Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:11

Bir daha virusun laboratoriyadan sızması haqda – Qərb mediası


SARS-CoV-2 virusu
SARS-CoV-2 virusu

DST rəhbəri Tedros Adhanom Gebreyesus iyunun 7-də dünyanın yoxsul hissəsindən ötrü daha çox pul və vaksin dozası istəyib

ABŞ hökumətinin milli laboratoriyası COVID-19-un mənşəyi haqda hesabatında belə bir qənaətə gəlib ki, virusun Çinin Vuhan şəhərində laboratoriyadan sızması ehtimalı mümkün versiyadır və daha çox araşdırıla bilər. Bu haqda “Wall Street Journal” bazar ertəsi – iyunun 7-də məxfi sənədlə tanış adamlara istinadla yazıb.

İki versiya

Araşdırmanı 2020-ci ilin mayında Kaliforniyadakı Lorens Livermor Milli Laboratoriyası hazırlayıb. Dövlət Departamenti Tramp administrasiyasının son aylarında pandemiyanın mənşəyinə dair araşdırmasında ona istinad edib.

Qəzetin yazmasına görə, Lorens Livermor virusun genom analizini aparıb. Laboratoriyadan əlavə şərh almaq mümkün olmayıb.

Prezident Co Bayden ötən ay deyirdi ki, virusun mənşəyi ilə bağlı suallara cavab tapmaqdan ötrü köməkçilərinə göstəriş verib.

ABŞ-ın kəşfiyyat agentlikləri iki mümkün ssenarini nəzərdən keçirirlər – virusun laboratoriyadan sızması, yaxud insanın yoluxmuş heyvanla təmasından keçməsi. Amma Baydenin sözlərinə görə, onlar bir nəticəyə gələ bilməyiblər.

Çinə çağırışlar

Kəşfiyyat hesabatı hələ də məxfi sayılır, keçmiş prezident Donald Tramp administrasiyası dövründə ondan informasiya sızıb. Hesabatda iddia olunur ki, Çinin Vuhan Virusologiya İnstitutunun üç tədqiqatçısı 2019-cu ilin noyabrında elə xəstələniblər ki, xəstəxanada qalmalı olublar. Bunu ABŞ-ın hökumət mənbələri deyir.

ABŞ rəsmiləri Çini virusun mənşəyi haqda şəffaf olmamaqda suçlayıb, Pekin isə ittihamı rədd edib.

Dünya Səhiyyə Təşkilatının (DST) aparıcı rəsmisi Mayk Ryan isə bazar ertəsi deyib ki, qurum Çini COVID-19-un mənşəyinə dair daha çox informasiya yaymağa məcbur edə bilməz.

Bu ayın əvvəlində isə ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı eksperti Entoni Fauçi Çini doqquz nəfərin xəstəlik tarixçələrini yaymağa çağırıb. Açıqlamaya görə, onların xəstəliyi COVID-19-un laboratoriya sızmasının nəticəsi olub-olmamasına vacib ipucu verə bilər.

DST-nin başçısı isə zəngin ölkələrin liderlərini BMT-nin dəstəklədiyi COVID-19 vaksinasiya proqramını dəstəkləməyə, inkişaf etməkdə olan dünyada vaksin dozalarına çıxışı gücləndirməyə çağırıb.

İki cığırlı pandemiya

Bu həftə Böyük Yeddilik (G7) liderləri İngiltərədə bir araya gələcək. Onların pandemiyaya koordinasiyalı reaksiyanı, daha az inkişaf etmiş ölkələr üçün vaksinlərə çıxışı müzakirə edəcəyi gözlənir.

DST rəhbəri Tedros Adhanom Gebreyesus iyunun 7-də dünyanın yoxsul hissəsindən ötrü daha çox pul və vaksin dozası istəyib.

“Getdikcə, iki cığırlı pandemiya görürük. COVID-19-a qarşı vaksinlər buraxılandan altı ay keçir, yüksək gəlirli ölkələrdə dünyadakı dozaların 44 faizə yaxını vurulub. Azgəlirli ölkələrdə isə cəmi 0.4 faiz doza vurulub. Bu statistikayla bağlı ən məyusedici şey odur ki, bu durum aylardır dəyişmir”, – o, Cenevrədə mətbuat konfransında deyib.

Səhiyyə ekspertləri virusun əsasən dörd ştammından narahatlıq bildirirlər.

DST rəsmisi Maria Van Kerxove deyib ki, Hindistanda böyük fəsadlar törətmiş delta variantı indi 60-dan çox ölkədə yayılmaqdadır və ilk dəfə Britaniyada aşkarlanmış alfa variantından daha yoluxucudur.

O, narahatlıq yaradan tendensiyalar kimi yoluxuculuğun artmasını, ictimai səhiyyə və sosial qadağaların yüngülləşdirilməsini, dünyada vaksinlərə qeyri-bərabər çıxışı sadalayıb.

XS
SM
MD
LG