Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:56

Belarus Vaqnerlə birgə hərbi təlim keçirəcəyini bildirir


Belarusdakı Tsel kəndi yaxınlığında vaqnerçilərə aid olduğu deyilən düşərgə
Belarusdakı Tsel kəndi yaxınlığında vaqnerçilərə aid olduğu deyilən düşərgə

Belarus ordusunun hərbçiləri Rusiyanın Vaqner özəl hərbi şirkətinin muzdluları ilə birgə təlim keçəcəklər.

Belarus Müdafiə Nazirliyinin məlumatına görə hərbi təlim Brestski poliqonunda, Polşa sərhədinin yaxınlığında keçiriləcək.

Təlimin bir həftə davam edəcəyi bildirilir.

Bugünlərdə Vaqner şirkətinə bağlı teleqram kanallarında şirkət rəhbərləri Yevgeni PriqojinDmitri Utkinin döyüşçülər qarşısında çıxışı yayılıb.

Onlar bu çıxışlarında Belarus silahlı qüvvələrini “dünyanın ikinci ordusuna çevirməyi” və hər hansı münaqişə baş verərsə, Alyaksandr Lukaşenkanın tərəfində olacaqlarını vəd ediblər.

İyunun 23-24-də Vaqner qrupunun muzdluları ölkə hərbi rəhbərliyinin dəyişdirilməsi tələbi ilə Moskvaya yürüş etmişdilər.

Rusiya hakimiyyəti baş verənləri qiyam adlandırmışdı. Lakin bu yürüş Lukaşenkanın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra dayandırılmışdı.

Elan olunmuşdu ki, qiyama görə heç kəs cəzalandırılmayacaq, Vaqner özəl hərbi şirkətinin döyüşçüləri isə Belarus ərazisinə dislokasiya olunacaq.

NATO üzvləri narahatdırlar

Belaruski Qayun monitorinq layihəsinin məlumatına görə artıq Belarus ərazisində 2 mindən çox vaqnerçi var.

Belarusun Müdafiə Nazirliyi bildirmişdi ki, vaqnerçilər Belarus hərbçilərinin təlimləndirilməsi ilə məşğul olacaqlar.

NATO ölkələri Rusiya qüvvələrinin ən döyüş qabiliyyətli birləşməsi olan Vaqnerin Belarusa köçürülməsindən narahatlıq ifadə ediblər.

Bu ayın əvvəllərində Polşa Belarusla sərhədini möhkəmləndirdiyini bildirib.

Ukrayna isə Belarusla həmsərhəd bölgədə böyük ərazilərin minalanmasını həyata keçirib.

Ölən hər iki Rusiya əsgərindən biri vaqnerçidir

Bu arada özəl hərbi şirkətə yaxın “Razqruzka Vaqnera” teleqram kanalı bildirir ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsinin başlanmasından Baxmut şəhərinin ələ keçirilməsinədək olan müddətdə Vaqner 22 min döyüşçüsünü itirib. Bu, hər üç döyüşçüdən biri deməkdir.

Kanal Marks döyüş ləqəbli vaqnerçinin sözlərinə istinadla bildirir ki, sözü gedən müddət ərzində Vaqner sıralarından ümumilikdə 78 min nəfər keçib və onların 49 mini məhkumlar olub.

Rusiya silahlı qüvvələrinin bir bölməsində yer almış bu itkilər Əfqanıstan kampaniyası zamanı verilmiş itkilərdən (15 min nəfər) 46 faiz, Birinci Çeçen Müharibəsindəki itkilərdən 4 dəfə çoxdur.

Sözü gedən itkilər Rusiya tərəfindən indiyədək açıqlanmış rəsmi və qeyri-rəsmi məlumatlarda olduğundan qat-qat çoxdur.

Moskva bir qayda olaraq Ukrayna müharibəsindəki itkilərini açıqlamır. Rusiya Müdafiə Nazirliyinin bu barədə 2022-ci ilin sentyabrında verilmiş son bəyanatında itkilər 5937 nəfər olaraq göstərilir.

İyul ayında Meduza və Mediazona saytlarının apardığı araşdırma göstərib ki, Ukrayna müharibəsinin 15 ayı ərazində 47 min rusiyalı hərbçi həlak olub.

Əgər bu məlumat və vaqnerçilərin verdiyi məlumat düzdürsə, onda müharibədə həlak olmuş hər iki rus əsgərindən biri Vaqner muzdlusu olub.

XS
SM
MD
LG