Belarusun Daxili İşlər Nazirliyi AzadlıqRadiosunun Belarus xidmətini özünün “ekstremist təşkilatlar” siyahısına daxil edib.
Nazirliyin dekabrın 23-də verdiyi bəyanatda deyilir ki, “Radio Svabodanın internet resursları ilə bağlı bir qrup vətəndaş ekstremist qrup elan edilir”.
Bu qərar o deməkdir ki, AzadlıqRadiosunun internet səhifəsinə abunə olanları 6 il müddətinə həbsxana cəzası gözləyə bilər.
AzadlıqRadiosunun prezidenti Ceymi Flay Belarusun bu qərarı ilə bağlı bəyanat verib:
“Biz Belarus hökumətinin namuslu jurnalistikanı kriminallaşdırması kampaniyasını və Belarus xalqının həqiqətdən məhrum edilməsini pisləyirik. Biz bir daha bu axmaq, rejim tərəfindən vurulmuş damğanı rədd edirik. AzadlıqRadiosu ekstremist təşkilat deyil”.
Daxili İşlər Nazirliyinin AzadlıqRadiosunun Belarus xidmətinə qarşı bu qərarı ilə yanaşı ölkənin daha iki jurnalistinə - Andrey Kuzneçikə və Aleh Hrujdziloviçə qarşı tədbirlərin görüldüyü xəbər verilir.
Flay bu hərəlkətləri də pisləyib və deyib ki, Andrey Kuzneçik və Aleh Hrujdziloviç “cinayətkar yox, bu qanunsuz rejim tərəfindən götürülmüş girovlardır”.
O bildirib ki, “faktlar barədə xəbərlər vermək “ekstremist” fəaliyyət sayıla bilməz və jurnalistika cinayət deyilidir”.
Lukaşenkanı tənqid etmək “ekstremizm” sayılır
Bundan üç həftə əvvəl Belarusda AzadlıqRadiosunun Telegram-kanalı və onun bir sıra sosial media hesabları “ekstremist” elan olunmuşdu.
Belarus hakimiyyəti ölkəyə 27 ildir ki, başçılıq edən Alyaksandr Lukaşenka 2020-ci ildə növbəti seçkinin qalibi elan olunduqdan sonra başlanmış kütləvi etirazlara görə ölkədə yüzlərlə Telegram kanalı, bloqpostu və çatrumları “ekstremist” elan edib.
Avropa İttifaqı və bir çox başqa Qərb ölkələri Belarusda 2020-ci ilin avqustunda keçirilmiş seçkinin nəticələrini və Lukaşenkanın dövlət başçısı kimi legitimliyini tanımadıqlarını bəyan ediblər.
Buna cavab olaraq hökumət demokratik hərəkat üzərinə qəddar hücuma keçib, minlərlə fəal həbs olunub və işgəncələrə məruz qalıb.
Ölkənin müxalifət liderləri ya mühacirətə qaçmağa məcbur edilib, ya da həbs olunublar.
AzadlıqRadiosu Belarus xidmətinin internet saytı ölkə daxilində əslində 2020-ci ilin avqustundan dərhal sonra bloklanıb, xarici medialara işləyən yerli jurnalistlərin isə akkreditasiyaları həmin ilin oktyabrından ləğv olunub.