Beyrutda şiə Hizbullah və Amal hərəkatlarının oktyabrın 14-də təşkil etdikləri mitinqdə başlanmış ağır atışma nəticəsində 5 nəfər həlak olub və daha 30 nəfər yaralanıb.
Mitinqçilər ötən il baş vermiş dağıdıcı liman partlayışı üzrə işin baş müstəntiqinin vəzifəsindən kənarlaşdırılmasını tələb edirdilər.
Livanın daxili işlər naziri Bassam Mavlavi mətbuat konfransında, atışma nəticəsində ölənlərin sayını dəqiqləşdirib və tələfatın 6 yox, beş olduğunu deyib.
Zorakılıq başlananda etirazçılar Ədliyyə Sarayına yaxınlaşırdılar.
Livan ordusu bildirir ki, nümayişçilər Beyrutda Ədliyyə Sarayının yerləşdiyi Ədliyyə məhəlləsinə yaxınlaşanda şiddətli atəş altına düşüblər.
Bunun ardınca verilən bəyanatda hərbiyyə xəbərdarlıq edib ki, ordu odlu silahdan istifadə edənlərə atəş açacaq.
Etirazçılardan ərazini boşaltmaq tələb olunub.
Baş nazir Nacib Mikati sakitliyə çağırıb və Livanı zorakılığa sürükləyənlərə xəbərdarlıq edib.
Xəbər verilir ki, zorakılıq baş verəndə ABŞ dövlət katibinin xarici işlər üzrə müavini Viktoriya Nuland Beyrutda Livan rəsmiləri ilə görüşürdü.
Atışmaya kimin başladığı hələki məlum deyil.
Hizbullahı narahat edən nədir?
Toqquşmalardan az əvvəl Livan məhkəməsi iki keçmiş nazirin 2020-ci il 4 avqust liman partlayışını araşdıran müstəntiq Tarek Bitarın işdən kənarlaşdırılmasına dair vəsatətini rədd etmişdi.
O vaxt Beyrut portunda baş vermiş güclü partlayış nəticəsində 200-dən çox sakin həlak olmuş, şəhərin bütöv məhəllələri dağılmışdı.
Siyasi gərginlik İran tərəfindən dəstəklənən Hizbullah silahlı qruplaşmasının Bitarın istefasını tələb etməsi ilə yaranıb.
Müstəntiq Bitar portda böyük həcmdə ammonium nitrat maddəsinin partlamasına görə açılmış cinayət işi üzrə Hizbullahın müttəfiqləri də daxil bir sıra vəzifəliləri və təhlükəsizlik rəsmilərini dindirmək istəyir.
Partlayış nəticəsində ölkəyə 15 milyard dollarlıq ziyan dəyib və 300 min adam evsiz qalıb.
Nuland oktaybrın 14-də Livan rəsmiləri ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib ki, Birləşmiş Ştatlar Livan ordusuna yardım kimi əlavə olaraq 67 milyon dollar ayıracaq.
O deyib ki, Vaşinqton Livanı dərin böhrandan çıxarmaq üçün Dünya Bankı və başqa humanitar təşkilatlarla yanaşı səy göstərəcək.