Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:45

Bəxtiyar Hacıyev yenidən aclığa başladığını bildirib


Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir? (Arxiv)

Bir aydır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ailə üzvləri ilə telefon və görüş qadağası aradan qaldırılıb. Yanvarın 10-da Xətai Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Hacıyevin vəkilləri bu məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsini məhkəməyə vermişdi. Onun işi üzrə istintaqı bu idarə aparır və telefon-görüş qadağası da həmin qurumun qərarı əsasında tətbiq olunur. İstintaq orqanı iddia edir ki, Hacıyevin təcridxanadan ünsiyyət qurması istintaqın gedişinə təsir göstərə bilər.

Məhkəmə isə bu qərarı qanunsuz hesab edib və qadağanın aradan qaldırılmasına qərar verib.

+++

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev yenidən aclığa başladığını açıqlayıb. Bu barədə o, yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində məlumat verib.

Bu məhkəmədə Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı verilmiş apellyasiya şikayətinə baxılıb. Onun ev dustaqlığına buraxılması üçün vəkilləri öncə Xətai Rayon Məhkəməsinə vəsatət vermiş, dekabrın 29-da həmin məhkəmə müdafiəçilərin vəsatətini rədd etmişdi. Apellyasiya şikayəti də sözügedən qərardan verilib.

Apellyasiya məhkəməsində Hacıyev vurğulayıb ki, ona qarşı irəli sürülən xuliqanlıq, məhkəməyə hörmətsizlik kimi ittihamlar gülüncdür: "Məhkəməyə də, dövlətə də hörmətsizlik mənimlə bağlı qəbul edilən absurd qərarlardır".

"Qərəz davam edir"

İctimai fəal vurğulayıb ki, o, Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişi və qərəzi nəticəsində həbsdədir. Bəxtiyar Hacıyev həbsindən öncə sosial media hesablarında Daxili İşlər naziri Vilayət Eyvazov və onun rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı tənqidi fikirlər paylaşırdı. DİN isə qərəzli yanaşma ittihamlarını qəbul etmir, ictimai fəalın konkret şikayət və sübutlar əsasında həbs olunduğunu bildirir.

"Mən bundan öncə aclığı dayandırdım və imkan yaratdım ki, mənə qarşı qərəz aradan qalxsın. Lakin qərəz davam edir. Ona görə də bu məhkəmə şikayətimizi təmin etməsə, yenidən bugündən aclığa başlayacağam", – Hacıyev çıxışında belə deyib.

Onun vəkilləri də bildirib ki, Bəxtiyar Hacıyevin həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Müdafiəçilər bildirib ki, hətta ona qarşı ittihamlar əsaslı olsaydı belə, ittiham olunduğu əməllər ağır cinayətlər kateqoriyasına aid deyil. Vəkillər həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş ediblər.

Lakin Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Xətai Rayon Məhkəməsinin qərarını dəyişməyib – onların apellyasiya şikayəti təmin olunmayıb.

Bundan sonra ictimai fəal bugündən – yanvarın 9-dan aclığa başladığını elan edib.

Bundan öncə Hacıyev dekabrın 15-də aclığa başladığını açıqlamış, dekabrın 28-də aksiyanı dayandırmışdı.

Xatırlatma

Dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, ittihamları qəbul etmir.

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

XS
SM
MD
LG