danışıq aparmayıb və onun gedişi "sürətli" və rəsmi mərasim olmadan baş verib. Buna baxmayaraq, bildirilir ki, qərar ən yüksək səviyyədə qəbul edilib.
Daha əvvəl Mask bildirmişdi ki, "Tesla" şirkətinin idarə olunmasına fokuslanacaq və gələcəkdə siyasətə daha az vaxt sərf edəcək, çünki onun fikrincə, artıq kifayət qədər iş görüb. O, həmçinin vəd etmişdi ki, dövlət qulluqçusu vəzifəsində iş vaxtını həftədə bir-iki günə endirəcək.
"The Washington Post" isə mənbələrə istinadən yazıb ki, Maskın qərarına nəticələrin yetərsizliyindən doğan məyusluq təsir edib. Onun islahat proqramı on minlərlə dövlət qulluqçusunun ixtisarına və bəzi dövlət qurumlarının ləğvinə səbəb olsa da, Maskın vəd etdiyi maliyyə effekti əldə olunmayıb.
İran İsrailə casusluqda günahlandırdığı şəxsi edam edib

İranda "İsrail üçün casusluq"da ittiham olunan Pedram Mədəni edam olunub. İnsan haqları təşkilatları bu işin "əsaslı" qüsurlarla dolu olduğunu və ittihamların məcburiyyət altında alınmış etiraflara əsaslandığını qeyd ediblər.
Ölkənin ədliyyə sisteminə bağlı "Mizan" xəbər agentliyi mayın 28-də bildirib ki, edam "İsrail üçün casusluq" və "qanunsuz yollarla var-dövlət əldə etmə" ittihamlar əsasında həyata keçirilib.
Pedram 2020-ci ildə İsrailə casusluq etməsi iddiası ilə həbs olunub.
O, İnqilab Məhkəməsi tərəfindən "yer üzündə fəsad törətmək" ittihamı ilə ölüm cəzasına məhkum edilib. Bu hökm Ali Məhkəmə tərəfindən üç dəfə ləğv edilsə də, hər dəfə aşağı instansiya məhkəməsi onu yenidən ölüm cəzasına məhkum edib.
2023-cü ilin Nobel Sülh Mükafatı laureatı, həbsdə olan iranlı dissident Nərgiz Məhəmmədi P.Mədəninin anasının İran hakimiyyətinə müraciət videosunu yayımlayıb. Videoda Mədəninin anası müəmmalar və ciddi qüsurlarla dolu bu işin yenidən araşdırılmasını istəyir.
P.Mədəninin edam xəbəri "Human Rights Watch"un İran hakimiyyətinin "dəhşətli edam dalğası" həyata keçirdiyi qeyd olunan hesabatından cəmi bir gün sonra yayılıb. Hesabata görə, 2025-ci ilin əvvəlindən İranda 478 nəfər edam edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artım deməkdir.
"2025-ci ilin ilk beş ayında İran hakimiyyəti gündə orta hesabla azı üç nəfəri edam edib. Hökumətin fərqli düşüncəyə qarşı amansız repressiyaları və narkotik əleyhinə qəddar siyasəti nəticəsində daha çox dissident və cəmiyyətdə marginal vəziyyətdə olan insanlar qurbana çevrilir", – "Human Rights Watch"un icraçı direktoru Federiko Borello bildirib.
"Edam dalğasının ləngiyəcəyinə dair heç bir əlamət görünmür. Bu böhranın miqyası beynəlxalq ictimaiyyətin İran hökumətinə edamları dərhal dayandırmaq və ölüm cəzasına moratorium tətbiq etmək üçün təzyiq göstərməsinin nə qədər təcili olduğunu göstərir", – Borello əlavə edib.
Gürcüstanın sanksiyalara məruz qalan daxili işlər naziri istefa verib

Gürcüstanın daxili işlər naziri və baş nazirin müavini Vaxtanq Qomelauri istefa verib. O, bu barədə ictimaiyyətə müraciətində bildirib.
Qomelauri ötən ilin payızında Tbilisidə nümayişləri dağıtdığına görə ABŞ, Böyük Britaniya və Avropa İttifaqına (Aİ) üzv bir sıra ölkələrin sanksiyalarına məruz qalıb. Bundan sonra Gürcüstan hakimiyyəti onu "Şərəf" ordeni ilə təltif edib, general-polkovnik rütbəsi verib və baş nazirin müavini vəzifəsinə yüksəldib.
Qomelauri qeyd edib ki, istefa qərarı onun üçün asan olmayıb, lakin onun sözlərinə görə, indi ailəsinə daha çox diqqət yetirəcəyi vaxt çatıb.
"2011-ci ildən ölkəmizdə dönüş nöqtəsi yaradan cənab Bidzina İvanişvilinin başçılıq etdiyi mübarizənin iştirakçısıyam. Ölkəmizin hökumət komandasının rəhbərliyi altında əldə etdiyi bütün nailiyyətlər dəyərlidir və mənim üçün qürur mənbəyidir. Buna əsaslanaraq bu komandaya sadiq qalacağam. Gələcəkdə də, bundan sonra da komandanın yanında olmağa hazıram", – Qomelauri qeyd edib.
Qomelauri bir neçə il İvanişvilinin təhlükəsizliyinə rəhbərlik edib. 2013-cü ildən daxili işlər nazirinin müavini, sonra idarə rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik edib, 2019-cu ildə isə yenidən daxili işlər naziri təyin edilib.
İqtidarda olan "Gürcü arzusu" hökumət strukturlarında bir sıra kadr dəyişiklikləri həyata keçirib. Onların legitimliyi Gürcüstan müxalifəti və Gürcüstan ictimaiyyətinin bir hissəsi tərəfindən tanınmır. Bəzi politoloqlar və ekspertlər bildirir ki, bu yolla hakimiyyət payızda keçirilməsi planlaşdırılan yerli seçkilərə və, ola bilsin, yeni parlament seçkilərinə hazırlaşır.
Qela Qeladze Gürcüstanın yeni daxili işlər naziri təyin edilib. Qeladze daha əvvəl müxtəlif idarələrdə rəhbər vəzifələrdə, o cümlədən təhsil, müdafiə nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidmətində müavin postlarında çalışıb.