Belarusda məhkəmə keçmiş bankir Viktar Babarıkaya korrupsiya ittihamları ilə 14 il həbs cəzası kəsib. Xəbəri yerli media yayıb.
Babarıkanın vəkilləri hökmdən öncə deyiblər ki, ona qarşı ittihamlar siyasi ambisiyalarını boğmaq üçün uydurulub.
***
Belarusda məhkəmə keçmiş bankir, ötənilki prezident seçkisində avtoritar lider Alyaksandr Lukaşenkaya rəqib olmaq istəyən Viktar Babarıkaya hökm çıxarmalıdır. Onun həbsi prezident seçkisinə qoşulmasını önləmişdi.
Prokuror Sergey Hirhel Minskdəki məhkəmənin Babarıkanı rüşvətalma və çirkli pulyumada təqsirli bilərək 15 il həbs cəzasına məhkum etməsini istəyib.
Digər təqsirləndirilənlərə isə 3 ildən 6 ilədək həbs cəzası istənilib.
“Heç nəyə görə utanmıram”
Babarıka iyunun 28-də məhkəməyə son sözündə deyib ki, ona qarşı korrupsiya ittihamları uydurulub, o təqsirsizdir.
“Törətmədiyim cinayətə görə təqsirimi boynuma ala bilmərəm… Heç nəyə görə utanmıram, çünki qanunsuz heç nə etməmişəm, hətta qanunsuza yaxın belə… Həmişə ədalətli olmağımdan, Belarus qanunlarını pozan heç bir fəaliyyətlə məşğul olmadığımdan əminəm”, – Babarıka deyib.
O, övladlarının məhkəmədən öncə ona “çox vacib sözlər” dediyini sözlərinə əlavə edib: “Biz atamıza görə utanmırıq”.
Məhkəmə zalında olanlar Babarıkanın sözlərini alqışlarla qarşılayıblar. Öncəki iclaslardan fərqli olaraq bu dəfə məhkəməyə ictimaiyyət təmsilçiləri də buraxılıb.
Digər yeddi təqsirləndirilən də son söz deyib.
Prosesi Ali Məhkəmənin hakimləri aparır
Rusiyaya məxsus “Belgazprombank”ın keçmiş meneceri Babarıka ötən ilin iyununda, prezidentliyə namizəd olmaq istədiyini açıqlayandan sonra saxlanıb.
Onun həbsindən üç gün öncə Belarus hakimiyyəti banka nəzarəti ələ alaraq onun bir neçə aparıcı rəsmisini vergidən yayınma və çirkli pulyuma ittihamları ilə saxlayıb.
Proses Minskdə Moskva rayon məhkəməsində Ali Məhkəmənin hakimləri tərəfindən aparılır. Babarıka və vəkilləri bu addımı tənqid edib, bu halda onun hökmdən apelyasiya şikayəti vermək şansının önləndiyini deyib.
Lukaşenkanın 2020-ci il avqust seçkisinin qalibi elan olunması Belarusda onminlərlə insanın etirazına səbəb olub. Onlar seçkinin saxtalaşdırıldığını deyiblər. Aylarla davam edən etirazlarda 1994-cü ildən hakimiyyətdə olan Lukaşenkanın istefası, yeni seçki keçirilməsi tələb olunub.