Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:43

ABB-nin kreditorları restrukturizasiya planlarından narahatdır


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı (ABB) mayın 11-də Nyu-York məhkəməsinə müraciət edərək, müflis elan olunmasını istəyib. «The Wall Street Journal» qəzeti yazır ki, bankın istiqrazlarına sərmayə qoymuş Amerika və Avropa investorları böyük itkilərlə üz-üzə qalıblar.

Məhkəməyə təqdim edilmiş iflas haqqında sənədə əsasən, bank yenidən ayağa qalxa bilməkdən ötrü borclarının 3.3 milyard dollarını restrukturizasiya etmək istəyir.

***Buna da bax-Beynəlxalq Bank NK-nın ehtiyat fondunu da 'yeyib'

Azərbaycanın maliyyə naziri Samir Şərifov və ABB-nin direktoru Xalid Əhədov bu gün – mayın 23-də Londonda bu planın detallarını beynəlxalq investorlara təqdim edəcəklər. Ancaq artıq bəzi investorlar gileylənərək iddia edirlər ki, Azərbaycan yerli kreditorlara onlardan fərqli yanaşmaq niyyətindədir.

İNVESTORLAR MƏKTUB YAZIBLAR

Adı çəkilməyən bir qrup investor ötən həftə «Shearman&Sterling» hüquq şirkəti vasitəsilə banka və Maliyyə Nazirliyinə göndərdikləri məktubda bankın iflasla bağlı məhkəməyə müraciətindən təəccübləndiklərini bildiriblər. Belə ki, hələ yanvarda Azərbaycan rəsmiləri onların bəzilərini əmin edib ki, hökumət banka maliyyə dəstəyi verməkdə davam edəcək.

Müəllif Margot Patrick yazır ki, nə ABB-nin, nə də Maliyyə Nazirliyinin sözçüsü «The Wall Street Journal» qəzetinin məsələ ilə bağlı açıqlama vermək xahişini cavablandırıb.

Qəzet yazır ki, neft qiymətlərinin düşməyə başladığı 2014-cü ildən bəri Azərbaycan hökuməti ABB-yə silsilə kapital yatırımları edib.

***Buna da bax-Deputat: 'Beynəlxalq Bank ilə bağlı qarşıda iki məsələ var'

Hazırda bankın bütün kapitalı Maliyyə Nazirliyi və dövlətə məxsus «Aqrarkredit» maliyyə şirkətinə məxsusdur. «Aqrarkredit» həmçinin, ABB-nin bəzi problemli borclarına da sərmayə yatırıb.

İSTİQRAZLAR 83 DOLLARA DÜŞÜB

Bütün bunlarla yanaşı, investorlar 500 milyon dollarlıq əsas avrobondun tam ödənəcəyinə əmin idilər. «Tradeweb»in məlumatına görə, bankın iflasa dair məhkəməyə müraciət etməsindən öncə ödəmə vaxtı 2019-ci ildə çatacaq həmin borc öhdəliyinin qiyməti hər dollara yüz sentdən bir qədər artıq idi. Məhkəməyə müraciət ediləndən sonra bu göstərici 80 sentdən də aşağı düşüb. Bazar ertəsi günün sonuna həmin istiqrazların qiyməti 83.14 dollar olub.

Qəzet «FactSet»in məlumatına istinadən yazır ki, həmin istiqrazların sahibləri arasında «Fidelity Investments», «Franklin Templeton Investments»«Ashmore Group» kimi maliyyə şirkətləri var. Həmin şirkətlərin də sözçüləri məsələni şərh etməyiblər.

Yuxarıda sözügedən məktubda investorlar Nyu-York məhkəməsinə üz tutaraq, İflas Məcəlləsinin 15-ci maddəsinə etiraz edə biləcəklərini bildiriblər. Məhkəmə bankın 15-ci maddəyə əsasən müdafiə olunması haqda hökm çıxararsa, ABŞ iflas qanunlarına görə, məhkəməyə verilməkdən qoruna bilər.

***Buna da bax-Qazaxıstanın pensiya fondunun pulları Azərbaycanda 'batır'

«Bankın indi çox zəruri sayılan istənilən restrukturizasiyası ədalətli və tərəfsiz qaydada, beynəlxalq investorların... iştirakıyla gerçəkləşməlidir», – «Shearman&Sterling» şirkətinin məktubunda deyilir.

BORCUN 20 FAİZİ

«Moody's» İnvestor Xidmətinin hesablamalarına görə, restrukturizasiya zamanı ABB-nin kreditorları onlara aid borcun nominal dəyərinin azı 20%-ni silməli olacaqlar.

Bankın borclarına beynəlxalq hesablaşmalar, ödəmə vaxtı 2019-cu ildə bitəcək avrobond, subordinasiya krediti və Azərbaycan Dövlət Neft Fondunun 1 milyard dollarlıq depoziti daxildir. Restrukturizasiya planı üzündən «Moody's» cümə günü Azərbaycanın suveren kredit reytinqini endirmək qərarına gəlib.

«Bankın restrukturizasiya niyyəti 2015-ci ildə elan edilsə də, ötən həftə açıqlanmış restrukturizasiya üsulu gözlənilməz oldu. Bu, Azərbaycanın kredit profilinin gözlədiyimizdən daha zəif olmasının göstəricisi sayıla bilər», – deyə «Moody's» təhlilçiləri bildiriblər.

Bankın üzləşdiyi problemlər regionda da gərginliyə yol açır. ABB-nin məhkəməyə təqdim etdiyi sənədlərdə göstərilir ki, bankın Qazaxıstanın pensiya fonduna 250 milyon dollar borcu var. Qəzet həmin sənədlərə əsasən yazır ki, restrukturizasiyaya məruz qalacaq borclar arasında bu borc da var.

XS
SM
MD
LG