Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:57

Rəisinin ‘kütləvi edamlardakı rolunun’ araşdırılmasına çağırış edilib


İbrahim Rəisi
İbrahim Rəisi

BMT-nin İranda insan haqları üzrə eksperti 1988-ci ildə İranda dövlət tərəfindən minlərlə siyasi məhbusun edam edilməsinin və prezident seçilmiş İbrahim Rəisinin bu edamlardakı iddia olunan rolunun müstəqil qaydada araşdırılmasına çağırıb.

İbrahim Rəisi 1988-ci ildə Tehran prokurorunun müavini idi.

BMT eksperti Cəvaid Rəhman iyunun 29-da Reuters agentliyinə müsahibəsində deyib ki, onun ofisi illər ərzində xeyli sübutlar və ifadələr toplayıb.

Rəhman bildirib ki, o bu sənədləri BMT İnsan Haqları Şurasına və ya bu barədə tərəfsiz istintaq aparacaq hər hansı başqa quruma təqdim etməyə hazırdır.

BMT ekspertinin sözlərinə görə, o bu məsələnin ört-basdır edilməsi məqsədilə bəzi “kütləvi məzarlıqların” izinin itirilməsi barədə xəbərlərdən narahatdır:

"Məncə indi, xüsusilə də cənab Rəisi prezident seçildiyi bir vaxtda 1988-ci ildə nələrin baş verdiyini və bu hadisələrdə ayrı-ayrı fərdlərin rolunu araşdırmağın əsl zamanıdır”.

Rəhman deyib ki, belə bir araşdırma İranın marağında olardı:

“Əks halda bizim bu prezidentdən və onun həmin edamlarda iddia olunan rolundan ciddi narahatlığımız olacaq”.

Rəisi fəxr edir ki…

Sərt xətt-hərəkət tərəfdarı olan hakim Rəisiyə qarşı onun 1988-ci ilin edamlarında iddia edilən roluna görə indiyədək ABŞ sanksiyaları irəli sürülüb.

O 1988-ci ildə edam hökmləri çıxaran dörd hakimdən biri idi.

Amnesty International beynəlxalq insan haqları təşkilatının təxminlərinə görə o vaxt 5 min nəfər edam olunub.

Amnesty 2018-ci ildə dərc etdiyi hesabatda bu rəqəmin daha böyük ola biləcəyini istisna etmədiyini bildirib.

İran insan haqları fəallarının ABŞ Konqresi qarşısında 2019-cu ildə təşkil etdiyi aksiya
İran insan haqları fəallarının ABŞ Konqresi qarşısında 2019-cu ildə təşkil etdiyi aksiya

Rəisinin özü, ona bu iddialar barədə sual verilərkən demişdi:

“Əgər bir hakim, bir prokuror xalqın təhlükəsizliyini müdafiə edibsə, onu alqışlamaq lazımdır…Mən indiyədək tutduğum bütün vəzifələrdə insan haqlarını müdafiə etməyimlə qürur duyuram”.

BMT eksperti Rəhman deyib ki, İslam Respublikasında kütləvi edamlar və kütləvi məzarlıqlar barədə sübutların məhv edilməsi siyasətinin aparalıcağından böyük narahatlıq var və bu barədə İran hökumətinə bildiriş göndərilib.

Rəhman ədalətin bərpa olunması üçün əlindən gələni edəcəyini deyib.

Rəisinin keçmişini soruşmağın təhlükəsi

Son seçkidə prezident seçilmiş İbrahim Rəisi bu vəzifəni indiki prezident Həsən Ruhanidən avqustun 3-də təhvil alacaq.

Rəhman bildirir ki, İranda seçici apatiyası şəraitində belə seçki manipulyasiya edilib və mötədil namizədlər bilərəkdən sıradan çıxardılaraq Rəisinin qələbəsinə yol açılıb.

Rəhman bildirir ki, seçki kampaniyası zamanı prezidentliyə namizəd Rəisinin keçmişi barədə sual verən jurnalistlər saxlanıb və ya həbs edilib, habelə bu məsələni qaldıranların təhdid edilməsi baş verib.

İran, inqilabın lideri ayətüllah Ruhulla Xomeyninin vaxtında baş vermiş kütləvi edamları heç vaxt etiraf etməyib.

Rəhman deyib ki, bu miqyasda edamlar tək bir adamın işi deyildi və əslində aparılan siyasətin bir hissəsi idi.

BMT eksperti bunu da əlavə edib ki, 2019-cu ildə etirazçıların qətliam edilməsi də araşdırılmayıb, halbuki bu, 1979-cu il inqilabından bəri ən qanlı qətliam idi.

XS
SM
MD
LG