Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 13:37

'Binaların yola baxan tərəfini təmir edirlər, arxa tərəfi qalır'


Lənkəran Gənclər Mərkəzi
Lənkəran Gənclər Mərkəzi

Prezident İlham Əliyev son iki ayda iki dəfə cənub rayonlarında olub, 20-yə yaxın müxtəlif obyektin açılışında iştirak edib. Cəlilabad şəhər sakini, iqtisadçı Əlipənah Rzalı hesab edir ki, rayonların problemlərini həll etməkdən ötrü görülən işlər yetərli deyil:

“Sanki onları prezident açılış etsin deyə inşa edirlər”

“Açılan obyektlər sırasında istehsal sahələri azdır. “Masallı-Nemətləri” MMC-nin çəltik emalı müəssisəsi, sənaye məhəlləsi, “Azərxalça” ASC-nin Lənkəran fillialı, Lerik elektirik stansiyası.Vəssalam. Vaxtı ilə Lənkəranda Tikiş Fabriki olub, orada 120 nəfər işləyirdi. İndi fəaliyyət göstərmir. Lənkəran rayonunda Olimpiya İdman Kompleksi tikmişdilər. Səhv eləmirəmsə oraya 5 milyon pul xərcləmişdilər. Sonra onu sökdülər, təzəsini inşa etdilər. Sanki onları prezident açılış etsin deyə inşa edirlər. Bu tikintilərin heç biri səmərəli istifadə olunmur.Lənkəranda fəvvarələr tikmişdilər, bir milyona yaxın xərc çəkmişdilər. Biri də qalmayıb.”

Onun fikrincə, obyektlər insanların tələbinə uyğun tikilməlidir:

Masalli rayonunda Heydər Əliyev Mərkəzi
Masalli rayonunda Heydər Əliyev Mərkəzi

“Yenə muzeylər tikirlər. Halbuki, bunun üçün rayonlarda kifayyət qədər binalar var. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyin Lənkəran filialı olmalıdır. Ancaq bu obyektlərin açılışını tərəqqi kimi təbliğ etməyin nə mənası var? Rayonlarda yollar salırlar 3-4 ildən sonra dağılır.”

“Pulları göyə sovururlar”

İqtisadçı hesab edir ki, obyektlərin tikintisində israfçılıq yenə özünü göstərir:

“Astarada içməli suyu dağdan, 25-28 kilometr uzaqda olan bulaqdan çəkməli idilər. Çəkdilər, yarıda qoydular. Oraya nə qədər vəsait xərcləndi. Sonra Xanbulandan çəkdilər. Astarada olan Heydər Əliyev mərkəzini tikdilər, sonar onu söküb yenisini inşa etdilər. Pulları göyə sovururlar. Hasarlar tikdilər. Bunların inkişafla heç bir əlaqəsi yoxdur. Kəndlinin məhsulu çox olanda, yenə də sahələrdə qalır, xəstəlik kənd təsərrüfatı məsullarının inkişafının qarşısını alır. Ət məhsulları ilə, quru çayla, düyü ilə və digər kənd təsərrüfatı məhsulları ilə özümüzü hələ tam təmin edə bilmirik. Büdcəmiz neft gəlirlərindən aslıdır. Əgər, insanların yaşayışı yaxşılaşırsa Azərbaycan vətəndaşı gündəlik ərzaq üçün nəyə görə İrana gedir? Nə üçün xaricdə iş axtarırlar?”

“Açlış edilən elə obyektlər var ki, bir müddətdən sonra bağlanır”

İqtisadçı, Müsavat Partiyası Masallı təşkilatının sədri Xasay Fərzulla deyir ki, mağazalarda satılan istehlak malların 60-70 faizi xaricdən gəlir:

Xasay Fərzulla
Xasay Fərzulla

“Elektrik avadanlıqları ümumiyyətlə xarici məhsullardır. Azərbaycan aqrar ölkəsidir. Deməli o sahəyə diqqət vermək vacibdir. Mövsüm vaxtı bölgədə 1-2 tomat sexi işləyir. Açlış edilən elə obyektlər var ki, bir müddətdən sonra bağlanır. Milyonlar xərcləyib kənd təsərrüfatı məhsulları üçün anbarlar tikdilər. Amma bu anbarlarda məhsul saxlamaq baha başa gəlir. Masallıda sənaye məhəlləsi saldılar, orada yeni istehsal sahəsi yoxdur. Bu məhəllənin əsasını mebel istehsalı təşkil edir. Masallıda 50-yə yaxın mebel sexi var .”

“Əsas odur ki, gəlib lenti kəssinlər, əl çalsınlar...”

O qeyd edir ki, açılan obyektlərin sonrakı taleyi hakimiyyət orqanlarını bir elə də narahat etmir:

“Əsas odur ki, gəlib açsınlar, lenti kəssinlər, əl çalsınlar, dağılışsınlar.İş bitdi. Astarada modul tipli elektrik stansiyası var. Deyirlər ki, bu stansiya Cənub bölgəsini elektrik enerjisi ilə təmin edə bilər. Sentyabrın 15-də Lerikdə yeni elektrik stansiyasının açılışı oldu. Deyirlər ki, stansiya ildə 75 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək gücünə malikdir. Müqayisə edirlər ki, bu Lerik və Yardımlı rayonlarının elektrik enerjisinə olan tələbatından 40 faiz çoxdur. Bu stansiya təbii qazla işləyəcək. Astarada və Lənkəranda mini su elektrik stansiyaların inşası da başa çatmaq üzrədir. Mingəçevirdə qəza baş verdi, biz də 3 gün işıqsız qaldıq. Bəs hanı bu stansiyaların fəaliyyəti? Nə üçün işıq vermədilər?”

“Şəffaflıq yoxdur”

Xasay Fərzulla obyektlərin inşasında şəffaflığın da olmadığını dilə gətirir:

“Pul ayırırlar. Mətbuatda bu barədə məlumatlar gedir. Ancaq obyektlərin açılışında maliyyədən ümumiyyətlə danışmırlar. Nə qədər xərc çəkilib, bunun səmərəsi olacaq, olmayacaq bu barədə danışmırlar. Məlumat da əldə etmək olmur. Bu da şüphə doğurur.Bu pulların necə xərcləndiyi, məlumatlarının gizli saxlanmsı korrupsiyadan xəbər vermirmi? Ölkədə daha çox korrupsiya və rüşvətxorluqla mübarizə aparmaq lazımdır. İş adamlarına şərait yaradılmalıdır ki, onlar da obyektlər inşa etsinlər. Fikr verin, açılışı edilən obyektlərin demək olar ki, hamsı dövlət vəsaiti hesabına başa gəlib. Halbuki, azad bazar iqtisadiyyatında daha çox sahibkarlar iş görməlidirlər. Onların payı çox olmalıdır. Bu da monopoliyanın göstəricisidir. Sosial obyektlər tikirlər, ancaq rayon mərkəzlərində normal ayaqyolu yoxdur. Binaların yola baxan tərəfini təmir edirlər, arxa tərəfi isə qalır.”

Rəsmilər ümidlidir...

Lerik rayonu, dekabr 2011
Lerik rayonu, dekabr 2011

Yerli rəsmilər isə tənqidi fikirləri qəbul etmirlər. Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlkov deyir ki, elektrik stansiyası enerji istehsalına başlayıb:

“İstehsal edilən enerji “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinə verilir. Onlar da enerjini hara lazımdır oraya verirlər. Lerikə iki elektrik xətti gəlir. Onlar təmir olunub, yaxşı haldadır. 12 yaşayış məntəqəsi yeni kabel xəttinə keçib. 2-3 il ərzində dəmirdən olan 5 min elektrik dirəyi köhnələri ilə əvəz olunub. Lənkəranda qəza baş versə özümüzü elektrik enerjisi ilə təmin edə bilərik. Elektrik stansiyası Yardımlı rayonunu da enerji ilə təmin etmək gücünə malikdir. ”

Masallı rayonun rəsmiləri də deyirlər ki, ərazidə salınan Sənaye Məhəlləsi bölgənin iqtisadi inkişafına güclü təsir göstərəcək.

Cənub bölgəsinin rəsmiləri üstəlik, həyata keçirilən layihələrdə şəffaflığın olmaması və ayrılan vəsaitlərin səmərəli istifadə edilməməsi ilə də bağlı fikirlərlə razılaşmırlar.

XS
SM
MD
LG