Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:08

Beynəlxalq Bankın özəlləşdirilməsi niyə uzanır?


►Ekspertlər Əliyevlərə məxsus “Kapitalbank" örnəyini yada salırlar

1992-ci ildən fəaliyyətə başlayan Azərbaycan Beynəlxalq Bankının (ABB-nin) özəlləşməsi uzanacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı “Reuters”ə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, 2016-cı ildə ABB özəlləşdirilməycək və buna səbəb özlləşdirilməyə hazırlıq işlərinin hələ başa çatmamasıdır:

“Hökumət ABB-nin əksər problemlərini həll edib, lakin bu proses vaxt istəyir. Bu səbəbdən bankın bu il özəlləşdiriləcəyi real deyil".

Buna da bax: Cahangir Hacıyev Beynəlxalq Bankdan getsə də, "ənənələri" yaşayır

Dövlət bankı bir idi, oldu iki...

ABB-nin özəlləşdirilməsi beynəlxalq maliyyə qurumlarının əsas tələbidir. Hökumət hər dəfə bəyan etsə də, özəlləşməyə o qədər meylli olmayıb.

Tələbin əsas məzmunu o idi ki, sektorda dövlət bankı olmasın və rəqabət pozulmasın. Azərbaycanda tam tərs proses gedir - dövlət banklarının sayı 2-yə qalxıb. Səhmlərinin yarısını Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK-nın) aldığı “AzərTürkBank” dövlət bankına çevrilib.

ABB-nin özəlləşdirilməsinə gəlincə...

Ötən ilin əvvəllərində ABB-də məlumat yayıldı ki, kredit öhdəliklərini ödəyə bilməyən və ya ödəməkdən yayınan çox sayda sahibkar istintaqa çağrılır. Bankın idarə heyətinin sədri Cahangir Hacıyev öncə “səhhəti”ni əsasə gətirib istefa versə də, baş verən maliyyə pozuntularına görə istintaqa cəlb edildi.

Bəlli oldu ki, ABB-nin iri həcmdə qaytarılmayan kreditləri var.

Buna da bax: “Qeyri-peşəkarlıq və korrupsiya Azərbaycan bank sisteminin atributlarıdır”

Nəhayət...

Baş verən ciddi maliyyə pozuntularından sonra - 2015-ci il iyulun 15-də prezident İlham Əliyev ABB-də maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanması haqqında fərman imzaladı.

Fərmanda deyilirdi ki, "son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub".

Bu üzdən, problemli aktivlər bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma - dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının idarəçiliyinə verilib.

Bu kredit təşkilatı əvvəllər başqa bir bankın problemlərinin çözümünə qatılıb.

Əsas narahatlıq

Daha çox özəlləşmə gedişindəki qeyri-şəffaflıqdan narahalıq duyan ekspertlər “Kapitalbank" örnəyini yada salırlar.

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycandakı qolunun - Azərbaycan Əmanət Bankının özəlləşdirilməsi nəticəsində yaranan “KapitalBank"ın yekun nəzarətçisi prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalardır.

“KapitalBank” öz illik hesabatında (2014-cü il) bunu yazıb.

XS
SM
MD
LG