Cahangir Hacıyev Maliyyə nazirliyinə cavab verdi
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev ölkədən 5 milyard çıxarıb ofşor zonalara yerləşdirməsi barədə Maliyyə Nazirliyinin ittihamlarına cavab verib.
"Bu gün xaricdəki təsisçi şirkətlərə sorğu verin, görün, benefislər kimlərə məxsusdur - Cahangir Hacıyevə, yoxsa Samir Şərifov və digərlərinə? Mənimsənildiyi iddia edilən vəsait layihələrə sərf olunub. Bu gün həmin layihələr öz əllərində olduğundan sənədləri vermirlər. Nə baş verdiyini siz də, mən də yaxşı bilirik. Şou göstərəndə, heç olmasa, yaxşı təşkil eləyin. Mənə də 100 sifariş olub, amma elə eləmişəm ki, nə şiş yanıb, nə kabab. Daha şou göstərməmişəm", - C. Hacıyev məhkəməsində çıxış edərkən deyib.
“JURNALİSTLƏR İSTƏSƏ, YOXLAYA BİLƏRLƏR”
Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində C. Hacıyev və daha 7 nəfərin işi üzrə məhkəmə prosesi davam etdirilib.
Dövlət ittihamçısı: «Maliyyə nazirliyinin açıqlamasının bu cinayət işinə aidiyyəti yoxdur»
C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə istintaqının gedişindən narazılıq edib. Bildirib ki, təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası, müdafiə hüququ pozulur, ittiham tərəfi qərəzli sənədlər təqdim edir: "Bizim sənədlərlə bağlı vəsatətlərimiz nəinki təmin olunmur, ümumiyyətlə, müzakirəyə çıxarılmır".
Buna da bax-'Cahangir kölgəsindən qorxan adamdır'
Bu cür davam edən məhkəmədən ədalətli nəticə gözləmədiklərini deyən müdafiəçi Maliyyə Nazirliyinin C. Hacıyev barədə açıqlamasına da toxunub: "Elə fantastik rəqəmlər səsləndirirlər ki, adam vahiməyə düşür. Maliyyə Nazirliyinin açıqlamasında iddia olunub ki, bu dəstə 5 milyard mənimsəyib, guya Cahangir Hacıyev ofşor zonalara pul ötürüb. Ofşor zonalarla bağlı məlumatlar açıqdır, jurnalistlər istəsə, yoxlaya bilərlər. Orada Cahangir Hacıyevin adı yoxdur. Maliyyə nazirliyi bu məsələdə də qərəzlidir, vəsaitlər layihələrə xərclənib".
“5 MİLYARDLA BAĞLI SƏNƏDLƏR VARSA...”
Cahangir Hacıyev: "Bu gün xaricdəki təsisçi şirkətlərə sorğu verin, görün, benefislər kimlərə məxsusdur"
Vəkil Maliyyə Nazirliyinin 5 milyardlıq ittihamını C. Hacıyev barəsində mənfi ictimai rəy yaratmaq cəhdi kimi qiymətləndirib: "Əgər Maliyyə Nazirliyində 5 milyardla bağlı sənədlər varsa, niyə istintaqa təqdim etməyib, yoxdursa, niyə belə açıqlama verir? Maliyyə Nazirliyi belə açıqlamalardansa, manatın taleyi, məzənnəsi barədə açıqlama versin".
F. Mehdiyev qaldırılan vəsatətlərin müzakirə olunmasını istəyib: "Əgər ittiham aktını təsdiqləmək istəyirsizsə, elə bu gün məhkəməni bitirək. Bizim silahımız vəsatətlərdir. Əgər onlar təmin edilmirsə, o zaman burada oturmağımızın nə mənası var?! Obyektiv araşdırma aparılması üçün vəsatətlər müzakirə olunmalıdır".
Buna da bax-'8 milyard dollar iki kanalla ölkədən çıxarılıb'
Vəkil Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.
Dövlət ittihamçısı Fərid Nağıyev vəkilin dediklərinə cavab olaraq, bildirib ki, Maliyyə nazirliyinin açıqlamasının bu cinayət işinə aidiyyəti yoxdur: "O açıqlama bankla yox, şəxslə bağlıdır".
“DEMİŞDİLƏR Kİ, ŞİRKƏTƏ DƏZGAH ALINMALIDIR”
C. Hacıyev: "...Əslində, siz sübut etməlisiniz ki, mənimsəməyə yol vermişəm".
C. Hacıyev də ünvanına səslənən ittihamlara etiraz edib: "Həmin şirkətlərin təsisçilərinin yoxlanması barədə vəsatət verirəm. Çünki indi benefislər öz əllərində olduğundan sənədləri vermirlər. Əslində, siz sübut etməlisiniz ki, mənimsəməyə yol vermişəm. Ancaq indi biz sübut etməyə çalışırıq ki, mən mənimsəməyə yol verməmişəm. Nə baş verdiyini siz də yaxşı bilirsiniz, mən də. Bir daha deyirəm, o vəsaitlər layihələrə xərclənib. Siz Samir Şərifovun imzasını prezidentin imzasından üstün hesab edirsiz?"
Buna da bax: 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?
Daha sonra Beynəlxalq Bankın filiallarında müxtəlif vəzifələrdə çalışmış, həmçinin adlarına kreditlər götürülmüş adamlar şahid qismində dindiriliblər.
"İnter Textile" ASC-də aylıq 500 manat maaşa işləmiş İbrahim Ağayev adına böyük məbləğdə kreditin necə götürülməsindən danışıb: "Müdirimiz Şakir müəllim əsas rəhbər Dünyamin Xəlilovun (keçmiş deputat) adından göstəriş verdi ki, banka gedib müəyyən sənədləri imzalayım. Mənə demişdilər ki, şirkətə dəzgah alınmalıdır".
Prokuror məlumat verib ki, bu şahidin adına 15 milyon 776 min manatlıq kredit kartı açılıb.
“AYDA 100 MANAT ALIRDIM”
Prokuror məlumat verib ki, bu şahidin adına 15 milyon 776 min manatlıq kredit kartı açılıb.
Niyazi Məmmədov adlı başqa bir şahidin isə adına şirkət açılıb. Dediyinə görə, onun anası ilə Dünyamin Xəlilovun həyat yoldaşı rəfiqədilər: "O şirkətdən ayda yüz manat pul alırdım. Bir gün dedilər ki, “sənədlərə qol çəkmək lazımdır”. Mən də imzaladım. Amma adıma kredit götürüldüyünü bilməmişəm".
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı İbrahim Kazımov təqsirləndirilən şəxslərdən Bakı Fındıq Emalı Zavodunun keçmiş rəhbəri Azad Cavadova qarşı silah ittihamı ilə bağlı ifadə verib. O bildirib ki, idarəyə A. Cavadovun evində silah saxlaması barədə məlumat daxil olub. Həmin məlumat əsasında Buzovna qəsəbəsində yerləşən evdə axtarış aparılıb və həyətdəki əlavə tikilidə idman yataq dəstinin yastığının altından "Makarov" silahı və 6 patron tapılıb. Polis qeyd edib ki, həmin vaxt A. Cavadov silahın ona məxsus olmadığını deyib və bu səbəbdən protokolu imzalamaqdan imtina edib.
Buna da bax: Cahangir Hacıyevin müavini onun əleyhinə ifadə verdi
A. Cavadov məhkəmədə ifadəsində də odlu silahın ona məxsus olmadığını, evinə polislər tərəfindən atıldığını bildirmişdi.
HAL ŞAHİDİ TƏQSİRLƏNDİRİLƏNİ TANIMAYIB
Həmin axtarışla bağlı hal şahidi Ulduz Məmmədov da məhkəmədə ifadə verib. "İdarənin yaxınlığında parkda idim, çağırdılar ki, bir evdə axtarış aparmalıyıq, mən də getdim" deyən U. Məmmədovun ifadəsindən məlum olub ki, onun bundan əvvəl də hal şahidliyi təcrübəsi varmış, bu, ikincidir. Dediyinə görə, A. Cavadovun evindən silah tapıldığını görüb: "Özü də orada idi, qol çəkmədi, dedi ki, mənim deyil".
Amma şahid məhkəmə zalında A. Cavadovu tanımayıb, onun əvəzinə başqa bir təqsirləndirilən İbrahim Hüseynovu göstərib.
Məhkəmə prosesi sentyabrın 7-də davam edəcək.
Buna da bax: Paşa Holdinq haqda bilmədikləriniz
Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
C. Hacıyev məhkəmə prosesi başlanandan maliyyə naziri Samir Şərifovu ittiham edir, nazirin onunla birlikdə müttəhimlər kürsüsündə oturmalı olduğunu deyir, Şərifovu devalvasiyada günahkar sayır. Maliyyə Nazirliyi isə bu günlərdə verdiyi açıqlamada bu ittihamları «əsassız» adlandırıb, bank vasitəsilə 3.7 milyard dollar və 1.1 milyard avro vəsaitin ölkədən çıxarıldığını bildirib.