Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:51

‘Ulduzun doğuluşu’ filminin uzun tarixçəsi


‘Ulduzun doğuluşu’ filminin 1954-cü il versiyasında çəkilmiş Judy Garland
‘Ulduzun doğuluşu’ filminin 1954-cü il versiyasında çəkilmiş Judy Garland

“Ulduzun doğuluşu” (“A Star Is Born”) filminin hər bir versiyasında istedadlı aktyor və müğənnilər çəkilib.

Bradley Cooper və Lady Gaganın çəkildiyi, Warner Brothers studiyasının istehsalı olan, hazırda kinoteatrlarda göstərilən yeni versiya da bu baxımdan istisna deyil.

Variety yazır ki, öncəki versiyalarda da çox tanınmış istedadlar rol alıb. Ancaq filmdə çəkilməli olan və son anda hər hansı səbəbdən çəkilməyən aktyorlar arasında da çox maraqlı adlar var. Onlardan Cary Grant, Cher, Elvis Presley, Whitney Houston, Denzel Washington, Tom Cruise, Beyoncé Knowles-un, kamera arxasında isə Mike Nichols, Quincy Jones və Clint Eastwood-un adlarını çəkmək olar.

Yeni film rəsmən dördüncü versiyadır. 1932-ci ildə, RKO Pictures şirkəti kino ulduzuna çevrilən ofisiant haqda “Hollivudun qiyməti” (“What Price Hollywood?”) adlı film çəkir. “Variety” jurnalı 1932-ci il iyulun 19-da film haqda rəy dərc edir.

Rəydə deyilirdi: “Bu, Hollivudun fanat jurnalı tərzində interpretasiyasıdır”. Beş il sonra Selznick Intl. Pictures-in çəkdiyi “Ulduzun doğuluşu” filmi ilk versiya ilə o qədər oxşar idi ki, RKO şirkəti məhkəməyə vermək haqda düşünürdü.

Hər versiyada bir innovasiya

Filmin hər versiyası yeni bir innovasiya gətirdi: 1937-ci ildə “technicolor” texnikasını, 1954-cü ildə çəkilən, Judy Garland-in oynadığı filmdə musiqi nömrələrini, 1976-cı ildə Barbara Streisand-in oynadığı versiyada isə hadisələrin musiqi industriyasında cərəyan etdiyini görürük.

1976-cı il dekabrın 30-da “Variety” jurnalı bu film də daxil olmaqla ən populyar bayram filmlərinin hər birinin sekvel, yaxud rimeyk olduğunu yazırdı.

1932-ci ildə çəkilən filmin rejissoru George Cukor prodüser David O. Selznick-in kinoçəkmə mövzusuna çox ciddi yanaşdığını deyirdi. Hərçənd o zamanlar Hollivud əsasən lağlağıya meylli, qeyri-ciddi adamların hədəfi hesab olunurdu.

Filmdə Constance Bennett və Lowell Sherman çəkilmişdilər. 1935-ci ildə Selznick öz şirkətini qurmaq üçün RKO şirkətini tərk edəndə özü ilə yeni gələnin yüksəlişi və veteranın çöküşü ideyasını gətirmişdi.

1937-ci ildə yeni versiyanı William Wellman çəkmişdi. Baş rolun ifaçıları isə Fredric March və Janet Gaynor idi. Filmin uğuru qismən yeni “technicolor” prosesinin tətbiqi ilə bağlı idi. Bundan başqa, filmin Grauman-ın Çin Teatrı, Santa Anita cıdırı və “Ambassador” hotelinin hovuzu kimi məkanlarda çəkilməsi tamaşaçıların marağına səbəb olmuşdu.

1952-ci ildə Judy Garland və həyat yoldaşı Sid Luft yaradıcı insanları dəvət etməyə başladılar. Onların arasında ssenarist Moss Hart və bəstəkarlar Harold Arlen və Ira Gershwin də vardı. Daha sonra filmin rejissoru da məlum oldu. Bu, yenə də George Cukor idi. Baş kişi rolu üçün bir neçə aktyor nəzərdən keçirilsə də, sonra bu rol James Mason-a həvalə edilir.

Garland və Luft bu filmi çəkərkən 3D effektini də nəzərdən keçiriblərmiş. Film WarnerSuperScope studiyasında çəkilib.

Film rok yox, pop musiqisi haqdadır

Yazıçı John Gregory Dunne 1976-cı ildə yazdığı bir essedə Barbara Streisand versiyasının ortaya çıxmasının tarixçəsindən söz açıb.

O yazır ki, 1973-cü ildə onun ağlına ilk dəfə rok dünyası ətrafında cərəyan edən müzikl rimeykini yaratmaq gəlib.

O, özünün və həyat yoldaşı, eyni zamanda ssenari müəlliflərindən biri olan Joan Didion-un əvvəlki versiyaları görmədiyini etiraf edib. Onlar baş rolları oynamaq üçün o zaman bir-biri ilə evli olan Carly Simon və James Taylor-u, daha sonra isə müğənni Cher-i dəvət etmək haqda düşünürmüşlər. Rejissorlara gəlincə, ilk seçim Warren Beatty, ikinci seçimsə Mike Nichols olub.

Cütlük ssenarinin üzərində bir il işləyəndən sonra bu layihədən o qədər yorulub ki, artıq bu işin başını buraxmaq haqda düşünürmüş. Ancaq sonra layihəyə Barbara Streisand qoşulub.

Streisand Elvis Presley və Marlon Brandonun dəvət edilməsini istəyib, amma son nəticədə filmdə Kris Kristofferson çəkilib. Üstəlik, film öncədən nəzərdə tutulduğu kimi rok yox, pop musiqisi haqdadır.

1990-cı illərdə Jones Whitney Houston və Denzel Washington-la birlikdə yeni versiyanı çəkmək haqda düşünsə də, bu layihə baş tutmayıb.

2012-ci ildə Clint Eastwood və Robert Lorenz Beyonce Knowles-un baş rolu oynayacağı yeni versiyanı çəkmək fikrinə düşür. Baş kişi rolu üçün öncə Christian Bale, sonra Tom Cruise, sonda isə Bradley Cooper-lə danışıqlar başlayır. İki il sonra Eastwood layihədən imtina edir, Cooper-sə qalır. Nəticədə bu gün ekranlarda gördüyümüz film ərsəyə gəlir.

XS
SM
MD
LG