Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:29

Belarusda kimsəsiz uşaqlar üçün 'hərbi-vətənpərvərlik' düşərgələri çoxalır


Belarus Daxili İşlər Nazirliyinin zabiti uşağa avtomat silahdan atəş açmağı öyrədir.
Belarus Daxili İşlər Nazirliyinin zabiti uşağa avtomat silahdan atəş açmağı öyrədir.

Belarusda 2020-ci ildəki ziddiyyətli prezident seçkilərindən sonra baş qaldıran misli görünməmiş etiraz nümayişlərinin ardınca hökumət fəalları həbsə atmağa, müstəqil medianı qapatmağa və vətəndaş cəmiyyətini demontaj etməyə başladı.

Ən təklənmiş durumda da minlərlə yetim uşaq və ata-anası qəyyumluq hüququndan məhrum edilənlərin övladları qaldı.

"Əvvəllər belə uşaqların cəmiyyətə qatılıb qazandırılmasından ötrü alternativlər təklif edən təşkilatlar vardı. İndi bu işlə yalnız dövlət məşğul olur, onun da öz maraqları var", - belaruslu uşaq psixoloqu və insan haqları fəalı Volha Vyaliçka CurrentTimeTV-yə deyib. 2021-ci ilin ortalarında Qrodnoda işlətdiyi uşaq evi qapadılandan sonra Vyaliçka ölkəni tərk edərək Polşaya getməli olub.

Uşaqlara Rusiya əsgərlərinə həvəsləndirici məktublar yazmaq tapşırığı verilir

Maraqlıdır ki, özəlliklə 2022-ci ilin fevralında - Rusiya Ukraynaya tammiqyaslı hücumu başladandan bəri dövlətin bu maraqları hərbi-vətənpərvərlik fəaliyyətləri ətrafında cəmləşib. Dövlət və Belarus Katolik Kilsəsinə aid müəssisələrdə böyüyən yetim uşaqlar hərbi bazalardakı düşərgələrə göndərilir, Rusiya "Vaqner" qrupunun muzdluları onlara hərbi təlimlər keçir və silahla davranmağı öyrədir, eləcə də Ukrayna ərazilərini işğal edən Rusiya əsgərlərinə həvəsləndirici məktublar yazmaq tapşırığı verir.

Dövlətin "vətənpərvərlik" təhsili Müdafiə, Təhsil, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin birgə işinin məhsuludur. Həssas durumda olan uşaqlardan ötrü belə düşərgələr, azı, 2007-ci ildən bəri olsa da, Ukraynada aparılan savaş və Belarusda get-gedə güclənən avtoritarizm bu fəaliyyət yönünü öncəliyə çevirib.

CurrentTimeTV-nin məqaləsində deyilir ki, yetim və sosial baxımdan həssas durumdakı digər uşaqlar üçün hərbi birliklərdəki düşərgələrin sayı 2020-ci ildən bəri ardıcıl olaraq artıb. Dövlət mediasının yaydığı xəbərlərdə 2021-22-ci illərdə 480-dək bu cür düşərgənin təşkil edildiyi deyilir. Ötən ildə isə 6 minə yaxın uşağın iştirakı ilə bu qəbildən olan 583 düşərgə təşkil edilib.

"Vaqner" muzdlu döyüşçüləri Minsk yaxınlığındakı hərbi-vətənpərvərlik klubunda uşaqlara təlimat keçirlər.
"Vaqner" muzdlu döyüşçüləri Minsk yaxınlığındakı hərbi-vətənpərvərlik klubunda uşaqlara təlimat keçirlər.

"Belta" dövlət xəbər agentliyi bildirib ki, 2024-cü ildə hökumət çox sayda yetim və dövlətin sosial xidmətlər sistemində böyüməkdə olan uşaqların da daxil olduğu 14 min uşaq üçün silahlı qüvvələrin struktur və bölmə bazalarında yay düşərgə təlimləri keçirməyi planlaşdırıb. Xəbərdə deyilir ki, belə təlimləri veteranlar, muzdlular və fəaliyyətdə olan heyətlər aparır.

Ötən ilin iyulunda dövlət televiziyasının şərhçisi Kseniya Lebedeva Telegram-da paylaşdığı videoda "Vaqner" muzdlularının bir qrup balaca uşağa hərbi-vətənpərvərlik klubunda təlim keçməsini görüntüləmişdi.

Düzgün oyuncaq və düzgün müəllimlər?

"Bilirsiniz, bu, Meri Poppins deyil. Bizim uşaqlar düzgün oyuncaq və düzgün müəllimləri seçirlər", - Lebedeva belə yazmışdı.

Fövqəladə Hallar Nazirliyi Universitetinin yetim və həssas durumda olan uşaqlar üçün liseyi var. 2024-cü ildə bu liseyi bitirən uşaqların 93 faizi hərbi-texniki təhsil müəssisələrində oxumağı planlaşdırıb.

"Yurdsevərlik konseptində dəyişiklik baş verib. İndi vətənpərvərlik daha Belarusa sevgi deyil, hər şeydən öncə mövcud hakimiyyətə loyallıq deməkdir", - Belarus Helsinki Komitəsinin nümayəndəsi Katsyarına Deykalo Litva parlamentinin iyunda keçirdiyi dəyirmi masada belə deyib.

Deykalo bu tədris prosesində ordu və Moskva ilə sıx bağlı olan Belarus Pravoslav Kilsəsinin fəal iştirakını ayrıca vurğulayıb. "Mediazona" xəbər saytının ötən il dərc etdiyi bilgiyə görə, kilsə ölkə boyunca 20-dək hərbi-vətənpərvərlik klubunun fəaliyyətini təşkil edib. May ayında Təhsil Nazirliyi pravoslav monastırlarına həssas uşaqlar üçün sığınacaqlar açmaq yetkisi verib.

İmkansız ailələrdən olan yeniyetmələr Belarusun hərbiləşdirilmiş düşərgəsində.
İmkansız ailələrdən olan yeniyetmələr Belarusun hərbiləşdirilmiş düşərgəsində.

"Xoş sözlər deyən hər bir böyük onların gözündə qoruyucuya çevrilir"

Uşaq psixoloqu Vyaliçka deyir ki, yetimlər və həssas durumda olan uşaqların onlara məruz qoyulduqları ifrat ideologiyalaşdırılmış və hərbiləşdirilmiş ortamı anlamağa yardım göstərəcək yetkin yaşlı rol modelləri olmur: "Valideynləri olan uşaqlar bunun öhdəsindən gələ bildiyi halda, hərbi-vətənpərvərlik tədrisini yetimlərə [yeritmək] daha asandır".

Üstəlik, uşaq evlərində internet və informasiyaya çıxışın sərt məhdudlaşdırılması bu uşaqları daha da həssas duruma salır.

"Yetimlər öz əsas dəstəklərini itirmiş kövrək uşaqlardır. Bu üzdən, hər hansı şirni verən, yaxud xoş sözlər deyən hər bir böyük onlara bir növ qoruyucu kimi görünür. Onlar bu uşaqların gözündə müsbət qəhrəmana və rol modelə çevrilə bilirlər", - Vyaliçkanın sözləridir.

BMT İnsan Haqları Şurasının ötənilki mart sessiyasında Beynəlxalq Barışıq Birliyi (IFOR) Belarusda uşaqlara hərbi təlim proqramlarının keçilməsindən narahatlığını dilə gətirib. Qurum 2022-ci ildə odlu silahla davranmanın da daxil olduğu bu təlimlərdən ən kiçiklərinin yaşı 6 olan 18 mindən çox uşağın keçdiyini bildirib.

XS
SM
MD
LG