Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:57

Bəxtiyar Hacıyev həbs edilib. Reaksiyalar


Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?

Bəxtiyar Hacıyevlə bağlı Müdafiə Komitəsi yaradılıb

Dekabrın 10-da hüquq müdafiəçiləri, vəkillər, partiya sədrləri, siyasi fəalların iştirakıyla keçirilən toplantıda bir gün əvvəl həbs edilən Bəxtiyar Hacıyevin hüquqularını müdafiə kimitəsi yaradılıb.

Bu barədə AzadlıqRadiosuna "Müdafiə Xətti" nin icraçı direktoru Rüfət Səfərov məlumat verib. Onun dediyinə görə, tədbirin Bəxtiyar Hacıyevin ofisində keçiriləcəyi elan edilsə də Caspian Plazanın mühafizəçiləri toplantının keçirilməsinə icazə verməyiblər.

Bəxtiyar Hacıyevi müdafiə komitəsi yaradılıb
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

"Ona görə də qərara gəldik ki, tədbiri Müsavat Partiyasının qərargahında keçirək. Nə baş verir? Niyə belə edirlər? Hökumət repressiv addımlarını günü-gündən artırmağa çalışır. Son zamanlar Gültəkin Hacıbəyliyə qarşı qurulan məhkəmə, Bəxtiyar Hacıyevin həbs edilməsi, inanclı şəxslərin təqib və təzyiq edilməsi, ictimai fəallara qarşı zorakı olaylar göstərir ki, hakimiyyət pis niyyətindən geri çəkilmək fikrində deyil. Ona görə düşündük ki, Bəxtiyar Hacıyevlə bağlı toplaşaq, onun azadlığa çıxması üçün fikir mübadiləsi aparaq. Bəxtiyar Hacıyev aylar öncə oğurlanaraq işgəncəyə, pis rəftara məruz qaldı. Azadlıqda ola-ola ona qarşı bunu ediblərsə, həbsdə daha pis işgəncələr verilə bilər", - deyə Rüfət Səfərov qeyd edib.

Caspian Plazadan deyilənlərə hər hansı münasibət öyrənmək mümkün olmayıb.

ABŞ Dövlət Departametindən həbsə reaksiya

“Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”, - Departamentin mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün gündəlik brifinqində Turan-ın müxbirinin sualının cavabında deyib.

"ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə əvvəlkitək qətiyyətlə sadiq qalır və biz yenidən hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən onların öz fikirlərini dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq", - Patel əlavə edib.

Hacıyev cümə günü saxlanılıb və onun barəsində 50 sutka müddətinə həbs qətimkan tədbiri seçilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Onun həbsi müxalifət qüvvələrinin bəzi funksionerinin məhkəməyə çəkilməsi fonunda baş verib.

Turan-ın “Azərbaycan rəsmilərilə (sonuncu dəfə bu həftə ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Bayramovla telefon danışığı zamanı) ikitərəfli danışıqlar zamanı insan hüquqları mövzusu müzakirə olunurmu” sualının cavabında Patel deyib ki, ABŞ bu mövzunu öz xarici siyasətinin mərkəzində saxlayır və bundan sonra da saxlayacaq.

“Bu administrasiyanın işinin lap əvvəlindən, vəzifəyə başladığımız vaxtdan biz dünya ölkələrilə qarşılıqlı fəaliyyət göstərərək insan hüquqlarını xarici siyasətimizin mərkəzi hissəsinə qoymuşuq və bunu davam etdirmək niyyətindəyik”, - o deyib.

Bəxtiyar Hacıyevin həbsinə Avropa İttifaqının, Böyük Britaniya və ABŞ-ın Azərbaycandakı nümayəndə və səfirlikləri də öz narahatlıqlarını bildiriblər. Onlar bu həbsə 10 dekabr Beynəlxalq İnsan Hüquqları günü ilə bağlı Bakıda keçridikləri birgə tədbirdə etdikləri çıxışları zamanı reaksiya veriblər.

***

Bu gün, dekabrın 9-da Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyev haqqında 1 ay 20 günlük həbs-qətimkan tədbiri seçib.

Vəkilinin AzadlıqRadiosuna bildirməsinə görə, B.Hacıyev məhkəmədə bildirib ki, bu, onun siyasi fəaliyyəti və xarici səfərləri ilə bağlıdır. O, ittihamı qəbul etməyib.

Deputat: “Bunun heç bir siyasi tərəfi yoxdur”

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafa isə “Turan” Agentliyinə bildirib ki, işin mahiyyəti ilə tanış deyil:

"Amma bunun heç bir siyasi tərəfi yoxdur. Bunu siyasi motivlərə bağlamaq düzgün deyil. Adamlar hər hansı bir şəkildə öz hərəkətlərinə, davranışlarına diqqət yetirmirsə, sonra bunu dərhal siyasi məhbus kimi təqdim etmək olmaz".

Deputat qeyd edib ki, Azərbaycanda normal şəkildə fəaliyyət göstərən blogerlər və fəallar var:

"Onları nə həbs edirlər, nə də hər hansı problemlər yaşanır".

"Bu, birbaşa hökumətinin zirvəsindən gələn təlimatdır"

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov AzadlıqRadiosuna bildirib ki, B.Hacıyev siyasi məhbusdur: "Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittihamlar saxta və qondarmadır. Burada xuliqanlıqdan, məhkəməyə hörmətsizlikdən söhbət gedə bilməz".

R.Səfərov
R.Səfərov

Onun sözlərinə görə, bu, B.Hacıyevin siyasi fəaliyyətindən qaynaqlanan repressiya aktıdır: "Bu, birbaşa hökumətinin zirvəsindən gələn təlimatdır, şəxsən İlham Əliyev göstəriş verib ki, Bəxtiyar Hacıyev bu şəkildə cəmiyyətdən təcrid olunsun".

O qeyd edib ki, bundan sonra da B.Hacıyevin aqibəti çox narahatedicidir: "Ona qarşı hansı işgəncələr tətbiq olunacaq, bilinmir. O azadlıqda olanda onu şəhərin mərkəzindən götürüb başına elə oyunlar açıblarsa, həbsxanada Bəxtiyarla necə davranacaqlar, bu, çox narahatedici məqamdır".

Hələlik, bu açıqlamaya Prezident Administrasiyası və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslər və fəallara saxlandıqdan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Bəxtiyar Hacıyevə qarşı cinayət iş açılıb

İctimai fəal Bəxtiyar Hacıyevə qarşı cinayət işi qaldırılıb. Bu barədə AzadlıqRadiosuna onun vəkili Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi qaldırıb və jurnalist Ülviyyə Alovlunun şikayəti ilə bağlıdır: "Hazırda Bəxtiyar Hacıyev həbs-qətimkan tədbirin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır".

İctimai fəalın xuliqanlıq və məhkəməyə hörmətsizlikdə günahlandırıldığı bildirilir.

B.Hacıyev bundan öncə açıqlamalarında bildirmişdi ki, özü həmin şəxsin təhqirlərinə məruz qalıb və Daxili İşlər Nazirliyi məsələni obyektiv araşdırmayıb.

DİN-dən açıqlama

Mətbuatın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, B.Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün, dekabrın 9-da məhkəməyə göndərilib.

Nə baş vermişdi

Ötən ilin oktyabrında məhkəmədə B.Hacıyev ilə Ü.Alovlu arasında insident yaşanmışdı.

Ülviyyə Alovlu Bəxtiyar Hacıyevin onu vurmasını iddia etmişdi, B.Hacıyev isə, öz növbəsində, bu halın yaşanmadığını və sadəcə təhqir qarşısında kağızları masaya atdığını demişdi

Ü.Alovlu B.Hacıyevi Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Amma Ü.Alovlunun şikayəti sübuta yetirilmədiyi üçün iddiaya xitam verildiyi açıqlanmışdı.

Onlar bir-birilərindən şikayətçi idilər.

+++

İctimai fəal B.Hacıyev bu il avqustun 23-də Azərbaycan vətəndaşlığından çıxmaq üçün Prezident Administrasiyasına ərizə təqdim etmişdi. O, bu addımı ölkədə həyatına hədə-qorxunun artması ilə izah etmişdi.

8 ay əvvəl…

B.Hacıyev bundan əvvəl də bildirmişdi ki, bu il aprelin 21-də saat 23:00 radələrində Bakı şəhərində evə gedərkən küçədə qara maskalı şəxslər onu saxlayaraq başına qara torba keçirib və naməlum yerə aparıblar: "Burada gözlərimi açıb məni təhqir etməyə başladılar, tələb etdilər ki, Daxili İşlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim".

Onun sözlərinə görə, heç kimdən tapşırıq almadığını deyəndə paltarını çıxarıb tələb ediblər ki, postlarını silsin: "Bu tələblə əksər postları sildirdilər".

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev B.Hacıyevin həmin açıqlamasından sonra belə bir məlumat yaymışdı: "Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili İşlər naziri Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb".

Bundan sonra şikayətə əsasən CM-nin 221.2.1 (Xuliqanlıq) maddəsi ilə cinayət işi açıldığı bildirilib. Amma, hələlik, nəticəsi açıqlanmır.

Xatırlatma

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

XS
SM
MD
LG