Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:30

Bill Gates-in dəstəklədiyi startap nəyə nail olub


Günəş panelləri
Günəş panelləri

Bill Gates-in sponsorluq etdiyi yeni startap günəş enerjisindən daha effektiv istifadə etməyə nail olduğunu bildirib. Şirkət güzgülü panellər sahəsindən sement, polad və şüşə istehsalını təmin edəcək qədər enerji əldə etdiyini vurğulayıb. Qeyd edək ki, sadalanan sahələr, bir qayda olaraq, qazıntı mənşəli enerji mənbələrindən asılı olur.

Bəs, startap bu əlavə istilik enerjisini və səmərəliliyi necə əldə edib? Cavab – süni zəkadır. Xüsusi kompüter proqramları güzgü panellərini günəş işığını ən intensiv toplaya biləcək şəkildə çevirməyə qadirdir.

«1500º C-dək temperatur əldə edə biləcəyinə əmindir»

«Heliogen» adlı şirkət iddia edir ki, topladığı işıq şüaları 1000º C-dək qıza bilən günəş sobası yaratmağa qadirdir. «Science Alert» saytı yazır ki, bu, daha öncə kommersiya müstəvisində görülməmiş bir işdir: «Bu o deməkdir ki, günəş enerjisi təkcə elektriklə təchizatda yox, sənaye sahələrində də qazıntı mənşəli yanacaqları əvəzləyə bilər».

«Heliogen»in təsisçisi və rəhbəri Bill Gross deyir ki, dünyanın istixana qazları emissiyalarının azaldılmasına baxış pəncərəsi məhduddur:


«Biz təmiz enerjini elektrik sistemimizdə paylaşdırmaq üçün böyük addımlar atmışıq. Ancaq elektrik qlobal enerji tələbatının dörddə birindən də azını təşkil edir. «Heliogen» enerji tələbatının yerdə qalan 75 faizi ilə bağlı texnoloji sıçrayışı təmsil edir. Əlimizdə az xərc və istiliyi ultrayüksək temperatura çevirməklə iqlim böhranının həllinə dəyərli töhfə vermək imkanı var».

Sayt yazır ki, konsentrasiya olunmuş günəş enerjisi stansiyalarında enerji istehsalı ideyası yeni olmasa da, «Heliogen» bu proses nəticəsində əldə edilən temperaturları iki dəfə artırmağa nail ola bilib. Bu isə yeni imkanlara qapı açılması deməkdir.

Bu prosesdə süni zəkadan istifadəyə gəlincə, söhbət, əsasən, kompüter görməsindən gedir. Hər bir güzgünün mövqeyini optimallaşdırmaq üçün yüksək həllə malik kameralardan istifadə olunur. Bu kameralarsa öz növbəsində mürəkkəb alqoritmlər tərəfindən dəstəklənir. Alqoritm güzgünün dayanma bucağının optimallığını təmin edir.

««Heliogen» sistemlərindən istifadə edərək 1500º C-dək temperatur əldə edə biləcəyinə əmindir. Bu isə hidrogen və sinqaz kimi karbon iki oksidin və suyun parçalanması yolu ilə 100 faiz qazıntısız yanacaq əldə etməyə imkan verəcək», – məqalədə deyilir.

Böyük investisiya tələb olunur

Uzun zamandır ki, hidrogen yanacağından təmiz, ekoloji yanacaq növü kimi danışılır. Bu yanacaq növündən nəqliyyat ehtiyacları üçün istifadə olunur. Sinqazdansa (sintetik qaz) iş və yaşayış yerlərinin qızdırılması üçün istifadə etmək, yaxud da onu bioyanacağa çevirmək olur. Ancaq, hələlik, bunların hər ikisini praktik, uyğun qiymətə və uyğun miqdarda istehsal etmək bir qədər çətindir.

Qazıntı mənşəli yanacaq növlərinin dünyada CO2 emissiyalarının 10%-ə qədərini təşkil etdiyini nəzərə alsaq, «Heliogen»in işləyib hazırladığı sistem atmosferə buraxdığımız karbon dioksidinin miqdarında böyük fərq yarada bilər.

Ancaq bunun üçün hələ xeyli investisiya tələb olunacaq. Bura hasil olunan enerjinin sonrakı, günəşsiz günlərdə istifadə üçün saxlanması da daxildir.

Yazıda deyilir ki, qazıntı mənşəli yanacaqlardan tezliklə imtina edə bilməsək də, süni zəka bizi bu məqsədə daha bir addım yaxınlaşdırmış ola bilər.

«Əgər ümumilikdə karbon emissiyalarını sıfıra endirmək istəyiriksə, hələ çox ixtiralar etməliyik», – «Heliogen» layihəsini lap əvvəldən dəstəkləyən «Microsoft» rəhbəri Bill Gates deyib.

XS
SM
MD
LG