Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:49

Mehman Hüseynov: 'Təmin olunmasa da, heç vecimə deyil...'


Bloqqer Mehman Hüseynov. 02mart2017
Bloqqer Mehman Hüseynov. 02mart2017

Bloqqer Mehman Hüseynova 2 il həbs cəzası kəsilməsi haqda Suraxanı Rayon Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə məhkəmə baxışı başlanıb.

Martın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə bu işə ilkin baxış iclası keçirilib. İclasda Mehman Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad AğayevŞəhla Hümbətova 10-dan çox vəsatət qaldırıblar.

Buna da bax:​ Bloqqerin 4 saatdan çox davam edən məhkəməsi...

Vəkillər məhkəmədən bunları istəyiblər

Vəkillər bu məhkəmənin yerli və beynəlxalq ictimaiyyətin diqqətində olduğunu bildirərək, prosesin audio-videoyazısına icazə verilməsini, müdafiə etdikləri şəxsin onların yanında oturmasını, həbs-qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəzlənməsini, məhkəmənin qismən istintaq aparılmaqla keçirilməsini istəyiblər. Onlar əlavə şahidlərin, o cümlədən xüsusi ittihamçı - Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin məhkəmədə dindirilməsini, Mehman Hüseynov saxlanan zaman Nəsimi Rayon Polis İdarəsindəki müşahidə kameralarının məhkəməyə təqdim edilməsini, cinayət işinə xitam verilməsini, bu olmazsa, işin birinci instansiya məhkəməsinə qaytarılmasını da gərəkli sayıblar.

Olay Nəsimi rayonunda olub, amma...

Vəkillər bildiriblər ki, Musa Musayevin böhtan saydığı fikirlər Nəsimi Rayon Məhkəməsinin qarşısındakı müsahibədə səslənib. Hadisə Nəsimi rayonu ərazisində baş verdiyindən, polis rəisinin şikayətinə Suraxanı Rayon Məhkəməsi baxa bilməzdi. Bunu ciddi pozuntu adlandıran vəkillər həmin işə baxmış hakim haqqında xüsusi qərar çıxarılması haqda da vəsatət qaldırıblar.

Buna da bax:​ Mehman Hüseynova bəraət istənilir

Polis rəisinin nümayəndəsi Əlirza Əbilov bütün vəsatətlərə etirazını bildirərək, onların təmin olunmamasını xahiş edib.

Mehman Hüseynovun özü vəkillərinin vəsatətlərini belə qiymətləndirib: "Vəkillərim nə deyirlərsə, düz deyirlər".

Həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə də Mehman Hüseynovun mövqeyi özünəməxsus olub: "Təmin olunsa, lap yaxşı. Olunmasa da, heç vecimə deyil".

Vəsatətlərin heç biri təmin edilməyib. Məhkəmə baxışı aprelin 10-a təyin olunub.

Buna da bax: 'Mehmanın hüquqlarını pozanlar cəzalandırılsın'

Xatırlatma

Yanvarın 9-da axşam bloqqer Mehman Hüseynovun yoxa çıxmasıyla bağlı sosial mediada məlumat yayılmış və bir gün sonra - Nəsimi Rayon Məhkəməsində hakim önünə çıxarılarkən, onun 22 saylı polis bölməsində saxlandığı məlum olmuşdu.

Nəsimi Rayon Məhkəməsi bloqqeri polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilərək, onu 200 manat cərimələmişdi. Mehman Hüseynov məhkəmədən sonra ona polisdə işgəncə verildiyini iddia etmişdi.

Bu açıqlamanı polisə böhtan sayan Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə üz tutmuşdu.

Buna da bax:​ Ombudsman Aparatı: 'Mehman Hüseynov razılıq edir'

Həmin şikayət əsasında Suraxanı Rayon Məhkəməsi martın 3-də bloqqerə 2 il həbs cəzası kəsmişdi.

XS
SM
MD
LG