Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:37

Hüquqşünas: 'Bələdiyyə' təşəbbüs qrupunun qeydiyyatı qanunsuzdur


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

-

Mərkəzi Seçki Komissiyası ( MSK) “Bələdiyyə” referendum təşəbbüs qrupunu qeydə alarkən qanun pozuntusuna yol verib.

Bunu hüquqşünas Ələsgər Məmmədli Turan İnformasiya Agentliyinə deyib.

“Bələdiyyə” təşəbbüs qrupu sentyabrın 26-na təyin edilmiş referendumda Konstitusiyaya dəyişiklik təkliflərinin lehinə təşviqat aparacaq. MSK avqustun 20-si bu qrupu qeydə alıb.

Ə. Məmmədli bunun tamamilə qanunsuz olduğunu bildirib.

Buna da bax: Azərbaycan müxalifətinin antireferendum planları

'Konstitusiyanın pozuntusu'

“Konstitusiyanın 144-cü maddəsi bələdiyyələrin səlahiyyətlərinin çərçivəsini müəyyən edir. Konstitusiyaya görə, bələdiyyələr seçki və referendumlarda təşəbbüskar kimi çıxış edə bilməzlər. Konstitusiyada bu aydın şəkildə göstərilib”, deyən hüquqşünas vurğulayıb ki, “qanunla qadağan olunmayan hər şey sərbəstdir” - prinsipi vətəndaşların hüquq və azadlıqların həyata keçirilməsində tətbiq oluna bilər.

“Konstitusiyanın 9-cu fəslindən aydın göründüyü kimi, bələdiyyələr qurum kimi təşəbbüs göstərə bilməzlər. Seçki prosesində onların tərəf kimi çıxış etməsi qanunla qadağandır. Bələdiyyə üzvləri də, bələdiyyə vəzifələrində olan şəxslər də bu qurumda olmalarını üstünlük kimi təqdim edib, referendum üzrə təşəbbüs qrupunun təsisçisi ola bilməzlər”.

Buna da bax: REAL referendumda iştirakdan imtina etdi

'Seçki Məcəlləsinin pozuntusu'

Hüquqşünas “Bələdiyyə” təşəbbüs qrupunun yaradılması və qeydə alınmasının həm də Seçki Məcəlləsinə zidd sayır.

“Məcəlləyə görə, bələdiyyələr seçkiləri idarə edən qurum kimi nəzərdə tutulan komissiyalarla sıx əməkdaşlıq edir. Yəni, bələdiyyələr seçki və referendumların keçirilməsi prosesində inzibati orqan funksiyası da daşıyırlar. Digər tərəfdən, Seçki Məcəlləsinin 61-ci maddəsi təşəbbüs hüququnu sadəcə vətəndaşlara verir. Lakin bunların da dairəsini məhdudlaşdırır. Məsələn, Seçki Məcəlləsinin 69.3-cü maddəsində bildirilir ki, bələdiyyə vəzifələrində olanlar öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər”, Ə.Məmədli deyib.

O, həmçinin Seçki Məcəlləsinin 69.5-ci maddəsini yada salıb. Həmin maddədə deyilir ki, “bələdiyyə vəzifələrində olanların yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı təşviqat aparmaq hüququ vardır ”.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

MSK referendum öncəsində dəyişiklik təklifləri ilə bağlı təşviqat aparmaq istəyən 3 qrupu qeydiyyata alıb. Bunlar hakim Yeni Azərbaycan Partiyasının yaratdığı “Yeni Azərbaycan”, bələdiyyələrin yaratdığı “Bələdiyyə” və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə bir sıra QHT-lərin yaratdığı “Vətəndaş Cəmiyyəti” təşəbbüs qruplarıdır.

Həmin təşəbbüs qruplarının üçü də dəyişikliklərin lehinədir.

Dəyişikliklərin əleyhinə olan siyasi qüvvələrdən Milli Şura referendumu boykot etmək qərarı verib. Referendumda dəyişikliklərin əleyhinə təbliğat aparmaq qərarı verən REAL Hərəkatı avqustun 22-də prosesdən çəkildiyini elan edib. Hərəkat qərarını hökumətin basqıları ilə izah edib.

Müsavat Partiyası “Respublika” qrupunun qeydiyyatı ilə bağlı avqustun 22-də MSK-ya müraciət edib.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG