Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:41

Başçılar təyin edilsin, seçilsin, yoxsa...?


Prezident İlham Əliyev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev. 2018
Prezident İlham Əliyev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev. 2018

Son aylar bir neçə rayonun icra başçısı işdən çıxarılıb, həbsə alınıb. Onlarca kənd icra nümayəndələri də ya tutulub, ya da işdən azad edilib. Onların hamısı səlahiyyət həddini aşmaqda (əksəriyyəti də rüşvət almaqda) ittiham edilirlər.

Bütün bunlar cəmiyyətdə icra hakimiyyətlərinin statusu, vəzifələri və təyinatı ilə bağlı müzakirələrə səbəb olub.

"Sovet dövrünün rayon katibləri kimi işləyirlər"

Deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, bu məsələni həll etmək üçün heç də uzağa getmək lazım deyil, ortada dünya ölkələrinin, o cümlədən, qardaş Türkiyənin təcrübəsi var.

Onun fikrincə, icra başçıları hələ ki, keçmiş sovet dövrünün rayon katibləri kimi işləyirlər: "Amma o zaman rayon partiya komitələrinin əlində bütün səlahiyyətlər, idarələr, büdcə, maliyyə var idi. İndi isə yoxdur. İcra başçıları yerlərdə prezident tərəfindən təyin və təsdiq olunan dövlət nəzarətçisi statusunda dövlət qanunlarının icrasına nəzarət etməlidir".

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"... Bələdiyyələrə"

Deputata görə, bütün sənaye, iqtisadiyyat və sosial məsələlərin hamısı, Türkiyədə olduğu kimi, bələdiyyələrin əlində cəmləşməlidir: "Amma bələdiyyələr də funksiyalarını yerinə yetirə bilmələri üçün normal qaydada seçilməlidir".

S.Rüstəmxanlı hesab edir ki, indi bir çox icra başçılarının ortada hər şeyə hakim olmaq kimi iddiası var, amma əllərində belə imkanlar yoxdur, buna görə də müxtəlif əyri yollara əl atırlar.

Deputatın fikrincə, idarəetmə sistemində ciddi dəyişiklik olmalıdır.

İctimai fəal, deputatlığa keçmiş namizəd (2020-ci il fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçirilib) Bəxtiyar Hacıyev isə AzadlıqRadiosuna deyib ki, öncə icra başçılarının həbsinə səbəb olan əməliyyatları bir çoxları sevinclə qarşılayırdı. Onun fikrincə, amma sonradan bu əməliyyatlar sistemin özünün problemlərini cəmiyyətə çatdırıb:

"Yanlış adamlar seçilir"

"Bu əməliyyatlar iqtidarın kadr siyasətinin yanlışlığını ortaya qoydu. Məlum oldu ki, yanlış adamlar seçilir, onları uzun müddət sistemdə saxlayır, mükafatlandırır, sonra nəhayət, bir gün hüquq-mühafizə orqanları onları həbs edir".

B.Hacıyevin vurğulamasına görə, peşəkar insanlar kənarda qaldığı halda, hakimiyyət tam loyal, özünə sədaqətli olduğunu bildirən insanları müəyyən postlara təyin edir:

B.Hacıyev
B.Hacıyev

"Seçkinin özü də eyni bu qaydada aparılır"

"Əgər bu prinsip özü dəyişməsə, - istər seçki, istər icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi yolu olsun, - vəziyyət dəyişməyəcək. Çünki seçkinin özü də eyni bu qaydada aparılır və xalqın kimi seçməsindən asılı olmadan məhz həmin prinsiplər əsasında kadr siyasəti həyata keçirilir. Nəticədə belə qeyri-peşəkar, amma özünü hakim komandanın üzvü hiss edənlər həm seçkili, həm də təyinatlı orqanlarda işləyirlər".

"Problemin kökü daha dərindədir"

B.Hacıyev deyib ki, ölkədə seçki mühiti, seçki qanunvericiliyi, seçki komissiyalarının tərkibi dəyişməlidir, məhkəmələrin və hakimlərin müstəqilliyi gerçək şəkildə təmin olunmalı, islahatlar aparılmalıdır: "İslahatlar getməsə, sadəcə icra hakimiyyətlərinin ləğv edilib səlahiyyətlərinin bələdiyyələrə verilməsi və ya icra hakimiyyətlərinin seçki yolu ilə seçilmələri, ümumiyyətlə, heç nəyi dəyişə bilməz. Çünki problemin kökü daha dərindədir".

"Ümid də bunadır ki,..."

Başqa bir deputat Razi Nurullayev isə verilən suallarla bağlı fərqli düşünür. O, deyib ki, problem strukturda yox, kadrlardadır. Onun vurğulamasına görə, torpaq satmağa görə həbs edilən bələdiyyə sədrləri də var.

R.Nurullayevə görə, bu baxımdan, rüşvətxorluqla mübarizə addımları daha da sərtləşdirilməlidir, o zaman nəticələrə nail olmaq olar.

Deputat hesab edir ki, problem kadrlarda, təfəkkürdə və idarəçilik sisteminin bu şəkildə olmasındadır:

R.Nurullayev
R.Nurullayev


"2018-ci ildən başlayan yeni siyasi düzənin yaradılması prezident tərəfindən anons edilib. Ümid də bunadır ki, bu, davamlı xarakter daşıyacaq və hansısa müddətdə yarımçıq dayandırılmayacaq. Əgər dayandırılmasa, biz bir neçə aydan sonra konkret şəffaflığın nəticələrini görə biləcəyik".

Mövzu ilə bağlı hazırda vəzifədə olan icra hakimiyyətləri başçılarının fikirlərini öyrənmək mümkün olmayıb.

Ölkə rəsmiləri isə seçkilərin xalqın iradəsini əhatə etməməsi ilə bağlı fikirləri düzgün saymırlar. Onların açıqlamalarına görə, Azərbaycanda bütün səviyyələrdə seçkilər azad və ədalətli keçirilir. Üstəlik, rəsmilərin vurğulamasına görə, ölkədə ciddi islahatlar aparılır.

Xatırlatma

Dünən, mayın 5-i İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirildiyi bildirilir. Əməliyyatı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı vurğulanıb. Amma, hələlik, bu məlumatı rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Bundan bir həftə əvvəl, aprelin 29-da DTX Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirmişdi. Bir gün sonra, aprelin 30-da da icra hakimiyyəti başçısı (artıq keçmiş) Mahir Quliyev barəsində Səbail Rayon Məhkəməsində DTX-nın təqdimatı əsasında həbs-qətimkan tədbiri seçilib. O, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamıyla üzləşib. Onun və vəkilinin, hələlik, bu ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

DTX ondan əvvəl də Neftçala və Ağstafa rayonlarında oxşar əməliyyatlar keçirmişdi, icra başçıları həbs edilmişdilər. Onların da rüşvət və başqa ittihamlara münasibəti, hələlik, ictimaiyyətə bəlli deyil.

Son həftələr isə onlarca icra nümayəndəsi vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə üzləşib.

XS
SM
MD
LG