Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:19

Belarusda aerodrom yaxınlığında partlayışlar olub


Belarusda hərbi təlimlər, arxiv fotosu
Belarusda hərbi təlimlər, arxiv fotosu

Belarusun Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 10-da axşam 11-də bir hərbi maşının mühərriki alışıb

Belarusda aerodrom yaxınlığında bir neçə partlayış baş verib. Ukrayna hakimiyyəti Rusiya Hava Qüvvələrinin Ukrayna ərazisinə hücum üçün bu aerodromdan istifadə etdiyini deyir.

“Belaruski Hayun” və “Flagshtok” Telegram kanalları avqustun 11-də şahidlərə istinadla xəbər verib ki, ötən gecə Belarusun cənub-şərqindəki Qomel vilayətində Zyabrauka aerodromu yaxınlığında azı səkkiz partlayış törədilib.

“Mühərrik alışıb”

Belarusun Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 10-da axşam 11-də bir hərbi maşının mühərriki alışıb, “yanğının söndürülməsi üçün tədbirlər görülüb”, xəsarət alan olmayıb.

Bir neçə gün öncə Ukraynanın işğal olunmuş Krım yarımadasında Rusiya hərbi bazasında partlayışlar törədilib, azı 9 Rusiya hərbi təyyarəsi dağılıb. Kiyev hücuma görə məsuliyyəti götürməyib.

Rusiyanın Müdafiə Nazirliyi isə Krımdakı Saki bazasının hücuma məruz qalmadığını, partlayışlara “yanğın təhlükəsizliyi qaydalarının pozulması”nın səbəb olduğunu deyib.

Raket sistemlərindən Ukraynaya zərbələr

Ukrayna rəsmiləri Rusiyanın Zyabrauka bazasından Ukraynaya qarşı müharibədə istifadə etdiyini bildirir. Ötən ay ordunun yaydığı məlumata görə, Rusiya bu aeroporta Iskander-M və S-400 mobil raket sistemləri yerləşdirib, onlardan Ukraynaya zərbələr endirir.

Avqustun 11-də Belarus hava qüvvələrinin iki gün öncə başladığı hərbi təlimlərin sonuncu günüdür. Belarus hakimiyyəti təlimlərin ikinci mərhələsinin 22-25 avqust tarixlərində Rusiyanın cənub-qərbində, Qazaxıstanla sərhəddə yerləşən Aşuluk hərbi təlim bazasında keçiriləcəyini bildirib.

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka Rusiyanın Ukraynaya qarşı işğalını açıq dəstəkləyib. Belarus əsgərləri işğalda iştirak etməsələr də, Minsk Rusiya ordusunun onun ərazisindən Ukraynaya girməsinə, Ukrayna şəhərlərini bombalamasına imkan verib.

XS
SM
MD
LG