«Hüquqların pozuntusu halları dayandırılsın, durumun yaxşılaşdırılması yönündə addımlar atılsın».
«Turan»ın xəbərinə görə, 19 beynəlxalq təşkilatdan ibarət QHT-lər koalisiyası Azərbaycanda həbslərin dayandırılması və siyasi məhbus elan edilmiş şəxslərin azad olunması istəyi ilə bəyanat yayıb. Bəyanat həmin təşkilatların saytlarında yayılıb.
Bəyanatda bildirilir ki, «Azərbaycanda Konstitusiya dəyişiklikləri öncəsində yeni repressiya dalğasına start verilib».
Sənəddə REAL hərəkatının icra katibi Natiq Cəfərlinin, NİDA vətəndaş hərəkatının üzvü Elgiz Qəhrəmanın, gənc fəallar Elşən Qasımov və Toğrul İsmayılovun tutulduğu, siyasi fəal Bəxtiyar Hacıyevin təqib edildiyi qeyd olunur.
«Həbslərin məqsədi müxalif səsləri susdurmaqdır. Koalisiya üzvü olan təşkilatlar ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını və siyasi məhbusların azad olunmasını tələb edir», - deyə bəyanatda bildirilir.
Koalisiya hesab edir ki, fəallara ittihamlar siyasi məzmunludur.
«Repressiyalar referendum qərarından və Türkiyədəki çevriliş cəhdindən sonra başlayıb. Avqustun 15-də Baş Prokurorluq Gülen hərəkatının tərəfdarlarına qarşı cinayət işi açdı. Hakimiyyətə yaxın mətbuatda yazılan məqalədə NİDA-çı Elgiz Qəhrəman, AXCP, bu yaxınlarda qapadılan «Barış TV»də yayımlanan və Azərbaycan hakimiyyətini kəskin tənqid edən «Azərbaycan saatı» verilişi Gülen hərəkatı ilə əlaqədə günahlandırılırdı. AzadlıqRadiosu «Türksat»dan çıxarıldı. ANS telekanalı Fethullah Gülen-dən müsahibə aldığına görə qapadıldı. Bütün bunlar Azərbaycan insan hüquqları ilə bağlı dəhşətli vəziyyət fonunda baş verib», - deyə bəyanatda bildirilir.
Koalisiya Azərbaycan hakimiyyətini insan hüquqlarının pozuntusu hallarını dərhal dayandırmağa, durumun yaxşılaşdırılması yönündə addımlar atmağa çağırır.
Bəyanatı «Article19», «Canadian Journalists for Free Expression», «Civil Rights Defenders», «Freedom House», «Freedom Now», «Helsinki Foundation for Human Rights», «Human Rights House Foundation», «Index on Censorship», «Netherlands Helsinki Committee», «Norwegian Helsinki Committee», PEN, «People in Need» kimi tanınmış hüquq müdafiə təşkilatları imzalayıb.