Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:44

Beyrutda partlayan yükü daşıyan gəminin kapitanı: ‘Hər ay Putinə yazırdım’


Boris Prokoshev
Boris Prokoshev

Avqustun 4-də Livanın paytaxtı Beyrutun dəniz anbarındakı 2750 ton ammonium nitrat maddəsinin partlayışı nəticəsində 100-dən çox ölən, 4 mindən çox xəsarət alan var. Bu yükü 2014-cü ildə Rosus gəmisində müsadirə edərək anbara yığmışdılar. Moldova bayrağı altında üzən həmin gəmi isə Xabarovsk sakini Igor Grechushkin-ə məxsus idi. O elə həmin 2014-cü ildə gəmini də, onun ekipajını da taleyin ixtiyarına buraxaraq atmışdı.

İndi həmin gəminin kapitanı Boris Prokoshev AzadlıqRadiosuna müsahibə verib.

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

O deyib ki, bu çox da rahat olmayan köhnə gəmiyə 2013-cü ildə çarəsizlikdən işə düzəlmişdi. Başqa yerdə iş yox idi. Keçmiş kapitan bildirir ki, o gəmini Türkiyənin Tuzla portunda təhvil alanda əvvəlkiekipajın dörd aylıq maaşının verilmədiyindən xəbərsiz idi:

“Ammonium nitrat daşımalıydıq, selitra. Yəni gübrə. Türkiyədən Yunanıstana, Pireyə üzdük. Reyddə dayandıq, yanacaq doldurduq. Yol üçün nə lazım idisə sifariş etdik, ərzaq-filan. Grechushkin sənədləri imzaladı. Amma məsələ ərzaqın pulunu verməyə çatanda, hamısını geri qaytardı. Dedi ki, pulu yoxdur. Biz Beyrutda olanda bizə dedi ki, boş qayıtmamaq üçün yük götürək. Amma elə yük tapmışdı ki, onu gəmiyə yükləmək mümkün deyildi. Ağır asfaltçəkən texnika idi. Yükü götürmədik. Grechushkin demişdi ki, Kiprə, Larnakaya gələk. Əslində ekipajı Kiprə qədər dilə tutmaq olardı. Amma bizi Beyrutdan buraxmadılar. Komandanın bir hissəsi Livanı tərk edə bildi. Lakin məni, böyük mexaniki, üçüncü mexaniki və bosmanı buraxmadılar. Biz orda düz 11 ay qaldıq. Bu müddətdə bizə bir qəpik də ödənmədi. Bizi port dolandırırdı”.

“Bəs Rusiya hökumətindən kömək istəmədinizmi” sualına kapitan belə cavab verir:

“Mən hər ay Putinə yazırdım. Yazırdım ki, bizim vəziyyətimiz məhbuslardan da pisdir. Məhbus türmədən nə vaxt çıxacağını bilir. Amma biz nə vaxtsa ümumiyyətlə buraxılıb-buraxılmayacağımızı bilmirdik. Cavablar başdan etmək üçün idi: “Məktubunuz XİN-ə göndərilib” - filan. Konsulsa mənə deyirdi ki, “Nə istəyirsən? İstəyirsən ki, Putin bura xüsusi təyinatlılar göndərib sizi döyüşlə azad etsin?” Onlar heç olmasa, vəkil tuta bilərdilər. Amma bunu eləmədilər. Nəticədə biz yanacağı satıb vəkil tutduq. O məhkəməyə müraciət etdi. Axı bizi Livanda saxlamaq üçün ixtiyarları yox idi. Nəhayət oradan çıxmağımıza icazə verdilər”.

Mozambik üçün gübrə

Keçmiş kapitan deyir ki, Grechushkin onların maaşlarını verməyib. Şəxsən ona 60 min dollar ödəməli idi:

“Halbuki bildiyimə görə Batumidə yüklənmiş ammonium nitrat üçün ona 1 milyon dollar ödəmişdilər. Necə oldu ki, bir aydan sonra pullar qurtardı? Yeri gəlmişkən, gəminin özünü metal qırıntısına verib 350 min dollar almaq olardı. Amma o qərara gəldi ki, milyon dolları cibinə qoysun və gəmini atsın”.

– Bəs bu milyon dolları ona kim vermişdi?

– Mozambikdən olan sifarişçilər idi. Ən maraqlısı odur ki, məm qətiyyən narahat deyildim. Düşünürdüm ki, sifarişçi yükü tələb edəcək. Bəs necə? Təkcə daşınma üçün bir milyon dollar vermişdilər. Amma sifarişçilərdən heç səs də çıxmadı!

Heyət kömək istəyir
Heyət kömək istəyir

– Bəs yük necə oldu?

– Biz gedəndən sonra öyrəndik ki, yükü Nəqliyyat Nazirliyinin məsuliyyəti altında anbara yığıblar. Gəmi isə 2-3 il ərzində orda batıb qaldı. Köhnə gəmi idi də. Balaca bir deşiyi var idi, içinə dolan suyu matroslar bayıra vururdular. Amma heyət olmayandan sonra bunu kim edəcəkdi?”

Livanlıların öz təqsiridir

Keçmiş kapitan deyir ki, ona çatacaq pulu ala bilməyib. Grechushkin-i Xabarovskda məkəməyə vermək istəyib. Məhkəmə qəbul etməyib ki, o artıq Kiprdə yaşayır və orada məhkəməyə verilməlidir.

Prokoshev deyir ki, belə işlər başına çox gəlib:

“Baxın, Soçidə bina tikən şirkətə mənzil üçün 1 milyon 250 min ödəmişdim. İndi nə pul var, nə də mənzil...”

Beyrutda baş verən faciə haqqında isə keçmiş kapitan belə deyib:

“Öz təqsirləridir. Gəmini həbs etmək yox, ondan mümkün qədər tez izal olmaq lazım idi. Bizə deməliydilər ki, “çıxın gedin, heç nəyiniz lazım deyil”. Amma onlar portda dayanma haqqını tələb etdilər. Bu da axırı...İkincisi, axı bu ammonium nitrat gübrədir, onu tarlaya çıxarıb səpmək olardı. Əgər yükə sahib çıxan yoxdursa, deməli o heç kimindir...”

XS
SM
MD
LG